“Müasir İpək Yolu” turizm paketi
layihəsinin ikinci sınaq turu
İstanbuldan başlayan tur 14 gün ərzində
Türkiyə, Azərbaycan, Qazaxıstan və
Qırğızıstanı əhatə edəcək
Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) “Müasir İpək Yolu” turizm paketi layihəsinin həyata keçirilməsinə başlayıb. Aprel ayında layihənin ilk sınaq turuna start verilmişdi.
Mayın 19-da Bakıda “Müasir İpək Yolu” layihəsi çərçivəsində təşkil olunan ikinci sınaq tur-aksiyası ilə əlaqədar mətbuat konfransı keçirildi. Tədbirdə layihə haqqında ətraflı məlumat verildi, eləcə də turun Azərbaycanla bağlı mərhələsindən bəhs edildi.
Mətbuat
konfransına “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirən
4 ölkənin (Türkiyə, Azərbaycan, Qazaxıstan və
Qırğızıstan) nümayəndələri, habelə
Almaniya, Sinqapur və İrandan layihəni dəstəkləyən
üzvlər qatılmışdı. Layihədə tərəfdaş
qismində Azərbaycandan
“Millenium Turizm”, “Atlas
Travel” və “A la Carte Travel” şirkətləri iştirak
edir.
“A La Carte Travel” şirkətinin baş direktoru Nəsib Usubov çıxış
edərək layihənin
həyata keçirilməsi
istiqamətində görülən
işlərdən danışdı.
Bildirdi ki, media mənsubları, Türk Şurası təmsilçiləri və
hər ölkədən
turizm şirkətlərinin
nümayəndələrindən ibarət qrupun ilk sınaq turu aprelin 21-də başlayıb
və ayın 27-də
Bakıda sınaq turizm paketinin təqdimat mərasimi keçirilib. Mayın 12-dən Türkiyədən ikinci sınaq turu başlayıb və Azərbaycan mərhələsi
mayın 18-də yekunlaşır.
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin Planlaşdırma
və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov “Müasir İpək Yolu” turizm paketi
layihəsinin əhəmiyyətindən
danışdı. Bildirdi
ki, layihə türkdilli ölkələr
arasında mədəni,
turizm və iqtisadiyyat sahələrində
əlaqələrin genişlənməsinə
töhfə verəcək:
“Nazirlik bu layihəyə gündəmə
gələn vaxtdan öz dəstəyini verib və bundan
sonra da onu dəstəkləməyə
davam edəcək. Azərbaycan bu turizm paketindən
istifadə edən turistlər üçün
maraqlı məkandır.
Bu layihə ilə
ölkəmizin turizm imkanlarını, zəngin
mədəniyyətini tanıtmaq
və əlavə turist cəlb etmək imkanlarımız
genişlənəcək”.
Sektor müdiri onu da diqqətə çatdırdı ki, “Müasir İpək Yolu” turizm paketi layihəsi Azərbaycanın Gəncə, Naftalan, Şəki, Qəbələ və Bakı şəhərlərini əhatə edir.
Mətbuat konfransında çıxış edən Türk Şurasının nümayəndəsi Ceyhun Şahverdiyev bildirdi ki, turizm sahəsində əməkdaşlıq razılaşması 2014-cü ildə 4 ölkə - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentlərinin Bodrum zirvə görüşündə əldə olunub: “Bu layihə üzərində üç ilə yaxın müddətdə iş aparılıb. Dörd ölkə üzrə turun müddəti 14 gündür. Layihə gəlir əldə etməkdən daha çox bu ölkələrin dünyaya, bir-birlərinə tanıdılması, İpək Yolu xəttinin təbliği xarakteri daşıyır”.
C.Şahverdiyev vurğuladı ki, layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq artacaq. Tur İstanbuldan başlayır Azərbaycan, Qırğızıstana səfərlərdən sonra Qazaxıstanda bitir. 2023-cü ilə kimi 1 milyondan artıq turistin bu paketdən yararlanacağı nəzərdə tutulur. Bildirildi ki, marşrutun proqramı, saytının yaradılması, eləcə də tur paketlərin və beynəlxalq uçuşların uyğun tariflərinin formalaşması üzrə fikir mübadiləsi aparılıb. Marşrut çərçivəsində hər bir ölkə üzrə mədəni, tarixi dəyərləri, adət-ənənələri və digər turizm potensialını əhatə edən turlar təklif olunacaq.
Mətbuat konfransında Türkiyə, Qazaxıstan, Qırğızıstandan olan nümayəndələrlə yanaşı, Almaniya, Sinqapur və İrandan olan iştirakçılar da layihənin əhəmiyyətini vurğuladılar. Layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyəti qeyd olundu, onun uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi.
Qeyd edək ki, “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsi 2014-cü ilin aprelində Türk Şurası turizm nazirlərinin 1-ci toplantısında gündəmə gəlib, bununla bağlı işçi qrupu yaradılıb. Həmin ilin iyununda Türk Şurasının Türkiyənin Bodrum şəhərində keçirilən zirvə toplantısında prezidentlər səviyyəsində layihəyə dəstək verilib. Türkdilli dövlətlərin turizm nazirlərinin ötən il Azərbaycanda keçirilən 2-ci iclasında bununla bağlı müzakirələr də aparılıb.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 24 may.-
S.8.