“Heydər Əliyev və Azərbaycan kinosumövzusunda tədbir keçirilib

 

 

 

   Mayın 5-də Dövlət Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosumövzusunda tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev milli kinomuzun inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirib.

   Vurğulanıb ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, mədəniyyətin digər sahələri kimi, kinematoqrafiyada da böhran tədricən aradan qalxdı, kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.

   Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan kinosu günü kimi qeyd olunur.

   Bildirilib ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.

   Azərbaycan kinosunun böyük bir dövr inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov və başqaları qeyd ediblər ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.

   Tədbirdə Heydər Əliyev şəxsiyyətini əks etdirən sənədli filmlərdən fraqmentlər nümayiş olunub.

 

 

Mədəniyyət.- 2017.- 9 may.- S.7.