Xalq artisti Məhluqə
Sadıqova yad edildi
Mayın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi,
Xalq artisti Məhluqə Sadıqovanın
xatirəsinə həsr
olunan tədbir keçirildi. Tədbir Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı
ilə gerçəkləşdi.
Xatirə gecəsində Xalq
artisti Ramiz Məlikov çıxış
edərək Məhluqə
Sadıqovanın Azərbaycan
incəsənətində xidmətlərindən
və yaratdığı
obrazlar qalereyasından
danışdı. Diqqətə çatdırıldı ki,
görkəmli aktrisa Akademik Milli Dram Teatrında ən müxtəlif janrlarda hazırlanmış tamaşalarda
yaddaqalan obrazlar yaradıb.
Sənətkarın ömür yolundan
söz açıldı.
Qeyd edildi ki, Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa
şəhərində dünyaya
göz açıb. Yaradıcılıq fəaliyyətinə 1936-cı
ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayıb. Ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağına həsr edib. Lirik və xarakterik
rolların ifaçısı
kimi teatr sənətimizin inkişafına
xidmətlər göstərib.
Səhnəmizə Azərbaycan qadınının
sadə və təmkinli danışığını,
şirin ləhcəsini
gətirən Məhluqə
Sadıqova XX əsr milli mədəniyyətimiz
tarixində məharətli
bədii qiraət ustası kimi də tanınıb.
O, uzun illər Azərbaycan Radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcılarından
olub.
Məhluqə Sadıqovanın sənətdə göstərdiyi
xidmətlər yüksək
qiymətləndirilib. O, respublikanın Xalq artisti fəxri adına, müxtəlif
təltiflərə layiq
görülüb.
Sonra Branislav Nuşiçin “Nazirin xanımı” əsərinin tamaşası nümayiş olundu. 1970-ci ildə Akademik Dram Teatrının səhnəsində görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi bu əsərdə Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb. Tamaşanın növbəti nümayişi unudulmaz aktrisanın xatirəsinə həsr olunub.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 24 may.-
S.10.