Sağ ol, Bakı!
Sağ ol, Azərbaycan!
IV İslam Həmrəyliyi Oyunlarının
təntənəli bağlanış
mərasimi keçirildi
Azərbaycan daha bir mötəbər
beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün
ərzində İslam
dünyasının idman
nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün
həqiqi mənasında,
əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə
yadda qaldı. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın
dövlət himni 75 dəfə səsləndi,
dövlət bayrağı
162 dəfə qaldırıldı.
Mayın 22-də Bakı Olimpiya
Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının
təntənəli bağlanış
mərasimi keçirildi.
Tamaşaçılar Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevi, birinci xanım,
“Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının
baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamladılar.
* * *
“Bakı-2017”nin
uğurunu şərtləndirən
iki amili xatırlatmaq yerinə düşər. Yarışların gedişi bir
daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi
ilə Oyunlara yüksək səviyyədə
hazırlıq görülüb.
Bakının 16 idman arenası
on gün ərzində
tam qüsursuz fəaliyyət
göstərdi və yaradılan şərait həm idmançıların,
həm də tamaşaçıların ürəyincə
oldu. Əminliklə demək olar
ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə
möhtəşəm idman
bayramı kimi yazıldı.
Oyunların uğurunu təmin
edən digər mühüm amil son illər Azərbaycanın
beynəlxalq idman tədbirlərinin keçirilməsində
qazandığı zəngin
təcrübədir. Azərbaycan
ilk Avropa Oyunları,
42-ci Ümumdünya Şahmat
Olimpiadası, 17 yaşadək
futbolçular arasında
Avropa çempionatı,
bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər yarışlara
uğurla ev sahibliyi edib, özünü dünyada
idman ölkəsi olaraq tanıda bilib. IV İslam
Həmrəyliyi Oyunlarında
idmançılarımızın qələbələri bunun
daha bir nümayişi oldu.
54 ölkədən
3 mindən çox idmançının qatıldığı,
idmanın 24 növü
üzrə keçirilən
yarışlarda atletlər
269 dəst medal uğrunda
mübarizə aparıblar.
Azərbaycan idmançıları
komanda olaraq yarışları birinci pillədə başa vurublar: 75 qızıl, 50 gümüş və 37 bürünc medal. Türkiyə
ikinci (71 qızıl,
cəmi 195 medal), İran
üçüncü (39 qızıl,
cəmi 98 medal), Özbəkistan
dördüncü (15 qızıl,
cəmi 63 medal), Bəhreyn
beşinci (12 qızıl,
cəmi 21 medal) yerdə
qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin
idmançıları medal qazanıb.
* * *
Oyunların açılış mərasimində olduğu
kimi, bağlanış
mərasimi də rəngarəng kompozisiyalarla
yadda qalıb. Meydandakı nəhəng səhnə tərtibatı İslam incəsənətinin həndəsi
naxışlarına və
ənənəvi Azərbaycan
xalçalarının elementlərinə
əsaslanmışdı. Səhnənin mərkəzində
döymə üsulu ilə hazırlanmış
və hamarlanmış
diametri 8 metr olan böyük su sinisi və
hündürlüyü 25 metrə
çatan “Həyat ağacı” yerləşdirilmişdi.
Stadiondakı nəhəng monitorda
İçərişəhər canlandı. Gənc qadın burada
havaya qızılı
toz üfürdü.
Gilavar qonaqpərvərliyi və
xeyirxahlığı ilə
məşhur olan ölkəmizdə hər
qapını açaraq
onu bütün Azərbaycana yaydı.
Azərbaycan bayrağı Xüsusi
Dövlət Mühafizə
Xidmətinin Milli Qvardiyasının hərbçiləri
tərəfindən stadiona
gətirilərək, dövlət
himninin sədaları
altında dirəyə
qaldırıldı. İdmançıların paradı başladı.
İslam
Həmrəyliyi Oyunlarında
iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil oldular.
Səhnədə
quraşdırılmış “Həyat ağacı”na su verildi
və o, rişə atmağa başladı. Aktyorlar qrupu üç rəngdə - yaşıl,
qəhvəyi və göy rəngdə 60 ipək zolaqla səhnəyə çıxdılar.
Süni quşlar onların başları üzərində
uçur və bu zaman ipək
zolaqlar birləşərək
gözəl mənzərə
yaradır. Yaşıl rəng
- meşələri, qəhvəyi
- dağları, göy
isə çayları
təcəssüm etdirirdi.
İpək zolaqlar sonda
Azərbaycan bayrağının
formasını aldı.
Stadiondakı ekranlarda 10 günün
idman yarışlarından
epizodlar nümayiş
etdirildi. “Şərəfli ölkə”,
“Xəzərin üzərində
nur”, “Həmrəylik ruhu” kompozisiyaları bir-birini əvəzlədi.
Bakı İslamiadanın birlik və həmrəylik ruhunu dünya ilə bölüşdü.
* * *
Mərasimdə
çıxış edən
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti,
“Bakı-2017” Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva bildirdi ki, IV İslam Həmrəyliyi Oyunları
Azərbaycanın növbəti
tarixi qələbəsidir.
Azərbaycanın milli
komandası medallar cədvəlində birinci
yer tutaraq, bizi bir daha
fərəhləndirdi: “Bu günlər
ərzində Azərbaycan
xalqı qonaqpərvərliyini
və mehribanlığını
bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız
ümumi hesabda birinci yeri qazandı.
Bu tarixi qələbə
ilə fəxr edir və Azərbaycan
xalqını ürəkdən
təbrik edirəm.
Bundan da böyük qələbə
bu günlər ərzində nail olduğumuz
İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir.
Gəlin,
hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini
gücləndirək”.
Mehriban Əliyeva əmin olduğunu bildirdi ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın
qonaqları Azərbaycanla
bağlı xoş xatirələri öz qəlblərində qoruyub
saxlayacaqlar: “Olduqca fərəhləndiricidir ki,
Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Bu Oyunlar və bir çox digər mühüm beynəlxalq idman, humanitar və siyasi tədbirlər Bakının açıqlıq
və tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi.
Paytaxtımız İslam idman
ictimaiyyətini açıq
qəlblə qəbul
etdi və bu Oyunların uğurlu olması bütün Azərbaycanın
fədakarlığına və
qəhrəmanlığına işarədir. Bütün
dünyadan gəlmiş
qonaqlarımız özünün
qədim irsinə və ənənələrinə
sadiq olan, gələcəyinə qətiyyətlə
baxan ölkənin - Azərbaycanın zəngin
mədəniyyəti və
məşhur qonaqpərvərliyi
ilə tanış
oldular. Biz açıq
qəlblə sizi yenidən Azərbaycanda görməyimizi səmimiyyətlə
arzulayırıq”.
Təşkilat
Komitəsinin sədri
bu möhtəşəm
tədbirdə iştirak
etmiş hər bir şəxsə, idmançılara və tamaşaçılara, təşkilatçılara
və könüllülərə
təşəkkürünü bildirdi: “Mən qürur hissi ilə IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı
elan edirəm.
Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”
* * *
İslam Həmrəyliyi İdman Federasiyasının baş
katibi Faisal Abdulaziz
Al-Nasser çıxışında vurğuladı ki, bu möhtəşəm idman bayramı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, “Bakı-2017”nin Təşkilat Komitəsinin
sədri xanım Mehriban Əliyevanın və Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan
heyətin fəaliyyəti
sayəsində qonaqpərvər
ev sahibinin səyləri ilə mümkün oldu: “Dörd ildən sonra “İstanbul-2021” Oyunlarını
qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə
arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”
* * *
Monitorlarda
2021-ci ildə V İslam
Həmrəyliyi Oyunlarına
ev sahibliyi
edəcək İstanbul
şəhərindən görüntülərin,
idman qurğularının
əks olunduğu videoçarx nümayiş
etdirildi. Türkiyənin dövlət himni
- “İstiqlal marşı”
səsləndirildi və
Azərbaycan bayrağının
yanında qardaş ölkənin bayrağı
qaldırıldı.
Bağlanış mərasimi
“Birlik” adlı konsertlə davam
etdi və Bakı Olimpiya
Stadionunun üzərində möhtəşəm
atəşfəşanlıqla başa
çatdı.
Mədəniyyət.- 2017.- 24 may.-
S.3.