Həyatı səmimi
təbəssümlə təsvir edən yazıçı
Xalq yazıçısı,
kinodramaturq Maqsud İbrahimbəyovun xatirəsi yad edilib
Mayın 16-da Səməd Vurğun
adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində
Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud
İbrahimbəyovun (1935-2016) xatirə gecəsi keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım
Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.
Maqsud İbrahimbəyov tələsməyən
tərzdə qeyri-adi və gündəlik hadisələr haqda
yazaraq, personajlarının mənəvi dünyasını dərindən
tədqiq edərək xasiyyətlərini oxucuya
çatdırırdı. Əsərlərində ümumbəşəri
problemlər kontekstindən çıxış edərək,
öz ənənələri ilə güclü olan Şərq
insanının həyat tərzini göstərirdi.
Yazıçının bir sıra əsərləri (“Mezozoy
əhvalatı”, ”Bayquş gələndə”, "Truskavetsə
kim gedir?" və s.) ekranlaşdırılıb. O, həmçinin
“Bizim Cəbiş müəllim”, “Uşaqlığın son
gecəsi”, “Ən vacib müsahibə” və s. filmlərin
ssenari müəllifidir.
“Maqsud hamıya gülümsəyir”
adlı gecə yazıçının sevdiyi bəstəkar
Tomaso Albinoninin “Adajio” əsəri ilə başladı.
Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr
Şarovski zalda Maqsud İbrahimbəyovun
doğmalarının, dostlarının, onun istedadının
pərəstişkarlarının
toplaşdığını deyərək,
yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız
gülüşünü bəxş etdiyini bildirib. O,
Prezident İlham Əliyevin yazıçının 70 illik
yubileyində Maqsud İbrahimbəyov haqda dediyi “Sənətkarı
həyatda ikən qiymətləndirmək lazımdır”
sözlərini xatırladıb.
Xatirə gecəsində
çıxış edən Azərbaycanın Birinci
vitse-prezidenti xanım Mehriban Əliyeva bildirib ki, Maqsud
İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan
mədəniyyətini və incəsənətini zənginləşdirib,
həm də dünya mədəni irsinə layiqli töhfələr
verib. Təsadüfi deyil ki, onun əsərləri 30-a
yaxın dilə tərcümə edilib.
Vurğulanıb ki, Maqsud
İbrahimbəyov qeyri-adi dərəcədə parlaq və
çoxşaxəli şəxsiyyət idi: “Dramaturq və
kino xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət
və parlaq polemist. Onun nəsri dinamik, bəzən kədərli,
bəzən də dramatik idi. Amma həmişə çox səmimi
və dərin fəlsəfi məna ilə zəngin idi.
Əminəm ki, onun yaradıcılığına bir dəfə
müraciət edən hər kəs sonra dəfələrlə
onun əsərlərinə qayıdır, özləri
üçün yeni nə isə tapırdılar. Onun hər
bir əsəri zamanın ruhunu əks etdirməkdən
başqa, həm də düşünməyə - həyatın
mənası, hər kəsin bu həyatda görəcəyi
işlər barədə düşünməyə vadar
edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi,
böyük istedada nəsib olur”.
Qeyd olunub ki, Maqsud İbrahimbəyov
rus dilində yazsa da, hər bir əsəri, bütün
yaradıcılığı doğma torpağa, doğma mənbələrə,
doğma köklərə böyük məhəbbətlə
aşılanıb. Onun sevimli Bakı şəhəri isə
çox vaxt, demək olar, əsərlərinin əsas
iştirakçısı idi: “Maqsud müəllim mərd,
öz prinsiplərini bütün həyatı boyu
daşıyaraq, onları müdafiə edən insan idi. Ən
başlıcası isə, Maqsud müəllim bütün həyatı
boyu laqeyd insan olmayıb. Bu insan haqqında, onun
yaradıcılığı, yüksək mənəvi və
insani keyfiyyətləri barədə çox danışmaq
olar. Mən əminəm ki, zaman keçdikcə insanlar
böyük yazıçı Maqsud İbrahimbəyovun Azərbaycan
mədəniyyəti və incəsənətinin
inkişafında xidmətlərini daha dərindən dərk
edəcəklər”.
Yazıçının həyat
yoldaşı Anna İbrahimbəyova çıxış edərək
ədibin xatirəsinə hörmətə görə
Prezident İlham Əliyevə və birinci xanım Mehriban
Əliyevaya təşəkkürünü bildirib.
Yazıçının dostu,
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci
müavini Mixail Qusman vurğulayıb ki, Maqsud İbrahimbəyovun
başlıca silahı söz idi. O, söz duelində qeyri-adi
dərəcədə zərif idi, eyni zamanda söz
döyüşündə alınmaz sədd idi.
Yazıçı sözün qüdrətinə,
sözün hər şeyə qalib gələcəyinə
inanırdı və o, tam haqlı idi.
Xatirə gecəsində
yazıçının əsərlərindən
parçalar təqdim olunub, Maqsud İbrahimbəyovun
dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri
səslənib.
Sonra ədibin həmkarlarının
və yaxın dostlarının müsahibələrinin yer
aldığı sənədli film nümayiş etdirilib.
Film “Maqsud İbrahimbəyov kimi
yazıçılar dünyalarını dəyişmirlər.
Onların həyatında təkcə bir tarix var: dünyaya gəldikləri
tarix” sözləri ilə yekunlaşır.
Mədəniyyət.- 2017.- 19 may.-
S.8.