Şuşa həsrətli musiqi
axşamı
Niyazi adına Uşaq incəsənət
məktəbinin hesabat konserti
Mayın 13-də Azərbaycan Dövlət Mahnı Teatrında Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin “Sabaha bizimlə gedəcək Şuşa” adlı hesabat konserti keçirildi. Konsert məktəbin sabiq direktoru, Əməkdar incəsənət xadimi Oqtay Allahverdiyevin xatirəsinə və 2016-2017-ci tədris ilinin yekununa həsr edilmişdi.
Məktəbin direktoru Mirkamil Ağamirov tədbiri açaraq tədris ocağının tarixindən, yetirmələrinin qazandığı uğurlardan danışdı. Bildirdi ki, bu dərs ilində də məktəbin ənənələrinə məsuliyyətlə yanaşılıb: “Köçkünlük həyatı bizə sınaqlardan çıxmış bu tədris ənənələrini unutdura bilməz”.
Sonra uzun illər təhsil ocağına rəhbərlik etmiş Oqtay Allahverdiyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin müəllimi Ellada Məmmədova mərhumun ömür yolundan danışdı. Qeyd edildi ki, O.Allahverdiyev 1940-cı ildə anadan olub. 1951-ci ildə Şuşa musiqi məktəbinin tar sinfini bitirib. Qusar şəhərində Uşaq musiqi məktəbinin direktoru işləyib. Sonra Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib. 1984-cü ildən Şuşa şəhər Uşaq incəsənət məktəbinə rəhbərlik edib. 30 yanvar 2016-cı ildə vəfat edib.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətullayeva çıxışında məktəbin pedaqoji kollektivindən razılıq etdi. Şagirdlərin nailiyyətlərini və tədbirlərdə yaxından iştirakını yüksək qiymətləndirdi. O, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun pedaqoji kollektivə təbriklərini çatdırdı. İcra başçısının müavini O.Allahverdiyevin fəaliyyətindən, insani keyfiyyətlərindən də söz açdı.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, regional idarənin Şuşa rayonu üzrə nümayəndəsi Zahid Abbasov çıxışlarında təhsil ocağının uğurlarından danışdılar. Arzu etdilər ki, yaxın gələcəkdə məktəbin belə hesabat konsertləri Şuşa şəhərində keçirilsin.
O.Allahverdiyevin ömür və sənət yoluna həsr edilən videoçarx nümayiş olundu. Ailəsi adından çıxış edən həyat yoldaşı Səkinə Allahverdiyeva tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin təşəkkürünü bildirdi.
Tədbirdə məktəbin müəllimi Vətən Həsənovaya ömrünün 70, pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə “İlin ən yaxşı müəllimi” fəxri diplomu verildi.
Çıxışlardan sonra bədii hissəyə keçildi. Məktəbin yetirmələrinin ifasında bəstəkarlardan Üzeyir Hacıbəyli, Frederik Şopen, Şəfiqə Axundova, Eldar Mansurov, Səid Rüstəmov, Əfsər Cavanşirov, Oqtay Allahverdiyev, Adil Gəray, Aygün Səmədzadə və başqalarının əsərləri səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 17 may.- S.6.