“Sərginin bu dərəcədə
rəğbət doğuracağını təsəvvür etmirdik”
“Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin
kolleksiyasından” adlı sərgiyə yekun
vurulub
Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində Fransanın “Total” neft-qaz şirkətinin təşkilatçılığı ilə təşkil olunan “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin bağlanış mərasimi keçirilib.
Tədbirdə muzeyin direktoru, sərginin kuratoru, professor Çingiz Fərzəliyev çıxış edərək Fransa mədəniyyətinin dünya mədəniyyəti xəzinəsində yerindən söz açıb: “Sərginin populyarlıq qazanacağına əmin idik, ancaq bu dərəcədə sənətsevərlər tərəfindən rəğbətlə qarşılanacağını təsəvvür etmirdik”.
Diqqətə çatdırılıb ki, muzeydə sərgilər adətən bir ay davam edir, sözügedən sərgi isə yeddi ay ərzində nümayiş olunaraq böyük maraq doğurub.
Gələcək layihələrdən danışan direktor yapon mütəxəssislərin iştirakı ilə hazırlanan Yaponiya mədəniyyətinin nəfis nümunələrindən ibarət növbəti sərginin nəzərdə tutulduğunu deyib.
Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez sərginin iki dövlət arasında dostluq münasibətləri, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd edib: “Səfir olaraq bu sənət məbədində xalqımın mədəniyyətinin nümayişindən böyük şərəf hissi duyuram. Eyni zamanda sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk”.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək
ki, muzeyin Fransa incəsənəti kolleksiyası 300-dən
artıq sənət əsərindən ibarətdir. Vernisajda kolleksiyanın bir
qismi nümayiş olunub. Sərginin xronoloji
çərçivəsi XVI əsrdən XX əsrin əvvəllərinə
qədər dövrü əhatə edir. Görkəmli rəssamlar Jül Düpre, Konstan Jan Benjamin,
Danyan Paskal Buvre, Qaspar Düqenin
tabloları, Jan Dallen,
Pyer Dreve, Jak Kallo, Şarl
Klemon, Nikolya Larjomi, Robert Qaymer kimi
tanınmış ustaların qravürləri, məşhur
heykəltəraşlar Klod Mişel Klodion, Jan Antuan Qudon,
Etyen Moris Falkone, Mari Rozali
Bonerin əl işləri yüksək
bədii məzmunu, ifadəliliyi, mükəmməl kompozisiya həlli ilə diqqəti cəlb edir. Sərgidə çini
qablar, müxtəlif metal
məmulatlar, tikmə və qobelen
kolleksiyası və s. nümunələr
də maraq doğurub.
Mədəniyyət.- 2017.- 24 may.-
S.6.