Dekorativ-tətbiqi sənətdə sosialist realizmi
Beynəlxalq muzeylər günü ilə əlaqədar Xalça Muzeyində sərgi
Mayın 18-də Azərbaycan Xalça Muzeyində “Dekorativ-tətbiqi sənətdə
sosialist realizmi” sərgisinin açılış
mərasimi keçirildi.
Beynəlxalq muzeylər günü
münasibətilə təşkil
olunan sərgidə muzeyin kolleksiyasından nümunələr yer almışdı.
Mərasimi muzeyin direktoru, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan
Milli Komitəsinin sədri Şirin Məlikova açaraq 18
may - Beynəlxalq muzeylər
günü haqqında
məlumat verdi. Bildirdi ki, əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının
təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Məqsəd
muzeylərin cəmiyyətin
həyatında nə
dərəcədə mühüm
rol oynadığını
göstərməkdən ibarətdir.
Qeyd olundu ki, bu
il əlamətdar
gün “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin
səslənməsi” mövzusuna
həsr olunub. Bu mövzu muzeylərin
insanlar arasında sülhü təbliğ edən mərkəzə çevrildiyini vurğulayır.
Şirin Məlikova onu da diqqətə çatdırdı ki, 18
may Azərbaycan üçün
acı bir tarixdir. Ölkəmizin dilbər guşələrindən
olan Laçın rayonu 1992-ci ilin bu günündə Ermənistan tərəfindən
işğal edilib.
Ümumilikdə Azərbaycanın
Dağlıq Qarabağ
bölgəsi və ona bitişik 7 rayonun işğalı nəticəsində 762 mədəniyyət
abidəsi və 1431 mədəniyyət müəssisəsi,
o cümlədən 22 muzeyi,
4 rəsm qalereyası
erməni faşistləri
tərəfindən dağıdılıb.
Direktor əmin olduğunu bildirdi ki, Azərbaycan
Prezidentinin həyata keçirdiyi qətiyyətli
siyasət nəticəsində
işğal altındakı
bütün torpaqlarımız
azad ediləcək.
Məlumat verildi ki, “Dekorativ-tətbiqi sənətdə sosialist realizmi” sərgisində nümayiş olunan əsərlər SSRİ dağıldıqdan sonra ilk dəfə təqdim edilir. Bu sənət əsərləri müəyyən ideoloji mühitlə bağlı olsa da, sənətkarlıq baxımından yüksək dəyərə malikdir.
Mədəniyyət və Turizm Nazirliyi Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova ölkəmizdə muzey işinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Vurğulandı ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ümummilli lider respublikada muzey şəbəkəsinin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının mənzil-muzeyləri, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri ümummilli liderin şəxsi təşəbbüsü sayəsində yaradılıb. Son illər bu sahənin inkişafı ilə əlaqədar ölkə başçısı İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb. Muzeylər yeni binalarla təmin edilib, ekspozisiyaları yenilənib. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir neçə yeni muzey fəaliyyətə başlayıb.
Tədbirdə digər çıxış edənlər də Beynəlxalq muzeylər gününün əhəmiyyətindən söz açdılar. Bu əlamətdar günün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilməsinin önəmi vurğulandı.
Daha sonra Beynəlxalq muzeylər gününə həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbir iştirakçıları sərgi ilə tanış oldular.
Qeyd edək ki, hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir. Beynəlxalq muzeylər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən, mayın 18-dən 20-dək ölkənin muzeylərində və mədəniyyət qoruqlarında “Açıq qapı” aksiyası keçirilir.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 19 may.-
S.3.