Zirvə “zil”lər zili,
“pəs”lər pəsi...
Ulu Azərbaycan muğam
zirvələrində Yaqub Məmmədov
Səsi
Bu sənətkar, xüsusi əda-ütülü, xaotik-simfonik adamlar yetişdirməyə çalışan, “oxuma, tar, istəmir səni proletar!” devizli sovet dövründə - “yeni məktəb” oxumuşların “köhnə”, “doqmatik” adlandırdıqları böyük muğam aləminə çox fərqli bir səs-nəfəslə gəlmişdi.
Belə bir nüansın da fərqinə varmaq gərək ki, o dövrdə muğam bu xalqın milli-mədəni xəzinəsi içrə - nüvəsinə müdaxilə edilməsi mümkün olmayan bəlkə də yeganə sənət imiş...
Və belə bir dövrdə -
1930-cu il mayın 5-də Ağcabədidə - Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov kimi ustadlar yurdunda doğulmuş Yaqub Məhəmməd oğlu öz gözəl səs-avazı ilə yerli toy-törənlərdə camaatın həmin özəl hiss-duyğusuna yeni bir sığal-məlhəm kimi yetişməkdə, ustad xanəndələrin oxuları bu “balaca xanəndə”ni “vaxtından əvvəl” böyütməkdə idi. “Seyid Şuşinski Ağdam musiqi məktəbində muğam dərsi deyən zamanlar həmişə yanına gedərdim. Səsimə qulaq asıb məsləhətlər verərdi. Onun “sənətkar cəmiyyətdə də özünü “sənətkarlıqla” aparmalıdır” kimi tövsiyələrinə həmişə əməl etmişəm”.
O, çox sonralar - özünün də adı ustadlar cərgəsində çəkilən vaxtlarda yazacaqdı: “Atamın yaxşı səsi vardı, hərdən qohum-əqrəba, dost-tanış məclislərində bir-iki ağız deyər, mən də ondan eşitdiklərimi özümçün zümzümə edərdim. Bir dəfə bunu atam da eşitdi və möhkəm utandığımı hiss edib, gülə-gülə “sənin əla səsin varmış ki!” - dedi. Bir gün də dəfini mənə bu sözlərlə bağışladı: “Yaxşı səs işin yarısıdır, oğul. Bu böyük sənət sarayına daxil olmaq üçün gərək çox çalışasan. Allah elə bir yol açsın ki, mənim bu sənətdə əldə edə bilmədiklərimi səndə görə bilim...” O gündən muğam sənətinə məhəbbətim daha da artdı. O, dünyasını tez dəyişsə də, məni peşəkar xanəndə kimi görə bilməsə də, hər halda, yəqin ki, indi ruhu şaddır...”
Külli-Qarabağı tir-tir titrədən o Səs -
Paytaxta bir qədər gec çatıb...
1956-cı ildə (Yaqubun 26 yaşının tamamında)
Gənclərin ümumrespublika
festivalına ifaçı
toplanarkən birinci onun adı qeyd
olunur və Yaqub, Bakıya gəlir. Münsiflər heyətindəki böyük sənət görkəmliləri - Həqiqət
Rzayeva, Xan Şuşinski, Əfrasiyab
Bədəlbəyli onun
“Segah”ını çox
bəyənir və Yaqub Məmmədov festivalın laureatı olur. Bir həftə keçməmiş
ustad Əhməd Bakıxanov onu radioya gətirib öz ansamblı ilə bir neçə
ifasını lentə
yazdırır. Daha sonra
onu Dövlət Filarmoniyasına dəvət
edirlər. Filarmoniyanın
direktoru Soltan Hacıbəyovla əfsanəvi
tarzən Qurban Pirimov arasında belə bir fövri
mükalimə olur: “Səsi gözəl, oxumağı əla, özü yaraşıqlı.
Belə səs və qabiliyyət sənətimizə ikinci Cabbar bəxş edə bilər...”
Loğman havalı, təbib sulu Qarabağda
boya-başa çatmış
Yaqub A.Zeynallı adına Musiqi Məktəbində bu sənətin professional təhsil-təliminə
də yiyələnir,
ustadlar ustadı Seyid Şuşinskidən öyrəndiyi dəsgahlar
və xanəndəliyin
digər sirlərilə
yanaşı, “muğamın
əkiz qardaşı”
sayılan poeziya dünyasını mənimsəməyə
də can atır. Yorulmaz çaba-çalışmaları
sayəsində tezliklə
yüksək ifaçılıq
mədəniyyətinə nail olan xanəndə gözəl səsi, bənzərsiz ifa tərzi ilə sənət mütəxəssislərinin
xüsusi diqqətini,
geniş tamaşaçı
auditoriyasının tükənməz
sevgisini qazanır.
Ahıllığında
“Seyid Şuşinskinin
“sənətkar cəmiyyətdə
də özünü
“sənətkarlıqla” aparmalıdır”
kimi tövsiyələrinə
həmişə əməl
etmişəm” deyən
xanəndənin bir cavanlıq xatirəsi: “Bir kənddə toyun şirin vaxtı belibükük yaşlı bir kişi mənə yaxınlaşıb qoltuq cibindən bir manat (təklik) çıxarıb qoydu stolun üstünə və ehtiramla dedi oğlum, bir “Nəvayi-Şur” oxu. Pula baxmadan könülsüz-könülsüz dedim: “Əmi,
pulunu götür, oxuyaram”. Bu dəm toyxanadan xoflu səslər eşitdim: “Pulu götür, ağır seyiddir”. Tez təkliyi götürdüm,
öpüb pencəyimin
üst cibinə qoydum və Seyiddən eşitdiyimə
az-çox güvənsəm
də, tarzənin qulağına əyilib soruşdum ki, “Şur” məlum, bəs bu “Nəva”
nə deyən şeydi? Tarzən dedi mən çalacam,
sən də dalımca gəl. Elə bil ilahidən mənə əlavə güc gəldi, muğamı tamam-dəsgah
oxuyub qavalı yerə qoydum. Həmin nurani qoca isə təzədən
mənə yaxınlaşıb
dedi: “Bala, aşağı əyil görüm. Əyildim, alnımdan öpdü.
Sonra bayaqkı qumaş torbasından bir qızıl onluq çıxarıb qavalımın içinə
atdı: “Bayaq verdiyim o təklik qismətin idi, bu qızıl onluq isə sənin sənətkarlıq
və zəhmət haqqın...”
Bütün muğam dəsgahlarının
dərin bilici və gözəl ifaçılarından sayılan
bu xanəndə həm də bu sənətdə öz ənənələrini
yaratmışdır; öz
dövründəki və
yeni nəsil ifaçılardan bir çoxu onun yaradıcılığından xeyli bəhrələnmişlər.
Bu dünyada -
gözəl,
məlahətli, qəribə
səslər çox,
Yaqub Məmmədovun səsi isə möcüzəvi! Fonotekalarımızın “qızıl fond”una daxil edilmiş qızıl Səslərdən
biri. Sevimli müəllimi S.Şuşinskinin
bənzərsiz “Çahargah”ı
onun da yaradıcılığının
“hüsnü-mübarəklərindən”...
Tək elə Səsi yox, sözü-söhbəti
də şirin, duzlu-məzəli: “Qocalığıma
baxmayın, mənim hələ Cıdır düzündə Koroğlu
nərəsilə “Qarabağ
şikəstəsi” oxumağım
var! Elə oxuyacam ki, Qarabağsız
yaşadığımız bütün ağrı-acılar
yuyulsun...”
Bu sözləri
elə-belə bir səs sahibi yox, Azərbaycan ifaçılıq salnaməsinə
bənzərsiz “Çahargah”,
“Mirzə Hüseyn segahı”, “Rast”, “Zabul” və gümanımca, heç zaman heç bir xanəndənin yaxın düşə bilməyəcəyi “Mənsuriyyə”
kimi silinməz səhifələr əlavə
etmiş ustad deyirdi...
50 il
bənzərsiz ifaçılıq
məharəti göstərə-göstərə,
klassik muğam irs-ənənələrini əsl
dədə-babavarı davam
etdirib onların ruhunu yaşada-yaşada
2002-ci ildə könlündəki
neçə-neçə ruhi
nemətlərilə birgə
dünyasını dəyişdi...
“Heyratı” coşğulu, “Arazbarı”
çağrılı, üç-dörd
löyün “Segah” yanğılı, şaxə-dəsgah
“Rast” ovqatlı bu sənətkarın hər zaman sənət xiridarı olmuş bu xalqa
-
Təkrarolunmaz
“Mənsuriyyə” hədiyyəsi...
Onun “Mənsuriyyə”sini dinlədikcə, adama elə gəlir, bu ritmik parça
sanki haçansa məhz bu sənətkarın
səsinin ahəngi üstə doğulub.
O, özünə
daha çox şöhrət qazandırmış
“Mənsuriyyə”də “Segah”
boğazı vurur və ətrafın “heç “Mənsuriyyə”də
də “segah”lamaq olar?” replikaçılarına
deyir “gedin Ağanın yanına, görün olar, ya olmaz”. Onlardan
bir-ikisi də, eləmə tənbəllik,
gedib soruşur, o isə əsl ağa-bəyi bir təbəssümlə deyir:
“Səsi və qabiliyyəti olanlara olar, olmayanlara olmaz. “Segah” elə muğamdır ki, bütün muğamların qapısı
onun üzünə açıqdır; səsin
varsa, keç ürəyi istəyənin
birinə, sonra qayıt özünə...
”
Bu ifa şedevri barədə çox danışsam, müəllifinin “ətdi-qannı”
xatirəsinə yer qalmaz:
“64-cü ilin gözəl bir may günü idi, kefim də ki, ala buludlarda. Habil Əliyev zəng etdi ki, gəl studiyaya, haqqımda veriliş hazırlayırlar, sən də bir şey oxu. Studiyada dedilər, elə bir şey oxu ki, 4-5 dəqiqədən artıq olmasın. Qərara aldıq ki, “Mənsuriyyə” oxuyum. Vallah, bilmirəm, mənə necə ilahi bir qüvvə gəldi, Habil zalım da elə çaldı ki... Sonra bunu pozmadılar, eləcə qaldı”.
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 5 may.-
S.10.