Bakıda “Britaniya film baharı”
Xəbər verdiyimiz kimi, “British Council Azərbaycan” və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində III “Britaniya film baharı” (“British Film Spring”) festivalı keçirilir.
Aprelin 28-də Nizami Kino Mərkəzində təşkil olunan mətbuat konfransında festival barədə ətraflı məlumat verildi.
Mərkəzin direktoru Leyli Mirzəyeva “British Council Azərbaycan” təşkilatı ilə bir sıra maraqlı layihələrin həyata keçirildiyini bildirdi, “Britaniya film baharı” festivalında təqdim ediləcək filmlərin janr fərqliliyindən söz açdı.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin köməkçisi Stefan MakKormik və “British Council Azərbaycan”ın direktoru Elizabet Vayt festivalın proqramında yer alan filmlərdən bəhs etdilər. Qeyd olundu ki, festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 ekran əsəri nümayiş olunacaq.
E.Vayt həmçinin bildirdi ki, “British Council Azərbaycan” “Nərimanfilm” kino şirkəti ilə birgə aprelin 24-dən 28-dək Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün seminar təşkil edib. Treninqi britaniyalı mütəxəssis, festival proqramına daxil edilən “Yetkinlik həyatının bacarıqları” filminin ssenari müəllifi Pol Freyzer aparıb.
Prodüser və ssenarist P.Freyzer ölkəmizə ikinci dəfə gəldiyini vurğulayaraq burada ssenaristlərlə işləmək imkanı əldə etməkdən məmnun olduğunu dedi, təlim proqramı barədə məlumat verdi.
* * *
Həmin gün axşam Nizami Kino Mərkəzində “Britaniya film baharı”nın açılışı oldu. Festivalın açılışını rejissor Reyçel Tunnardın “Yetkinlik həyatının bacarıqları” (“Adult Life Skills”) komediyası etdi.
Mərasimdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva və “British Council Azərbaycan”ın rəhbəri Elizabet Vayt çıxış etdilər. Diqqətə çatdırıldı ki, açılış filmi Azərbaycan dilində, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək.
Mayın 4-dək davam edəcək festival proqramına "Mən, Deniel Bleyk" (I, Daniel
Blake), "Yan, Yan, Yan" (Burn, Burn, Burn), "Daşqın"
(The Levelling), "Möhtəşəm
həyat” (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest) filmləri
daxildir.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 3 may.-
S.16.