“İnteryerdə musiqi
və həqiqət”
Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq muzeylər günü münasibətilə “İnteryerdə musiqi və həqiqət” adlı tədbir-sərgi keçirildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir haqqında məlumat verdi. Qeyd etdi ki, bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən əlamətdar gün üçün “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu mövzudan çıxış edərək arxiv materialları əsasında “İnteryerdə musiqi və həqiqət” adlı sərgi hazırlayıb. Sərgidə müəyyən dövrlərdə repressiyaya məruz qalan Azərbaycan mədəniyyətinin bir çox xadimlərinə aid eksponatlar nümayiş olunur.
Vurğulandı ki, muzeyin fondunda saxlanılan eksponatlar həmişə ziyarətçilərin marağına səbəb olub. Beynəlxalq muzeylər günü münasibətilə muzeydə “açıq qapı” aksiyası da üç gün - mayın 20-dək davam edəcək.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev mövzu ilə bağlı fikirlərini bölüşdü.
Sonra “İçərişəhər” Tarix Muzeyinin baş elmi işçisi Fidan Seyidova “Bilmək və unutmamaq” mövzusunda məruzə ilə çıxış etdi.
Beynəlxalq muzeylər gününə həsr olunmuş video-çarx nümayiş olundu.
Tədbir muzeyin Qədim musiqi alətləri ansamblının konsert proqramı ilə davam etdi.
Fariz
Mədəniyyət.- 2017.- 19 may.-
S.2.