“Bakı Forumu gələcəyə
ismarış və sülhə mane olanlara cavabdır”
Mayın 4-dən 6-dək Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən Forumda dünyanın tanınmış siyasi və dövlət xadimləri, elm adamları iştirak edirdi.
Beynəlxalq tədbirin gedişində xarici qonaqlardan bir neçəsinin Forum və ölkəmizlə bağlı təəssüratlarını öyrənmək imkanımız oldu.
Ramon Montes (Avropa Şurasının “Mədəni marşrutlarının tarixdən əvvəlki qayaüstü incəsənət nümunələri şəbəkəsi”nin nümayəndəsi):
- Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bura təkcə Şərq ilə Qərb arasında coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. “Azərbaycanda qayalar üzərində incəsənət mədəni marşrut”u bizim şəbəkəyə qoşulmaqla öz tarixini tanıtmağın daha bir mərhələsinə qədəm qoyur. Qayaüstü rəsmlərlə bağlı marşrut Azərbaycana çoxlu turistlər cəlb edəcək. Çünki Avropanın bu tip şəhərlərinə səyyahların marağı böyükdür.
Stefano Dominioni (Avropa Şurasının “Mədəni marşrutlara dair genişləndirilmiş çərçivə sazişi”nin icra katibi):
- Azərbaycanda dini dözümlülük və multikulturalizm hər zaman mövcud olub. Dünya Mədəniyyətlərarası Dialoq Forumu paytaxtınızda artıq dördüncü dəfə keçirilir və hər dəfə bu tədbirin iştirakçılarının sayı, nüfuzu da artır. Forumun fərqləndirici cəhəti ondan ibarətdir ki, onun tərəfdaşları arasında UNESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, Dünya Turizm Təşkilati, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq qurumlar var. Biz burada müxtəlif əlaqələr qura, dünyanı narahat edən problemlərdən söz aça bilirik. Bizim işimiz birbaşa turizmlə əlaqəli olduğu üçün turizm sahəsində dünyanı narahat edən qlobal problem və təkliflərin bir arada səslənməsi, yeni ideya və layihələrin təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir.
Düsen Kaseinov
(TÜRKSOY-un baş katibi):
- Ümumtürk
mədəniyyəti dünya
mədəniyyətinə böyük
töhfələr verib,
türkdilli xalqların
dahi şəxsiyyətləri,
mütəfəkkirləri, yazıçı və şairləri, alimləri
bəşəri nailiyyətlər
qazanıblar. Xatırlayırsınızsa, biz ötən forumlarda
da bu insanların
tanıdılması ilə
bağlı bəzi layihələr təqdim etmişdik. Bütün bunlar xalqların,
ölkələrin bir-birinə
hörmət ruhunda ünsiyyətinin yüksək
aktuallığına və
ünsiyyətə ehtiyac
olmasına dəlalət
edir. Türkdilli xalqların tarixi-mədəni
irsi də birgə səylərlə
qorunmalı, türkdilli
dövlətlərin mədəni
sahədə əməkdaşlığı
gücləndirilməlidir.
Adam İlman
(UNESCO üzrə Avstraliya
Milli Komitəsi):
- Belə bir möhtəşəm tədbirin keçirilməsinə
görə Azərbaycan
dövlətinə təşəkkürümü
bildirirəm. Azərbaycan mədəniyyətlərarası
dialoqun təşkili,
müzakirələrin aparılması
üçün unikal
ölkədir. Forum yüksək səviyyədə
təşkil olunub.
Azərbaycan UNESCO ilə birgə
sülh naminə çalışır. Bakı isə
təhlükəsiz və
gözəl şəhərdir.
“Millətlərin
ən yaxşı cəhətlərinin universal daşıyıcısı
mədəniyyətdir”
Rusiya Federasiyasının mədəniyyət
naziri Vladimir Medinski:
- Ölkələrimiz
arasında mədəni
əlaqələr inkişaf
edir. Dünyanın bir çox
ölkələrindən nümayəndə
heyətləri bu foruma gəlib. Azərbaycanın bu nüfuzlu
tədbirin təşkili
üçün göstərdiyi
səylər təqdirəlayiqdir.
Rusiya və Azərbaycan mədəniyyət nazirlikləri
arasında nümunəvi
əməkdaşlıq mövcuddur.
Azərbaycan multikulturalizm sahəsində
nümunəvi təcrübəyə
malikdir.
Məhəmməd
Əli Huməd (Cibuti Respublikası Milli Assambleyasının sədri):
- Çox faydalı forumdur. Burada müxtəlif ölkələr
arasında əlaqələr
müzakirə edilir.
Biz eyni zamanda
bir sıra mühüm görüşlər
də keçirdik.
Müasir dünyamız millətçilik,
ekstremizm və ksenofobiyanın ən müxtəlif təzahürlərindən
əziyyət çəkir.
Bunun yeganə çarəsi fasiləsiz dialoqdur. Hər bir millətin ən yaxşı cəhətlərinin universal daşıyıcısı
məhz mədəniyyətdir.
Jan-Kristof Bas
(“Global Compass” şirkətinin rəhbəri):
- Azərbaycan gözəl, pozitiv ölkədir. Möhtəşəm memarlıq, heykəltəraşlıq
adamı heyran edir. Dünyanın müxtəlif ölkələrindən
olan insanların Bakıda müzakirələrə
qoşularaq bir araya gəlməsini yüksək dəyərləndirirəm.
Beyin mərkəzləri, hökumət
nümayəndələri və
QHT hamısı birgə
müzakirələrdə iştirak
edir. Ölkənizə bu təşəbbüsə
görə təşəkkürümü
bildirirəm. Forumdan ciddi
nəticələr gözləyirəm.
Alessandro Girola
(BMT-nin Sivilizasiyalar Alyansının koordinatoru):
- Azərbaycanın
multikulturalizm modeli dünyaya təhlükəsizlik
təklif edir. Bakıda keçirilən Mədəniyyətlərarası
Dialoq Forumu qədər qloballığa
malik olan ikinci bir platformanı
qeyd etməyə çətinlik çəkərdim.
Dünyanın siyasi və
intellektual təfəkkür
sahibləri qarşılıqlı
anlaşma körpüləri
qurmaq üçün
məhz Bakıda görüşürlər. Təkcə ona görə yox ki, Azərbaycan
müxtəlif millətlərə
və müxtəlif konfessiyalara mənsub olan insanların birgə ahəngdar yaşamasına canlı nümunədir, həm də ona görə
ki, bu respublika
özünü ən
yüksək səviyyəli
tədbirlərin təşkilatçısı
kimi çoxdan təsdiq edib. Bilirəm ki, Forumdan bir
neçə gün sonra Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Mədəniyyət və idman xalqların yaxınlaşmasına
xidmət edir. Əminəm
ki, Oyunlar Azərbaycanda keçirilən
Birinci Avropa Oyunları qədər əks-səda doğuracaq.
Gafika Haddad (İFAP proqramının Hökumətlərarası şurasının sədri):
- Dünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəyə ismarışdır. Bu Forum müxtəlif ölkələrdən olan nüfuzlu alimlərin, siyasi və ictimai xadimlərin bir yerə toplaşaraq mövcud çətinlikləri, problemləri və onların həlli yollarını müzakirə etməsinə imkan yaradır. Bu məsələləri qaldırmaq vacibdir. İnsanlar bunu eşitməli və başa düşməlidir ki, mədəniyyətlərarası dialoq, mədəni irs, bəşəri dəyərlər çox vacib kateqoriyalardır. Ona görə Bakı Forumu gələcəyə ismarış və sülh prosesinə mane olan bütün amillərə cavabdır. Gün ərzində müxtəlif mövzularda keçirilən panel sessiyalarda bəşəriyyəti narahat edən məsələlər ətrafında müzakirələr dinlənilir. İnanırıq ki, bütün bu müzakirə və mövzular dünyada sülhün bərqərar olmasına öz töhfəsini verə biləcək. Dünyada hər gün etnik və dini müxtəlifliklər böyük miqyasda münaqişələrə səbəb olur. Bu baxımdan tolerantlıq və qarşılıqlı hörmət anlayışları daha böyük önəm kəsb etməyə başlayıb.
“Bakı prosesi” problemlərin həlli üçün birgə fəaliyyətin gözəl ənənəsidir”
“Welcoming America” təşkilatının
vitse-prezidenti Mahvaş
Hassan:
- Dialoq
Forumu dünyanın müxtəlif mədəniyyətlərini
bir araya gətirir. 2008-ci ildə irəli sürülmüş “Bakı
prosesi” təşəbbüsü
ölkələrin bir-birinə
daha da yaxınlaşması,
təcrübə mübadiləsi
və əməkdaşlığı
baxımından olduqca
önəmlidir. Azərbaycan Prezidenti
İlham Əliyev Forumun açılışı
zamanı çıxışında
müasir dünya üçün multikultural
cəmiyyətin vacibliyini
bir daha vurğuladı. Bəzən biz başqa mədəniyyətlərlə
birlikdə yaşamağı
çox çətinliklə
dəyərləndiririk. Bakı Forumu cəmiyyətdəki
müxtəlifliyi müzakirə
etmək üçün
insanları bir araya gətirir.
Burada biz insanların müxtəliflikdə
necə yaşaya bilmələrinə yardım
etməklə bağlı
debatlar aparırıq.
Təhsil, media, innovativ yanaşma,
ekstremizmlə mübarizə,
populizm və qütbləşmə və
digər mövzularda müzakirələr zamanı
bir-birimizə inam vasitəsilə dünyada
dialoqun mümkünlüyünü
vurğulayırıq.
İngiltərənin
Koventri Universitetinin professoru Mayk Hardi:
- Azərbaycan Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı prosesi” uğurlu təşəbbüs, eləcə də nəhəng prosesdir. Həmin vaxtdan etibarən Azərbaycanda təşkil edilən mühüm beynəlxalq tədbirlər bunu bir daha təsdiqləyir. Bütün bunların nəticəsində dünya ictimaiyyəti müxtəlif sahələrdə mövcud problemləri, onların həlli istiqamətində görülən işləri daha yaxşı dərk edir. “Bakı prosesi” problemlərin müzakirəsi və həlli istiqamətində birgə fəaliyyət göstərməyin gözəl ənənəsini ortaya qoyub. Ötən forumlarda da iştirak etmişəm. Bu gün dünyamız çoxsaylı problemlərlə və böhranlarla üzləşib. Belə bir zamanda mədəniyyətlərarası və dinlərarası dialoq, qarşılıqlı anlaşma vacibdir. Bu baxımdan Bakı Forumu çox böyük əhəmiyyətə malikdir.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 12 may.- S.10.