“Sərt
üslub”un ilk qaranquşu
Bir əsərin tarixçəsi
Söhbət görkəmli fırça
ustası, SSRİ Xalq
rəssamı, akademik
Tahir Salahovun “Növbədən qayıdanlar”
(1957) adlı rəngkarlıq
əsərindən gedəcək.
“Bir əsərin tarixçəsi”ndə artıq
üçüncü dəfədir
ki, keçmiş
SSRİ-nin mərkəzi
şəhərlərində ali ixtisas
təhsili alan həmyerlilərimizin diplom
işlərindən söz
açırıq.
Bundan öncə Moskvada
təhsil almış
Vəcihə Səmədovanın
və Sankt-Peterburqda oxumuş Vaqif Ucatayın əsərlərinin
bədii-estetik məziyyətlərindən
danışmışdıq. Qeyd edək ki, V.Səmədova və V.Ucatayın diplom işlərinin diqqət çəkməsində
onların Azərbaycan
tarixinin müəyyən
səhifələrinin bədiiləşdirilməsi
baxımından önəm
daşımışdısa, T.Salahovun haqqında söz açmaq istədiyimiz “Növbədən
qayıdanlar” tablosu isə həm də zamanında keçmiş SSRİ məkanında
bədii proseslərin
fərqli məcraya yönəldilməsində önəmli
rol oynamışdı.
Başqa sözlə desək, uzun illər ərzində bir qədər “soyuq-quru” realizmin əsas bədii ifadə vasitəsi hesab olunduğu sovet rəssamlığı
məkanına canlanma
gətirmiş, az sonra sənət tarixçilərinin “sərt
üslub” kimi terminləşdirəcəkləri həyata və onun hadisələrinə yeni bədii baxışın başlanğıcını
qoymuşdu.
Əslində, sovet təsviri
sənətində dəyişikliyə
meylin ilk işartıları
artıq ötən əsrin 50-ci illərinin ortalarında duyulmağa başlamışdı. Amma bu meyl bir qədər
də xaotik tutum aldığından yaradıcı gənclərin
əsas axtarışlarının
istiqamətini müəyyənləşdirmək
və ümumiləşdirmək
bir qədər çətin idi. Etiraf edək ki, rəssamların
artıq ənənəviləşən
və çoxlarına
darıxdırıcı görünən
“bədii ehkam”ların
yeni ruha köklənməsində sovet
ideoloqlarının özləri
də maraqlı idilər. Onların 1954-cü ilin yanvarında
Moskvada - Mədəniyyət
işçilərinin Mərkəzi
evində gənc rəssamların çəkdikləri
etüdlərdən ibarət
sərgi təşkil
olunmasına icazə vermələri də bunun təzahürü idi. Bu gün
zaman distansiyasından
qətiyyətlə demək
olar ki, rəngkarların yaradıcı
təxəyyüllərinin daha təravətli ifadəsi olan həmin etüdlərdə
tamaşaçılar ilk dəfə
həyat hadisələrinə
çox səmimi və emosional münasibəti gördülər.
Bu da hamıda
yaxın vaxtlarda daha irihəcmli tablolarda gerçəkliyi
həm də romantik duyğulara bələməyə meylli
olan axtarışların
daha dolğun ifadəsini görməyə
inandırırdı.
Elə o vaxtlar V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda
təhsil alan gənc Tahir Salahov da 1954-cü ilin yayında Qazaxıstanda işlədiyi
etüdləri (“Xam torpağın sakini”, “Gecə” və “Aqronom”) paytaxtda xam torpaqlara həsr olunmuş sərgidə nümayiş
etdirməklə özünün
yeniliyə meylli - geniş yaradıcı potensiala malik olduğuna həmkarlarını
inandırmışdı. O vaxtlar Moskva mətbuatında yer almış məqalələrdə
gənc azərbaycanlı
fırça ustasının
əsərlərinin təqdir
olunması da onun yaradıcılıq axtarışlarına ümidlə
baxmağa əsas verirdi.
1955-ci ilin yayında Bakıya yay tətilinə gələn Tahir Salahov respublikanın ədəbiyyat və incəsənət xadimlərindən
ibarət qrupun tərkibində yenicə istismar olunan və dünyanın “səkkizinci möcüzəsi”
adlandırılan məşhur
Neft daşlarında olur. Gördüklərini çoxsaylı mənzərə
və portretlərdə
əbədiləşdirən rəssam geriyə zəngin təəssüratla
qayıdır. Onun 1955-ci ildə
təşkil olunan respublika sərgisində nümayiş olunan “Dalğalar” və “Estakada” əsərləri
də bu səfərin hamıya maraqlı görünə
biləcək dəyərli
bədii ifadəsi olur.
Rəssamın
tələbəlik illərində
dənizlə bağlı
yaratdığı “Xəzər
axşamı”, “Neft daşları” və s. əsərləri onu bu mövzuda diplom işi çəkməyə həvəsləndirir.
Belə ki, gecə-gündüz sahildən
uzaqlarda - açıq
dənizdə dalğaların
qoynunda, “Xəzri”nin təzyiqləri altında “qara qızıl” çıxaranlarla
ünsiyyətdə olan
gənc rəssam bu cəsur insanların
obrazlarını bir
an belə unuda bilmirdi. İstəyi açıq dənizdə
müşahidə etdiyi
neftçi fədakarlığına
müvafiq əsər
yaratmaq idi. Onun niyyəti institut rəhbərliyi tərəfindən
təqdir olunur və o, irihəcmli tablo üzərində
(165x368 sm) işə başlayır.
Gənc rəssam müasir
və bir qədər də ənənəvi mövzuya
müraciət etməsinə
baxmayaraq, diplom işində fədakar əməkdən qaynaqlanan,
romantikliyin təminatçısı
olan poetik ritmi və dinamikanı
özünəməxsus sərt
bədii şərhlə
göstərmək istəyirdi.
Onun yaradıcı səyləri
nəticəsiz qalmadı.
Beləliklə, Tahir Salahov 1957-ci ildə professor
P.D.Pokarjevskinin rəhbərliyi
altında “Növbədən
qayıdanlar” adlı diplom işini “əla” qiymətlə müdafiə edərək
sovet təsviri sənətində yeni səhifə açdığını
təsdiqlədi.
Bədii-estetik
tutumuna görə sovet incəsənətində
novatorluğun nümayişi
kimi qəbul olunan bu əsər,
sözün əsl mənasında, elə o gündən gənc rəssamın “tanınma nişanı”na çevrilməklə
onu “uğur atı”na mindirdi, desək, yanılmarıq.
İlk baxışda bir qədər də sadə görünən üfüqi kompozisiya dəniz neftçilərinin iş növbəsindən qayıdışına həsr olunmuşdur. Rəssam onların neftçilər üçün salınmış şəhərcikdəki yataqxanaya dönüşlərinə bədii görkəm verməyə çalışıb. Müəllif polad borular üzərində taxtalardan salınmış yolla irəliləyən gənc neftçiləri fədakar əməyin romantikasına bələdiyindən, onlar cəlbedici olduqları kimi, həm də duyğulandırıcıdırlar. Taxta yola hər iki tərəfdən “sığal” çəkən dalğaların və bəyaz qağayıların ritmli uçuşunda əməyin ruhlandırıcılığını və ecazkar məkanın duyğulandırıcılığını şərtləndirən bədii məqamlar kifayət qədərdir. Bunu küləyə qarşı irəliləyən gənc oğlan və qızların vüqarlı duruşlarından və qətiyyətli addımlarından da duymaq mümkündür. Neftçi fiqurlarının işıqlı fonda axıcı ritmə əsaslanan özünəinamlı düzülüşləri, onların açıq dənizdə tez-tez üzləşdikləri küləyə mətanətlə duruş gətirmələrini göstərən ifadəli siluetləri də bunu təsdiqləyir. Günəş şüalarının təsiri ilə sarımtıl-bəyaz görkəm almış havanın və ətraf mühitin əmək adamlarının fiqurlarına təsirini böyük ustalıqla bədiiləşdirən rəssam, süjetin əmək adamlarını sınağa çəkən “sərt” məkanla bağlılığına baxmayaraq, onu işıqlı-nikbin çalara bələməklə, bir qədər də lirik-poetik ruha köklənməsini şərtləndirmişdir. Bu əsər sonrakı illərdə yaradacağı müxtəlif janrlı lövhələrində bir qədər də “sərt”ləşəcək Tahir Salahovun kolorit-rəng baxımından ən zəngin tablolarından sayılmaqdadır.
Əsərdə “sərt üslub”un səciyyəvi bədii məziyyətlərindən sayılan lakonizmin qabarıqlığını “rəng seli”ndə yüksək sənətkarlıqla “əridən” gənc rəssam hava, dəniz və fiqurlar arasında cəlbedici bədii əlaqə yaratmağa nail olmuşdur. Onun rəng palitrası nə qədər yığcam olsa da, müxtəlif çalarların məntiqli qarışması ilə kolorit dolğunluğu, süjetin cəlbediciliyi və yaddaqalanlığı əldə olunmuşdur...
Hazırda Rusiya Rəssamlıq Akademiyası Elmi-Tədqiqat Muzeyinin (Sankt-Peterburq) eksponatı olan əsər elə yarandığı ildə diplom işlərinin ümumittifaq sərgisində uğurla nümayiş etdirilmiş, ən tələbkar sənət xiridarlarının rəğbətini qazanmışdı. 1957-ci ilin sonlarında isə əsər Böyük Oktyabr sosialist inqilabının ildönümünə həsr olunmuş ümumittifaq sərgisində (Moskva) rəğbətlə qarşılandı. Bir il sonra əməyin romantikasını əks etdirən “Növbədən qayıdanlar”ı sosialist ölkələrinin təsviri sənəti sərgisində gördülər. Bir sözlə, özündə əmək mövzusunun ictimai mahiyyətə bələnməsini ehtiva edən bu tablo sovet, o cümlədən də Azərbaycan təsviri sənətinin ən böyük uğuru kimi dəyərləndirildi.
O vaxt Tahir Salahovun və SSRİ məkanında yaşayan bir neçə həmfikrinin (N.Andronov, V.İvanov, P.Ossovski, V.Popkov, N.Qasımov və s.) əmək motivlərini poetikləşdirmələri sovet incəsənətində əvvəllər mövcud olmayan yeni bədii nəfəsin təzahürü - yeni mərhələnin başlanğıcı idi. O dövrdə gənc rəssamların yeni sənət axtarışları daha çox əmək mövzusu ilə “pərdələndiyindən” rejim ideoloqlarının ciddi etirazı ilə qarşılanmadı. Əvəzində 1968-ci ildə T.Salahovun “sərt üslub”lu əsərlərinin SSRİ Dövlət mükafatına layiq görülməsi bu cərəyanın dolayısı təqdiri oldu...
Ziyadxan
Əliyev
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2017.-19 may.-
S.12.