Doğma yurda
bağlı yazıçı
Yazıçını, şairi xalqa sevdirən, xatirəsini qəlblərdə yaşadan şərtlərdən biri onun doğma torpağa, vətənə ürəkdən bağlılığıdır. Belə qələm sahiblərindən biri şair, yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev olub.
Məmmədhüseyn Molla Rüstəm oğlu Əliyev 28 aprel 1925-ci ildə Lerik rayonunun Gürdəsər kəndində anadan olub. Atası İraqın Nəcəf şəhərində 25 il ali ruhani təhsili almış, dini dəyərlərin qorunmasına böyük səy göstərmişdi. Ölkəmizdə sovet hakimiyyəti qurulanda Güney Azərbaycana mühacirət edir, Ərdəbilin Camahiran kəndində məskunlaşır. Lerikdə yaşayan ailəsi mövcud rejim tərəfindən repressiyaya məruz qalır. Evi, şəxsi kitabxanası ailəsindən alınaraq məktəbə verilir, əlyazmaları və kitabxanası isə məhv edilir.
Məmmədhüseyn Əliyev 1940-cı ildə orta məktəbi bitirib Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji Texnikumuna qəbul olunur. Təhsilini başa vurur və bir müddət müəllim işləyir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun Tarix-fəlsəfə fakültəsində təhsil alır. Tələbəlik dövründən maraqlı məqalələrlə mətbuatda çıxış edir. O, poeziyada da qələmini sınayır. İlk dəfə “Səs verirəm” şeiri 1947-ci ildə Lerikdə “Kolxoz yolu” qəzetində dərc olunur.
Jurnalist olmaq həvəsi onu Bakı Dövlət
Universitetinə gətirir. Jurnalistika ixtisası
üzrə təhsilini
1954-cü ildə başa
vurur. 1955-ci ildən nəsr əsərləri yazmağa
başlayır və özünə “Qail” təxəllüsü götürür.
Pedaqoji fəaliyyətlə bərabər
bədii yaradıcılığını
da davam etdirir. “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətri”, “Döyüşən
illər” adlı roman
və hekayələri
işıq üzü
görür. “Prokuror”,
“Ana fəryadı” və
s. pyesləri N.Vəzirov
adına Lənkəran Dövlət
Dram Teatrında tamaşaya
qoyulur.
Müəllifin “Dağlar oğlu”
romanı “Azərbaycan
gəncləri” qəzetində
hissə-hissə dərc
olunub. Roman oxucular tərəfindən
maraqla qarşılanır.
Xüsusilə, respublikanın cənub
bölgəsində əl-əl
gəzir. Kitabda bölgənin
təbiəti, etnoqrafik
mənzərələri, xalqın
adət və ənənələri bədii
boyalarla əks olunub. Əsərin qəhrəmanı o zaman həyatda yaşayan Lerik rayonunun Pirasora kənd sakini, 150 ilin şahidi Mahmud Eyvazovdur. O, dünyanın
maraq göstərdiyi şəxs, planetin ən yaşlı sakinlərindən biri olub. Roman çap olunandan sonra dünyanın bir çox ölkəsindən
Mahmud Eyvazovla maraqlananlar
yazıçıya məktub
yazıb, uzunömürlülüyün
sirləri ilə tanış olmaq üçün ondan məsləhət istəyiblər. Yazıçı da hər bir məktuba cavab yazıb. Məhz bu marağa cavab olaraq yazıçı
əsərin ikinci hissəsini - “Dağda bahar”ı qələmə
alıb.
M.Əliyev 1988-ci ildə İraqın
“Əl-əhram” qəzetində
dərc edilən “Ey ana Bağdad”
şeirinə görə
Ərəb ölkələri
poeziya festivalının
mükafatını alıb.
1992-ci ildə isə respublikanın Əməkdar
incəsənət xadimi
adına layiq görülüb.
Onu da qeyd edək ki, fədakar yazıçı 1960-cı ildən Lənkəranda Təngivan, Digah kənd orta məktəblərində direktor, Lənkəran Tibb Texnikumunda müəllim, Lənkəran Pedaqoji Texnikumunda direktor müavini işləyib. Lənkəran Radio verilişləri redaksiyasında məsul redaktor olub, ictimai-siyasi məzmunlu materiallar hazırlayıb. 1982-ci ildə Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin məsul katibi seçilib.
Yazıçı, şair, pedaqoq Məmmədhüseyn Əliyev 6 iyul 1994-cü ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 5 may.-
S.11.