Kurs işinin mövzusu: "Poçt qutusu"
İ.K.Karpenko-Karoqo adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbəsi Lalə Dəmir Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsi əsasında film çəkir. Azərbaycan Televiziya və Radio Yayımları Şirkətində çalışan Lalə adıçəkilən ali təhsil ocağında televiziya rejissoru ixtisası üzrə qiyabi təhsil alır. "Poçt qutusu" 2-ci kurs tələbəsinin kurs işidir.
Lalənin niyə görə məhz "Poçt qutusu" hekayəsinə müraciət etməsi bir qədər qəribə görünə bilər. Axı, bu hekayəni hələ 1967-ci ildə Azərbaycan televiziyasında görkəmli rejissor Rauf Kazımovski ekranlaşdırıb. 14 dəqiqəlik həmin ekran əsəri bu gün də qısametrajlı Azərbaycan bədii televiziya filmlərinin şedevri sayılmağa layiqdir. Lalə bu suala belə cavab verdi: "Əslində mənim çəkdiyimi film adlandırmaq düz çıxmır. "Poçt qutusu" kurs işi olaraq, cəmi 7-8 dəqiqəlik bədii lent, ekranlaşdırmadır. O ki qaldı seçimimə, mən istədim ki, "Poçt qutusu"nun vasitəsilə Mirzə Cəlili Ukraynada da tanıdım. Filmdə Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Nazir Rüstəmov (Xan), A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov (Poçt işçisi) və Sumqayıt Dövlət Dram Teatrının aktyoru Elmir Mehdiyev (Novruzəli) çəkiliblər. Texniki dəstəyə görə də doğma kollektivə - AzTV-yə minnətdaram. Hazırda film montaj prosesindədir".
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 19 may.-
S.11.