Sənətkar ömrünün
səhifələri
Xalq artisti
Ələddin Abbasovun anadan
olmasının 95 illiyi münasibətilə
...O, günlərin birində oxuduğu texnikumda görkəmli aktyor Məmmədrza Şeyxzamanovla rastlaşır. Məmmədrza Şeyxzamanov onu texnikumda rəhbərlik etdiyi dram dərnəyinə dəvət edir. Az sonra Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunur, kütləvi səhnələrdə ilk sənət addımlarını atır.
Aktyorluq arzusunu bilən atası Aslan kişi əvvəlcə etiraz etsə də, sonra “yaxşı aktyor olmağa çalış” öyüdü ilə oğluna xeyir-dua verir. O, atasının arzuladığı kimi “yaxşı aktyor” olmaq üçün həyatı boyu çalışır. Tezliklə Gəncə Dram Teatrının səhnəsində baş rollarda çıxış edir. Fitri istedadı ilə milli teatr və kino tariximizdə şərəfli sənətkar imzasını yazmağa müvəffəq olur. Yaradıcılığındakı ifadə boyaları realist və romantik aktyor məktəbindən şirə çəkir, su içir.
Əhatəli aktyor yaradıcılığında müxtəlif illərdə yaratdığı ekran obrazlarının xüsusi yeri var. “Nizami”də Xaqani Şirvani, “Köhnə bərə”də Öməroğlu, “Qatır Məmməd”də Göyüş, “Qocalar, qocalar...”da Bəhri, ”Özgə vaxt”da Ata və nəhayət, “Dəli Kür”də Cahandar ağa kimi rolları sənətsevərlərə yaxşı tanışdır.
Xalq artisti Ələddin Abbasovun anadan olmasının 95 ili tamam
olur. Unudulmaz sənətkarın həyat yolunu vərəqləyək.
Ələddin Aslan oğlu Abbasov 1922-ci il
mayın 5-də Gəncədə
dünyaya gəlib. İlk dəfə on beş yaşında
Gəncə Dövlət
Dram Teatrının tamaşalarında
kütləvi səhnələrə
çıxır. Onun səhnə
fəaliyyəti yalnız
bu teatrla bağlıdır. Ali aktyorluq təhsili olmasa da, yaradıcılığı
yüksək peşəkarlıqla
səciyyələnir. Teatrın səhnəsində
“Səyavuş”da Səyavuş,
“Fərhad və Şirin”də Fərhad, ”Aydın”da Aydın, “Qaçaq Nəbi”də Nəbi, “Otello”da Otello kimi obrazlar
yaradıb. Sənətdəki xidmətlərinə görə 1958-ci ildə respublikanın Əməkdar
artisti, 1971-ci ildə Xalq artisti fəxri
adlarına layiq görülüb. Sənətkar
2014-cü il iyulun 13-də, 92 yaşında
vəfat edib.
Ələddin Abbasov ekran yaradıcılığında iyirmidən artıq obraza imzasını yazır. Lakin filmlərdə rol
almaq üçün
rejissorlardan heç vaxt xahiş etmir. Çəkiləcəyi filmlər haqqında,
adətən, ona ünvanlanan teleqramlardan xəbər tutur. Kinostudiyadan gələn bu teleqramlar gözləmədiyi
anlarda - məşqlərdən
və tamaşalardan sonra, qastrol səfərlərində ona
çatdırılır.
Belə teleqramlardan birini
Gəncə teatrı
Tiflisdə qastrolda olarkən alır. “Bahar” pyesində
Ələddin Abbasovun
oyununu bəyənən
Rza Təhmasib onu həmin pyesin əsasında lentə aldığı
“Onu bağışlamaq
olarmı?” filminə Tərlan roluna dəvət edir. Lakin Ələddin Abbasovun filmdə çəkiləcəyi
təqdirdə qastrolların
baş tutmayacağını
əsas gətirən
teatrın rəhbərliyi
ona çəkilişlərə
getməyə icazə
vermir.
Ələddin Abbasov 38 yaşında
ekranda görünür.
Kinorejissor Hüseyn Seyidzadənin
“Koroğlu” filmində
epizodik Səfir rolunu oynayır. Kütləvi səhnələri, çoxsaylı aktyor ansamblı ilə diqqətçəkən filmdə
ifa etdiyi epizodik obraz tamaşaçı diqqətindən
kənarda qalmır.
O zaman aktyor 9 ildən sonra Hüseyn Seyidzadə ilə “Dəli Kür” filminin çəkilişlərində yenidən üz-üzə
gələcəyini, heç
şübhəsiz, ağlına
belə gətirmir.
Aktyorun ekran həyatı
heç də hamar olmur. Müxtəlif çətinliklər, sənət intriqaları onun da ekran
həyatından yan keçmir. “Koroğlu”dan
yalnız 7 il
sonra 1967-ci ildə Ələddin Abbasov yenidən çəkiliş
meydançalarında görünür.
Anarın ssenarisi əsasında
kinorejissor Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq, Dəniz, Od, Səma” filmində Əli obrazına çəkilir.
“Mən
ki gözəl deyildim” filminin çəkilişlərində isə o, real ölümlə
üz-üzə dayanır.
Pirotexnikin səhvi ucbatından
kadrda baş verən partlayış zamanı filmin rejissoru Ramiz Əsgərov və daha 3 nəfər həlak olur. Ələddin Abbasov və
quruluşçu operator Rasim
Ocaqov ağır yaralanır. Vertolyotla yaralananları
Bakıya çatdırırlar.
Ələddin Abbasovu və
Rasim Ocaqovu həkimlər böyük
fədakarlıqla yenidən
həyata qaytarırlar.
1968-ci ildə “Dəli Kür” filminin çəkilişlərinə hazırlaşan Hüseyn Seyidzadə Cahandar ağa obrazına bir neçə aktyoru sınaqdan keçirir. Lakin aktyorların
oyunu onu qane etmir. Gəncə teatrı Tiflisdə növbəti qastrol səfərində olarkən
Ələddin Abbasov “Dəli Kür” filminin sınaq çəkilişlərinə dəvət alır.
Sınaq
çəkilişlərində onu müşahidə edən kinostudiyanın direktoru Adil İsgəndərov aktyoru
uğurlu çıxışı
münasibətilə təbrik
edir. Beləliklə, Ələddin Abbasov
Cahandar ağa obrazı ilə parlaq yaradıcılıq
qələbəsi qazanır.
Maraqlıdır ki, filmin ssenari müəllifi İsmayıl Şıxlı
Adil İsgəndərovun
kabinetində Ələddin
Abbasovu görərkən,
ilk öncə, onu bəyənmir. Lakin filmin
sınaq çəkilişlərinə
baxandan sonra fikrini dəyişir.
Cahandar ağa obrazı Ələddin Abbasova böyük ekran şöhrəti gətirir.
Minlərlə tamaşaçı onu Cahandar ağa
kimi tanıyır, sevir. Bu obrazı,
təkcə Ələddin
Abbasovun ekran yaradıcılığında deyil, milli kino
tariximizin şah rollarından biri adlandırsaq, əlbəttə,
yanılmarıq.
”Dəli
Kür”dən sonra Ələddin Abbasov rejissorların diqqətini
kino aktyoru kimi də cəlb
edir. O, ekranda müxtəlif xarakterli rollar oynayır. Oynadığı rolun böyük-kiçikliyindən
asılı olmayaraq həmişə təkrarsız
sənətkar imzasını
yazmağa müvəffəq
olur.
Kinorejissor Hüseyn Mehdiyevin “Məkanın melodiyası” filmində Ələddin Abbasovun xüsusi məharətlə oynadığı violonçelist obrazı yaddaqalan yaradıcılıq qələbələrindəndir. Aktyor violonçelisti ədəbi obraz çərçivəsində deyil, canlı, real insan kimi təqdim edir. Qısa zaman kəsiyində cərəyan edən hadisələrdə oynadığı rolun həyat və yaradıcılıq sevgisini, düşüncə və iztirablarını yüksək sənətkarlıqla canlandırır. “Məkanın melodiyası” 82 yaşlı Ələddin Abbasovun sonuncu ekran akkordu olur.
Ələddin Abbasovun yaradıcılığına “amplua” anlayışı zidd idi. İstər lirik, istər dramatik, istərsə də komik rolları eyni məharətlə oynayırdı. Aktyor C.Cabbarlı, İ.Əfəndiyev, N.Hikmət, B.Brext, U.Şekspirin əsərlərinin tamaşalarındakı dramatik surətlərdə səhnə uğurunu komik səhnə obrazlarında da qazanırdı. Sabit Rəhmanın komediyalarındakı duzlu-məzəli yumoru həmişə tamaşaçılara sonsuz gülüş bəxş edərdi. Nədənsə aktyorun təbiətən malik olduğu fitri komik istedadı kinorejissorların diqqətini çəkmir. Çox təəssüf ki, səhnədə komediya janrında qazandığı uğur milli kinomuzda davamını tapmır...
Milli aktyor məktəbimizin Adil İsgəndərov, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov kimi azman sənətkarları ilə bərabər Ələddin Abbasov da özünəməxsus yaradıcılıq məktəbinin təməlini qoydu. Bu məktəb neçə-neçə gənc sənətkar nəslinin yetişməsində layiqli töhfələrini verəcək.
Hatəm Əsgərov
Rejissor
Mədəniyyət.- 2017.- 5 may.-
S.15.