Səid Rüstəmov...
Hər dəfə adı
qulağımıza çatan anda nəğmələri
ürəyimizə işləyən bəstəkar
Bu dünyaya yüz on il öncə göz açmış bu sənətkar neçə-neçə mahnılarının hər səslənişində sanki yenidən doğulur. Bu mahnıların çoxusu - onun həyat tarixçəsinin “ilk bölümünü” yaxından bilənlər bir yana, hətta, oxuduqca adamı haldan-hala salan o “xatirələr”lə təzə tanış olanlarda belə, müəllifinin tərcümeyi-halı kimi səslənir...
Məsələn;
“Qurban adına”...
Onun bu mahnısındakı “Bir sal yadına, Sənin oduna - Yandım, bilmədin” misraları tək elə hər hansısa bir aşiq və ya məşuqun (başqa bir müəllifin “Səndən yar, sənə yar, şikayətim var” xitabınabənzər) giley-güzarı kimi yox, həm də həyatın qeyri-intim sevgi subyektlərindən inciklik nüansları çalarlarını da çalmırmı?..
Yaxud, “Oxu, tar”, “İntizar”, “Gəlmədi”...
Bu mahnılar xalqın “bir igid
ömrü” deyimindən çıxış etməli olsaq -
uşaqlıq və yeniyetməlik dövrü minor notlarla
müşayiət olunmuş “bir aşiq ömrü”nün təb-təbiət
fəsilləri...
Aşağıda tanış
olacağınız xatirə parçalarına ayaq hesab ediləsi
bu “giriş”də dördcə mahnısının adı
çəkilən bu gözəl sənətkarımızın
başlanğıcı məşəqqət, sonu fəxarətlərlə
müşahidə olunmuş həyat və çox məhsuldar
fəaliyyət “süita”-“rapsodiya”larından -
Fraqmentlər
1907-ci il
mayın 12-də İrəvanda anadan olmuş Səid Əli
oğlu Rüstəmov atasını uşaqkən itirmiş
olsa da, oxuyub-öyrənmək həvəsindən qalmır.
Musiqi marağı ibtidai sinif şagirdliyində nəzərə
çarpsa da, ermənilərin 1918-ci il
İrəvan quduzluğu nəticəsində ailəliklə
Türkiyəyə qaçdıqlarından, bu istedadın
üzə çıxması xeyli gecikir. Bir
müddət keçmiş ailə yenidən İrəvana
qayıdır, ev-eşiklərinin viran edildiyini görüb, Gəncəyə
köçür. Burada isə ermənilər
Səidin qardaşı Mirhüseyni öldürür və
onlar köçüb Ağdaşda məskunlaşmalı
olur.
O zaman dünya və... bu
dünyanın işlərini yetərincə anlayan Rüstəmovlar
öz işlərində, 12 yaşlı Səidin qəlbi isə
musiqi ecazları cəzbində...
Nəhayət, ailənin
yığışıb gəldiyi Bakı.
Burada Səid - musiqi dərsləri
də keçilən Müəllimlər Seminariyasına daxil
olur, truba çalmağı öyrənir, gözəl rəsmlər
çəkmək qabiliyyəti əxz edir. 1924-cü
ildə İsmayıl Axundovla (sonralar Xalq rəssamı) Rəssamlıq
Məktəbinə getmək qərarına gəlir.
Orada 3 günmüş oxuyurmuş ki, pəncərədən
gələn musiqi səsinə heyran olur... və onun musiqi
qabiliyyətini diqqətə alan müəllimlərdən
biri onu Üzeyir bəyin yanına aparır. Səidi
xeyli sorğu-sual edən dahi sonda deyir bu oğlanı notda mənim,
muğamatda Mirzə Mansurun sinfinə yazın.
Sonralar (S.S.Axundovun da dərs dediyi)
19 nömrəli birinci dərəcəli məktəbdə
işləyən, Azərbaycan Dövlət Pedaqoji
İnstitutunu bitirdiyinə (1932) görə ayrı-ayrı fənlərin
tədrisi metodikasını yaxşı bilməsi sayəsində
ustad pedaqoq kimi tanınan Səid Rüstəmov musiqi məktəbləri
üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən
biri, ilk “Tar məktəbi” dərs vəsaitinin müəllifi
kimi də tanınıb-məşhurlaşır. 1931-ci ildə respublikamızda notla çalan ilk Xalq
çalğı alətləri orkestrinin bədii rəhbəri,
baş dirijor köməkçisi, daha sonra baş dirijoru, eləcə
də Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının rəhbəri olur.
Tar və dirijorluq ixtisası
üzrə gənc musiqiçi kadrlarının
hazırlanması işində xüsusi xidmətlər
göstərən bəstəkarın pedaqoji fəaliyyətinin
əsas və mühüm dövrü Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
ilə bağlı olub. Bu mötəbər ali
musiqi təhsili ocağında xalq musiqisi kafedrasının
yaradıldığı vaxtdan istedadlı tarzənlərin
yoluna hamıdan gur işıq tutmuş bu sənətkarın
dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar
İttifaqının sədri vəzifəsinə seçilməsi
(və 1953-cü ilədək xalqın bənzərsiz
Ustad-Müəllimin adına layiq çalışması) də
onun böyük sənət-şəxsiyyət
xarizmasından xəbər verir.
Böyük sənət
fədaisi, alovlu vətənpərvər Səid Rüstəmovun
geniş, çoxcəhətli fəaliyyətinin layiqincə
qiymətləndirilməsini də qeyd edib deyək ki, o 1938-ci
ildə Əməkdar incəsənət xadimi, 1957-ci ildə
Xalq artisti fəxri adlarına, 1951-ci ildə SSRİ Dövlət
mükafatına layiq görülüb.
Bu böyük bəstəkarın
yaradıcılıq irsindəki maraqlı bir nüansı da
qeyd etməyə bilmirəm; sənətkarlıq
baxımından çox geniş diapazonlu S.Rüstəmov 70-dən
çox mahnı yaradıcılığında əsasən
iki şairin - M.Ə.Sabir və Mirmehdi Seyidzadənin şeirlərinə
müraciət edib. Bu, mənə bir yaradıcı
xarakter “sirri”, “məxfi” duyğusallıq təsiri
bağışlasa da, həmin şeir parçalarının
ad-məzmun aləmi (qızının, aşağıda təqdim
edəcəyim xatirələrindəki bir məqam da
sözümə qüvvət kimi səslənəcək) qəribə
bir aydın-aşkarlıq da təlqin edir. Məsələn,
Mirzə Ələkbər dəryasından “Uşaq və
buz”, “Yaz günləri”, “Keçi”, M.Seyidzadədən “Alma”,
“Gün, çıx”, “Qış baba”, “Quzum”, “Uçun,
quşlar” və s.
Və nəhayət, -
Xatirələr
Bu xatirələri onun
mahnılarının ümumnəqarəti də hesab etmək
mümkün...
Öncə, qızı Rəna
Rüstəmovadan:
“Xaraktercə
çox sərt və əsəbi idi - mənim... mehribanlar
mehribanı atam! Amma zarafatlarından da
qalmazdı. Hətta, 4 yaşındaykən bədbəxt
hadisədən vəfat etmiş qardaşımız Altaydan
söz düşəndə anama gözaltı baxıb deyərdi,
ay Bikə, bu evə beşinci uşaq da lazımdı...
Üzeyir bəy
onları tez-tez evinə dəvət edərmiş. Bir dəfə
də utandığından, deyib, çox sağ olun,
çörək yemişəm. Üzeyir bəy
də yoldaşına deyib, çörəksiz yemək gətir.
Atam da bu zarafatdan açılışaraq bir
neçə qab xörək yeyib. Üzeyir bəy
gülə-gülə: “Ay Səid, indi sənə bir “ev dərsi”
tapşıracağam ki, onu əzbərləməmiş bir də
bizə gəlməzsən. De görüm, insan
tox olanda bu qədər yeyə bilirsə, ac olanda nə qədər
yeyə bilər?” Bu məzəli suala
hamı gülür və atam danışardı ki, o sözdən
sonra Böyük Ustadımızın yanında
utanmaqlığın daşını birdəfəlik
atdıq.
Bir vaxtlar şəhərdə
söz yayılmışdı ki, bacım Tamillanın kinoya
çəkilməsini (“Böyük dayaq”da Maya) atam pis
qarşılayıb və guya onu danışdırmır.
Yox, sadəcə, atam deyirdi, əvvəl sənətin
olsun, sonra danışarıq. Belə də oldu və
atam bir dəfə küçədə rastlaşıb hal-əhvallaşdığı
kinorejissor Həbib İsmayılovdan “film çəkirəm,
amma baş rola aktrisa tapa bilmirəm” sözünü eşidərkən,
deyir, qızım Tamilla sabah Moskvadan gəlir, bir onu da
sınaqdan keçirərsən. Rejissor da Tamillanı görən
kimi deyir, hə, bu Mayadır!
Türkiyədə
adətən seyidlərin yaşadığı İydəli
adlı bir yer var, atamın əsli ordandır. Sonra İrəvana köçüblər. Əsl adı Mircabbar Seyidrüstəmzadədir.
Bakıya gələndə pasport verilən yerdə
ermənilər, ruslar deyinirlər ki, çox uzun addır,
atam da məcbur qalıb ad-soyadını Səid Rüstəmov
kimi yazdırır.
İrəvanı
xatırlayanda yanğılı həsrət ahları çəkirdi.
O şəhəri ölənə qədər İrəvan
deyə andı. Heç rəsmi
çıxışlarında da bir dəfə də olsun
“Yerevan” demədi...”
Haşiyə.
Maraqlıdır, onun bu qədər
mahnılarının bircəsində belə (“Cəngi”, “Qəhrəmani”
pyeslərini, süita, tar üçün konsert və bir
sıra kantataları, “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin
arvadı” musiqili komediyaları istisna)
“çığır-bağır” mayalı bir notcuq belə
yoxdur; başdan-başa hə...lim...lik, hə...zin...lik...
Yəqin bunun bir neçə səbəbi var və onlardan
biri də - öz qızının (fərqinə varmadan
söylədiyi) xatirələrinin aşağıdakı məqamında:
“...Babam rəhmətə gedəndən
sonra nənəmi uşağı olmayan dul bir kişiyə məcburən
ərə verirlər. Atam son gününə qədər
o səhnəni unuda bilmirdi. Həmişə
də kövrələ-kövrələ
xatırlayırdı o qədim epizodu. Deyirdi, “Anamı
aparan o faytonun dalınca nəfəsim kəsilənə qədər
qaçdım...”
Bir neçə sətir də
böyük Səid müəllimin tələbəsi
olmuş Nazim Kazımovdan:
“1973-cü ildə
konservatoriyada Səid müəllimin sinfinə qəbul
olunmağıma çox sevindim - onun “Tar məktəbi” dərsliyi
musiqi məktəbində stolüstü kitabımız idi.
İxtisas dərslərində o (kim? Azərbaycanda
yeganə bəstəkar ki, 4 mahnısına görə
SSRİ Dövlət Mükafatı laureatı adına
layiq görülmüşdü!) mənimlə
fərdi məşğul olurdu. Hərdən zarafatla deyərdi,
Nazim, sənin sir-sifətindən Konservatoriyanın gələcək
müəllimi qoxusu gəlir...
Tələbələr
düzgün çalmayanda bərk hirslənməyini nəzərə
almasaq, hədsiz dərəcədə mülayim, sakit insan
idi. Konservatoriyanı bitirib, təyinatla bir
müddət rayonda işlədim və 1981-ci ildə yenidən
konservatoriyaya qayıtdım. İşə
yenicə başlamışdım ki, dəhlizdə gedərkən
kürəyimə ehmalca bir əl toxunduğunu hiss etdim.
Onun “Artıq mənimlə çiyin-çiyinə
çalışası bu oğlan mənim ovaxtkı sözlərimi
də xatırlayırmı” sualına belə bir cavab verdim: Bəli,
ustadların proqnozları da bir ustadnamədir!..”
Kəmiyyətcə xeyli çox,
keyfiyyətcə xarakterik olan belə xatirələr də bu
böyük, səmimi sənətkarımızın əsil
insanlıq-vətəndaşlıq “mahnı”sı...
Tahir Abbaslı
Mədəniyyət.- 2017.- 12 may.- S.13.