Ankarada “Türk
dünyası şairlər görüşü”
Mayın 10-da Ankarada TÜRKSOY tərəfindən elan edilən “2017 Molla Pənah Vaqif ili” çərçivəsində “Türk dünyası şairlər görüşü” tədbiri keçirildi. Tədbir TÜRKSOY, Dünya Söz Akademiyası və Dünya Yazarlar və Aydınlar Dərnəyinin əməkdaşlığı ilə baş tutdu.
Türkiyə paytaxtının qədim məkanlarından birində - Hamamönündə, tarixi Kabakçı iqamətgahında keçirilən tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Qaqauz Yeri (Moldova), Xakasiya, Krım və Kərkükdən şairlər qatılmışdı.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sənətçisi Özcan Aydının sazla müşayiət etdiyi gecədə qonaqlar öz ölkələrinin tanınmış şairlərinin şeirləri ilə yanaşı, özlərinin qələmə aldıqları şeirləri də tədbir iştirakçıları ilə paylaşdılar.
Musiqili gecə TÜRKSOY baş katibinin müavini Fırat Purtaşın açılış nitqi ilə başladı. O, layihə haqqında məlumat verdi: “Ötən il ilk dəfə gerçəkləşdirdiyimiz “Türk dünyası şairlər görüşü” layihəmizin ikincisində də sizinlə bir arada olmaqdan məmnunuq. Bu il Azərbaycanın yetişdirdiyi böyük şair, dövlət adamı Molla Pənah Vaqifin anadan olmasının 300 illiyini qeyd edirik. Bizlər üçün başqa bir əhəmiyyətli hadisə isə Türkiyə ilə türk respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olmasıdır. Bu çərçivədə şairlərimizin şeirləri vasitəsilə Anadolu ilə Qafqaz, Orta Asiya və bütün Türküstan coğrafiyasındakı könül bağlarını gücləndirəcəyimizə ümid edirəm”.
Fırat Purtaş tədbirin təşkilinə dəstək verən Altındağ Bələdiyyəsinə təşəkkürünü ifadə etdi.
Sonra poeziya gecəsi başlandı. Öncə TÜRKSOY-dakı ölkə təmsilçilərinin ifasında şeirlər dinlənildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin qurumdakı təmsilçisi Elçin Qafarlı əvvəlcə Azərbaycan və türk dünyası üçün dəyərli şair olan Molla Pənah Vaqifin həyat və yaradıcılığı ilə bağlı qısa məlumat verdi. Sonra şairin “Hayıf ki, yoxdur” şeiri ilə yanaşı özünün 20 Yanvar faciəsinə həsr etdiyi “Ayın iyirmisi” şeirini söylədi.
Hakkarinin keçmiş valisi Ayhan Nasuhbəyoğlu çıxışında özü haqqında məlumat verdi və çap etdirdiyi kitablardan bəhs etdi.
Qazaxıstan təmsilçisi Askar Turqanbayevin yazdığı şeiri həm qazax, həm də türk dilində oxuması alqışla qarşılandı.
Qırğızıstan nümayəndəsi Kojageldi Kuluyev isə Molla Pənah Vaqifin daha çox sevgi, məhəbbət şairi kimi tanındığı üçün elə sevgi şeiri səsləndirəcəyini bildirdi.
Yazar-araşdırmaçı Hayrettin İvgin Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini ifa etdi. Türkmənistanın Türkiyədəki səfirliyinin əməkdaşı Berdi Sarıyerin, Krım türkü Müryüm Başkurt, Kərkükdən Şəmsəddin Kuzəçi və digərləri də şeirlər səsləndirdilər.
Türk dünyası və türkçülüklə bağlı səsləndirilən musiqi və nəğmələr tədbirə xüsusi əhval qatırdı.
Tədbirdə yazıcı-şair, uzun müddət Azərbaycanda çalışmış Osman Başın “Xarı bülbül” şeirini oxuması təsirli anlarla yadda qaldı. O, tədbir iştirakçılarına bu gülün yalnız Qarabağda, xüsusilə də Şuşada bitdiyini dilə gətirdi. Elçin Qafarlı isə təklif etdi ki, növbəti “Türk dünyası şairlər görüşü” layihəsində həm də “Xarı bülbül” mükafatı təsis olunsun.
Tədbirin sonunda iştirakçılara
mükafatlar verildi.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 12 may.- S.12.