“Müasirlikdən qədimliyə
keçməklə özümüzü
tanıda bilərik”
Rza Diqqəti: “Azərbaycan güllü
çəmənlikdir, qonaqlarımız - bal
arısı”
Dünya şöhrətli fotojurnalist soydaşımız Rza Diqqəti ilə hər görüş xoşdur. İllərdir ki, əlamətdar günlərdə, beynəlxalq miqyaslı tədbirlərdə onunla rastlaşdıqda ən yaxın dostumuz kimi görüşürük. Bu dəfə də - IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu günlərində də Rza bəylə qarşılaşdıqda onunla ayaqüstü söhbət etmək fürsətini ötürmədik.
- Rza bəy, nə yaxşı ki, belə beynəlxalq tədbirlər var. Sizi görürük...
- Düzdür, həmişə çatdırmıram, amma imkan olduqca Bakıya gəlirəm.
- Bilirik ki, uzun illərdir fəaliyyətinizlə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdasınız...
- Biz də yox, bəs kim? Bu vətənin
dərdini, həqiqətini
dünyaya çatdırmaq
bizim - xaricdə yaşayan azərbaycanlıların
borcudur. Hələ sovet
dövründən Azərbaycanı
təbliğ etməyə
başlamışam. Qarabağ savaşı
başlayandan bəri də bu işlə
məşğulam. Son
20-30 ildə hamılıqla
apardığımız təbliğatın
nəticəsində dünya
Azərbaycanı tanımağa
başlayıb. Amma
hələ də iş çoxdur. Ən böyük xidmətimiz öz mədəniyyətimizi,
tariximizi dünyaya çatdırmaq olmalıdır.
Ölkələr bir-birini mədəniyyət
sayəsində tanıyır.
Bilirsiniz,
bizə maraqlı olan müasirlik, məsələn, yeni memarlıq üslubunda tikililər artıq yüz ildir ki, Avropada, Amerikada
tikilir. Onları yeniliklərlə təəccübləndirmək mümkün deyil. Müasirlikdən qədimliyə keçməklə
özümüzü tanıdıb
sevdirə bilərik.
- Belə beynəlxalq miqyaslı məclislərin Azərbaycanı
tanıtmaqda rolunu necə dəyərləndirirsiniz?
Ona görə soruşuram ki, kənardan baxanda hər şey daha fərqli görünür...
- Əsas
odur ki, Bakıya, bu foruma, digər mötəbər tədbirlərə
gələn hər kəs Azərbaycana bələd olur, ölkəmizin nə istədiyini dərk edir və öz
məmləkətinə qayıtdıqdan
sonra da burada gördüklərini
təbliğ edəcək.
Sanki qonaqlarımız bir
bal arısıdır,
Azərbaycan da güllü çəmənlik.
Burada çəkdikləri
şirəni öz ölkələrində bala
çevirirlər...
- Maraqlı müqayisədir...
- Dekabr ayında Mali Respublikasına
getmişdim... Bilirsiniz ki,
mən humanitar sahədə də çalışıram. Malidəki qaçqın
uşaqlarına hədiyyə
olaraq fotoaparat, kamera aparmışdım.
Elə Parisdə fikirləşmişdim
ki, birdən məni Malidə hökumət rəsmilərindən
kimsə görmək
istəyər, əliboş
getməyim; Azərbaycan
haqqındakı albom-kitabı
özümlə götürdüm.
Malidə mənə dedilər
ki, ölkənin birinci xanımı sizinlə maraqlanır.
Xanım Keita Amenata Maiqaya kitabı təqdim edəndə təəccübləndi: demə,
Azərbaycanın harada
yerləşdiyini bilmirmiş.
Dünən burada rastlaşanda isə xanım Maiqa özü mənə yaxınlaşdı ki, mənim ilk tanıdığım
azərbaycanlı sizsiniz!
Deməyim odur ki, kimsə deməsin ki, mən təkbaşına
Azərbaycan üçün
neyləyə bilərəm?
Hamımız nələrisə bacarırıq.
- Rza bəy, sizin Azərbaycan naminə gördüyünüz işlər
hamımıza məlumdur.
Hazırda nə ilə
məşğulsunuz? Hansı layihələri həyata keçirirsiniz...
- Hazırda ən böyük məqsədim Qarabağ məsələsinə dair
bütün həqiqətləri,
indiyədək çəkdiyim
şəkilləri internet, sosial media ilə dünyaya yaymaqdır. Bir də ki,
son üç ilim demək olar ki, İraqda keçir: bu saat dünyanın ən qaynar xəbərləri İraqdan,
Suriyadan qaynaqlanır...
- Allah sizi qorusun!
- İndiyədək
müharibə meydanlarında
azı yüz dəfə ölüb-dirilmişəm...
Bəzən də düşünmüşəm
ki, son dəqiqələri
yaşayıram, amma sağ qalmışam.
Dünyada qazanılan pulun
30 faizi müharibələrə
sərf edilir. Halbuki, bu vəsaiti uşaqlara, sağlamlığa
xərcləmək olar.
Mən insanları yaxşılığa
yönləndirmək üçün
müharibə səhnələrini
çəkirəm. Özüm də
inanıram ki, bir gün bütün
müharibələrə son qoyulacaq.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 9 may.-
S.10.