Bu dünyadakı hər kəsin
görünməyən bağları var ki...
“Leyli və Məcnun” marionet tamaşasından yaranan təəssürat
Belə deyirlər ki,
incəsənətin bütün
sahələrinin bir-birinə
oxşarlığı var,
ya da biri
digərinin davamıdır.
Teatrın kinoya, portret
və mənzərə
janrlarının fotoqrafiyaya
təbii təkamülü
və digər bu sayaq sənət
metamorfozlarını çözmək
fikrində deyilik.
Marionet teatrı da bir yandan geniş
teatr cameəsinin elitar üzvüdürsə,
digər tərəfdən
zərgərlik kimi incə bir sənətlə
qonşudur. Ya da öz inkişafına görə zərgər zövqlü və zərgər səbirli kuklaçılara borcludur.
Hər halda ötən
cümə (19 may) Bakı
Marionet Teatrının
paytaxtdakı digər
teatrları iltifatla qonaq etdiyi tamaşasının
seyrindən sonra insan belə düşünməyi haqq
edir.
* * *
Hamılıqla
toplaşıb ölməz
Üzeyirin əbədiyyət
bəxş etdiyi «Leyli və Məcnun»
operasının bəstəkar
Salman Qəmbərov tərəfindən bu teatr üçün uyğunlaşdırılmış variantını dinlədik,
teatrın aktyorlarının
can verdiyi kuklaların
“ifa”sında da dünyanın ən qəmli eşq hekayətini seyr etdik.
Cəmi 14 epizoda sığışmış,
əsas personajlarının
sayı səkkizə
endirilmiş «Leyli və Məcnun» marionet operasının seyri insanı çeşidli duyğulara
kökləyir. Qara
qutu prinsipində qurulmuş tamaşa, seyrçinin diqqətini yayındırmamaq üçün
başdan-ayağa qara
geyinmiş, hətta bəzi səhnələrdə
üzlərinə qara
niqab salmış aktyorlar marionet kuklaları musiqinin ritminə, tamaşanın
ovqatına uyğun hərəkət etdirir, nəfəsini dərmədən
səhnəni izləyən
bizləri qədim, erkən orta əsrlər yadigarı əhvalatın dövrünə
aparırlar. Personajların geyimi də
neytral bej (sarıyaçalan açıq-qəhvəyi)
rəngdədir. Rəng
qavrayışını öyrənən
psixoloqlar da deyirlər ki, bej rəng insanın
boyunu hündür göstərir, digər tərəfdən də onu torpaqla birləşdirir...
Ola bilsin ki,
marionetlərin libasındakı
bu rəng seçimi də insanın torpaqdan yaranıb yenidən torpağa dönəcəyinə
bir işarədir.
Səhnədə
işıqlı olan,
rəngi gözoxşayan
hadisələrə fon verən, epizodları bir-birindən
ayıran naxışlı
lövhələrdir. Əgər
xanəndələrin oxuduğu
Füzuli qəzəllərinin
vəzni, mətnlərdəki
ərəb-fars tərkibləri
bizi uzaq Ərəbistana aparırsa,
hərəkət edən
lövhələrdəki buta
çeşnili mükəmməl
naxışlar “Leyli və Məcnun” tamaşasını Azərbaycana
bağlayır...
Biz bu tamaşanı aktyorlar Fərizə Babayeva, Aysel Bədəlova, Hikmət Aydınoğlu, Əli Allahverdiyev, Tatyana Terentyeva və Sevil Quliyevanın ifasında gördük, Günay İmamverdliyeva, Mənsum İbrahimov, Cabir Həsənov, Qızılgül Babayeva,
Cahangir Qurbanov, Elgiz Əliyev və Ramiq Bayramovun
səsindən dinlədik.
* * *
Dünyada marionet teatrları
barmaqla sayılacaq qədərdir. Səbəbi? Zərgərliyi teatr tamaşası
ilə qovuşdurmaq asan deyil. Bir də bəlkə
bizim hamımızın
görünməz iplərlə
(tellərlə) nələrdənsə,
kimlərdənsə asılı
olduğumuzu etiraf edib göstərmək hünərdi axı...
Təki qəlbimizi gözəgörünməz
haqqa bağlayan tellər qırılmasın!
Gülcahan
Mədəniyyət.- 2017.- 24 may.-
S.7.