ATMU-nun könüllüləri İslam Həmrəyliyi Oyunlarında
IV İslam Həmrəyliyi Oyunları zamanı ölkəmizə gələn turistlərə yardımçı olmaq üçün “Ask me - Məndən soruş” turizm könüllülərindən ibarət qrup yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə aparılmış məsləhətləşmələrdən sonra Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) xarici dil biliyi olan 47 tələbəsindən ibarət turizm könüllüləri qrupu təşkil edilib.
ATMU-dan bildiriblər ki, bu qrupa cəlb olunmuş tələbələrə müxtəlif təlimlər keçilib. “Bakı 2017” Təşkilat Komitəsi tərəfindən akkreditasiyadan keçən tələbələr üzərində “ASK ME” sözləri yazılmış, Oyunların könüllüləri üçün nəzərdə tutulan geyimilə təchiz olunublar. Hər tələbə ilə müvafiq qaydada könüllülük müqaviləsi imzalanıb.
“ASK ME” könüllülər qrupu mayın 12-dən 22-dək turistlərin ən çox toplandığı yerlərdə, şəhərin mərkəzi hissəsində saat 11-dən 21-dək fəaliyyət göstərəcək, turistlərin ictimai yerlərdə qarşılaşacağı suallara cavab tapmaqda onlara kömək edəcəklər. Tələbələr ikinəfərlik qruplarla şəhərin mərkəzi hissəsində böyük ticarət mərkəzlərində, metro stansiyalarının çıxışlarında və turistlərin ən çox ziyarət edəcəkləri tarixi və mədəni yerlərdə fəaliyyət göstərəcəklər.
Həmçinin
“ASK ME” qrupunun üzvləri könüllü fəaliyyəti zamanı
qarşılaşacaqları sualların qeydiyyatını aparacaqlar. Oyunlar bitdikdən
sonra aparılmış qeydiyyat
turizm sahəsində tədqiqat işi kimi nəzərdən
keçiriləcək. Bu tədqiqat şəhərin müxtəlif hissələrində
turistlərin ən çox
rastlaşdıqları problemlərin nələrdən ibarət
olduğunu və turistləri ən çox hansı sualların düşündürdüyünü
müəyyənləşdirməyə imkan
verəcək. Əldə edilən nəticələr gələcəkdə
bu cür tədbirlərə
hazırlıq işlərində istifadə olunacaq.
Mədəniyyət.- 2017.- 17 may.-
S.7.