Sabahın Vaqifi, hardasan?
Molla Pənah Vaqif - 300
Tarixi şəxsiyyətlər barədə yazılan hər hansı bədii əsər həm də öz müəllifinin təxəyyülünün, münasibətinin
və ərsəyə
gəldiyi dövrün
möhürünü daşıyır.
Əgər müəllifin münasibəti
və təxəyyülü
gerçək bir insanın ədəbi əsərdə davam edən taleyinə bədiilik qatmağa kömək edirsə, dövrün ideoloji tələbinə uyğunlaşdırma
vəziyyəti bir qədər qəlizləşdirir.
Gələn il ilk dəfə
tamaşaya qoyulmasının
80 illiyini qeyd edəcəyimiz "Vaqif"
dramı da belə bir tale yaşayıb: əsər
şair-dramaturq Səməd
Vurğunun görkəmli
şair və dövlət xadimi Molla Pənah Vaqifə bəslədiyi münasibətin, digər
tərəfdən isə
yarandığı dövrün
hakim siyasi-ideoloji xəttinin
bariz nümunəsidir.
Bu yazıda
"Vaqif" dramının
yaranma səbəbləri,
müəllifin əsərdə
öz qəhrəmanına
və böyük xalq şairinə heyran münasibətinin qaynaqları, ya da əsərin nəyə görə məhz o dövrdə yaranmasına dair fərziyyələri çözmək
fikrində deyilik.
Niyyətimiz pyesin tamaşasında
Vaqif obrazını yaratmış bir neçə aktyorun ifasından bəhs etməkdir.
Vaqif möhürü, yoxsa...
Adətən, teatr tənqidçiləri
və tarixçiləri
"Vaqif" pyesindən
danışarkən bu
əsərin teatrda yarandığını dönə-dönə
vurğulayırlar. O zaman
hələ kifayət
qədər gənc olan, lakin gənc
yaşından qat-qat böyük sənət missiyası yerinə yetirən Səməd Vurğun və artıq bir neçə tamaşası
ilə yadda qalmış rejissor Adil İsgəndərovun birgə gərgin əməyi, günlərlə
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrındakı iş otağına qapanaraq ərsəyə gətirdikləri
"Vaqif" gözləntiləri
aşdı. O zaman, yəni 1938-39-cu teatr mövsümündə 32 yaşlı
müəllif və
28 yaşlı rejissor
daha bir riskə getdilər. Pyesin baş qəhrəmanı təxminən
80 yaşlı şair,
Qarabağ xanının
vəziri Vaqif obrazı (tarixi xronologiyanı nəzərə
alsaq, əsərdə
göstərilən hadisələr
baş verən zaman şair təxminən 77-80 yaşında
olub) görkəmli aktyor, Azərbaycan teatr sənətində
"səhnə danışığı"
fənninin təməlini
qoymuş, Naxçıvanda,
Gəncədə çalışmış,
filmlərdə çəkilmiş
Kazım Ziya ilə yanaşı 28 yaşlı Ələsgər
Ələkbərova da
həvalə edilir. Düzdür, o zamanadək
Ələsgər Ələkbərov
da artıq bir neçə filmə çəkilmişdi,
üstəlik, teatrda Kərəməli, Heydər
bəy (M.F.Axundzadə,
"Hacı Qara"),
Maqduf (U.Şekspir,
"Ledi Makbet") kimi fərqli xarakterlər yaratmışdı.
Onunla birgə çalışan
rejissorlar da bilirdilər ki, Ələsgər Ələkbərov
xarakterik rolları sevir və bu
tip rolları oynamağı
bacarır. O zamankı
sənətsevərlərin və teatr insanlarının
yaddaşında Ələsgər
Ələkbərov sənətkarlığı
iki hissəyə bölünür: Vaqifə
qədərki Ələsgər
və Vaqifi oynayan Ələsgər.
O dövrün
teatrında çox dəbdə olan monumentallıq, pafosla danışıq tərzi
əslində inkar edilən "sənət
sənət üçündür"
prinsipinin təsdiqi idi. Tamaşaya salondan baxan
seyrçi aşkar dərk edirdi ki, ona göstərilən
həyat deyil, tamaşadır və o, səhnədə cərəyan
edən hadisələrin
tamaşaçısından başqa bir kəs deyil. Lakin quruluşçu rejissorun məharəti və aktyorların istedadı, rol üzərində işi o səviyyədə
olmalı idi ki, tamaşaçı gördüklərini öz
içindən keçirə,
obrazları sevə biləydi. Adil İsgəndərovun uğurlu yozumu və Ələsgər Ələkbərovun ilhamla
yaratdığı Vaqif
məhz tamaşaçının
qəlbinə yol tapa bilmişdi.
Təəssüf
ki, "Vaqif" pyesinin ilk quruluşunun tam
lent yazısı yoxdur.
Bu gün bizim
həmin tamaşa barədə təəssüratımız
yalnız təkəm-seyrək
xatirələrdən, bir
də oxuduqlarımızdan
ibarətdir. Biz həmin
tamaşada Fatma Qədri və Mərziyyə Davudovanın
(Xuraman), Əzizə Məmmədovanın (Tükəzban),
Əli Qurbanovun (Vidadi), Ağasadıq Gəraybəylinin (İbrahim
xan) və digər aktyorların ifası barədə göz və səs yaddaşımıza
əsaslanaraq fikir yürütmək imkanından
məhrumuq. Lakin ara-sıra televiziya ilə nümayiş etdirilən bir neçə dəqiqəlik
lent Ələsgər Ələkbərov
ilə Qacar rolunun ifaçısı Sidqi Ruhullanın öz obrazlarına sərf etdiyi enerjinin, hissin hətta televiziya ekranından adama sirayət edən çəkisi həmin tamaşanın seyrçisinin
nə qədər zövq aldığını
anladır.
Vaqif obrazı aktyor
Ələsgər Ələkbərova
böyük şöhrət
və xalq məhəbbəti qazandırıb.
Görkəmli aktyor demək
olar ki, 1963-cü ildə vəfat edənədək bu rolun əvəzsiz ifaçısı olub.
Bəs Vaqif Ələsgər Ələkbərovdan nələri
alıb? Görkəmli aktrisamız Barat Şəkinskaya
hər dəfə sənət dostu Ələsgəri yadına
salanda deyərdi ki, Vaqif möhürü
daşıyan aktyor ömür boyu çox arzuladığı
komik rollara həsrət qalıbmış.
Vaqiflə başlayan lirik-mübariz
baş qəhrəman
rolları silsiləsi
digər teatr rejissorlarına Ələsgər
Ələkbərovun aktyorluq
istedadını başqa
tərəfdən göstərmək
cəsarəti verməyib.
Sənətkar
imzası, rejissor diktəsi
Çox maraqlıdır ki,
Ələsgər Ələkbərovun
vəfatından və
Adil İsgəndərovun
Akademik Milli Dram Teatrından gedişindən
sonra da "Vaqif" pyesi repertuardan çıxarılmır.
Vaqifi hələ Ələsgər
Ələkbərovun sağlığında
özünü baş
rolda sınamış
görkəmli aktyorlar
Rza Əfqanlı və İsmayıl Dağıstanlı oynayıblar.
Hətta
1966-cı ildə Səməd
Vurğunun 60 illik yubileyi ilə əlaqədar tamaşadan
9-cu şəkil lentə
alınıb. Həmin
lent yazısında Vaqifi
Rza Əfqanlı ifa edib. Ötən
əsrin 70-80-ci illərində
"Vaqif" tamaşası
ara-sıra yenə repertuara qayıdıb, amma Adil İsgəndərovun
quruluşu yenilənməyib,
nə də potensial baxımından adıçəkilən korifey
sənətkarlarımızdan heç də geri qalmayan aktyorlar
- Həsənağa Turabov
və Səməndər
Rzayev də Ələsgər Ələkbərovun
Vaqif obrazına yansıtdığı cazibənin
təsirindən çıxa
bilməyiblər.
Görünür
ki, həmin Vaqifin cazibəsindən çıxmaq üçün
"Vaqif"in rejissor
yozumu dəyişməliydi:
yozumun dəyişməsi
isə müəllif mətnini fərqli tərzdən "oxuyub"
çatdırmağı tələb
edirdi.
Bu günün
"Vaqif"i
Ötən teatr mövsümündə
S.Rəhman adına
Şəki Dövlət
Dram Teatrı Səməd
Vurğunun "Vaqif"
dramına müraciət
etdi. Tamaşaya elə ilk yaradıcılıq
addımlarını Şəkidə
atmış, hazırda
Moskvada yaşayan rejissor, Azərbaycanın Əməkdar artisti Mərdan Feyzullayev quruluş vermişdi.
Bəri başdan deyək ki, pyesin mətninə xeyli əl gəzdirilmiş, əsərdəki bütün qadın obrazları çıxarılmış, süjetdəki bütün yanaşı xətlər: qadın-kişi sevgisi, xalq ilə hakimiyyət arasında uçurum, ailə çərçivəsində xəyanət xətləri aradan qaldırılaraq, bir tərəfdən Rusiyaya birləşmək məcburiyyəti, digər tərəfdən də Qacarın işğalı arasında çabalayan Qarabağ xanlığının taleyi qabardılmışdı. Təbii ki, əsərdəki baş qəhrəmanın obraz yükü də tamamilə dəyişmişdi. Bu üzdən də Əməkdar artist Əbülfət Salahov istəsəydi belə, onun Vaqifi korifey aktyorların yaratdığı Vaqifə oxşaya bilməzdi. Obrazın dramaturji yükü, əsərin xalqın sevimli şairinin başında dolanan şəxsi qovğaların büsbütün ictimailəşməsi bizi başqa bir Vaqiflə tanış etdi.
Sabah bizə "Vaqif" lazımdırmı?
Ola bilsin ki, bu suala "yox" cavabı verənlər təsdiq cavabı verənlərdən çox olsun. Hər iki tərəfi qınamaq olmaz. Sadəcə, "lazımdır" deyənlər gərək bir məqamı gözləsinlər ki, dramatik teatrda monumentallıqdan dünya çoxdan əl çəkib, səhnədə pafos, sərt hərəkətlər dövrü bitib və bütün bunları sevən, qavrayan tamaşaçı demək olar ki, qalmayıb.
Əlbəttə, çox yaxşı olardı ki, böyük şair, Azərbaycan ədəbi dilini maksimal saflaşdıran Molla Pənah Vaqifin 300 illik yubileyi ilində ölkə teatrlarında, ya da televiziya kanallarında onun taleyinin, yaradıcılığının əks olunduğu yeni tamaşalar qurulsun, təzə əsər yoxsa, Vaqifin həyatının Şuşa dövrünün ən gerçək bədii əksi olan Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanı səhnələşdirilsin, ya da roman əsasında mini serial çəkilsin.
* * *
Biz arzumuzu bildirdik. Onu həyata keçirmək üçünsə təkcə bu gün yox, həm də gələcək üçün işləməyi planlayan ssenaristlər, rejissorlar, prodüserlər düşünsün.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 17 may.-
S.11.