Azərbaycanın sədrliyi ilə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sessiyası keçirilir

 

   Nazir Əbülfəs Qarayevin sədrlik etdiyi sessiyada İcraiyyə Şurasına yeni üzvlərin qəbulu, DTT-nin baş katibi vəzifəsinə seçki kimi mühüm məsələlərə baxılır  

   Mayın 11-də İspaniyanın paytaxtı Madriddə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasının 105-ci sessiyası işə başlayıb. Sessiya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir.

   Qeyd edək ki, 2017-ci ildə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir. Bu barədə ötən ilin oktyabrında qurumun Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən 104-cü sessiyasında qərar qəbul olunub.

   İcraiyyə Şurasının 105-ci sessiyasında DTT-nin baş katibi Taleb Rifai, təşkilatın icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, Dünya Səyahət və Turizm Şurasının prezidenti Devid Skousill və aidiyyəti beynəlxalq təşkilatların rəhbərləri, DTT-yə üzv ölkələrin 20-dək turizm və aidiyyəti sahələr üzrə nazirləri, İcraiyyə Şurasının üzv ölkələrinin nümayəndələri iştirak edir. Tədbirə qurumun assosiativ üzvləri və müşahidəçilər də daxil olmaqla 340-a yaxın nümayəndə qatılıb. Ölkəmizin nümayəndə heyətinə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri daxildir.

   105-ci sessiyasının açılış mərasimində İcraiyyə Şurasının sədri - nazir Əbülfəs QarayevDTT-nin baş katibi Taleb Rifai çıxış ediblər.

   Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dünya Turizm Təşkilatının baş katibi Taleb RifaiDostluqordeni ilə təltif edilib. Tədbir çərçivəsində Əbülfəs Qarayev Azərbaycan və DTT-nin 2001-ci ildən etibarən davam edən yaxın əməkdaşlığı çərçivəsində ölkəmizdə turizm sənayesinin inkişafı naminə göstərdiyi dəstək və xidmətlərinə görə təltif olunmuş Taleb Rifaiyə “Dostluqordenini təqdim edib.

   Taleb Rifai bu dəyərli mükafata görə Azərbaycan Respublikası Prezidentinə öz minnətdarlığını bildirib. Baş katib həmçinin Əbülfəs Qarayevə bu illər ərzində Azərbaycanın DTT-nin həyata keçirdiyi layihələr və tədbirlərdə yaxından iştirakı, eləcə də beynəlxalq turizmin inkişafına verdiyi töhfələrinə görə öz təşəkkürünü bildirib və nazirə DTT-nin diplomunu təqdim edib.

   İki gün davam edəcək sessiyada təşkilatın Proqram və büdcə komitəsinin hesabatının dinlənilməsi, İcraiyyə Şurasına yeni üzvlərin qəbul edilməsi, eləcə 2018-2021-ci illər üçün DTT-nin baş katibi vəzifəsinə namizədliyin qiymətləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

   Xatırladırıq ki, 2013-cü ildə DTT-nin Baş Assambleyasının 20-ci sessiyasında Azərbaycan Respublikası təşkilatın İcraiyyə Şurasına üzv seçilib. Bu üzvlük ölkəmizə qurumda aparılan müzakirələrdə səsvermə hüququ ilə iştirak etmək imkanı yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq turizm aləmində nüfuzunu da artırıb.

 

Mədəniyyət.- 2017.- 12 may.- S.3.