Naxışların sirləri - həyatın
mənası
Ədibə Musayeva Azərbaycanın ən tanınmış xalçaçılarındandır. Onun toxuduğu xalçalar dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyalarda, dövlət xadimlərinin, məşhur adamlarının evlərində saxlanılır. O, 40 ildir xalça toxuyur, xalçaçılığı ömrünün mənası bilir. Heç vaxt özünü başqa sənətdə görməyib. Ona görə hər zaman bu sənətin çətinliklərinə də dözüb, qatlaşıb.
Ədibə xanım Azərbaycanın qədim sənətkarlıq mərkəzlərindən olan Lahıcda doğulub. Bu sənətə gəlişi adi həvəsdən başlasa da, sonradan coşqun yaradıcılığa çevrilib. Onun bu sənətə gəlməyində böyük bacısı, xalçaçı Nüşabə Eybalıyevanın xidmətləri çox olub. Bacısı ona xalçaçılığın sirlərini öyrədib, hər zaman yardımçısı olub. Ədibə xanım 7 yaşından xalça sənətini öyrənməyə başlayıb. 11 yaşında Leninin portretini toxumağa başlayıb, iki ilə sona çatdırıb.
1981-ci ildə Ədibə xanımın həyatında dönüş ili olur, görkəmli sənətkar, Xalq rəssamı Lətif Kərimov onun işlərini bəyənir, çalışmaq üçün öz emalatxanasına dəvət edir. Bu əməkdaşlıq böyük ustad həyatdan gedənədək davam edir.
Ə.Musayeva: “Lətif müəllim mənim istedadımı, zövqümü duyub öz yanına çağırdı. Mən ondan çox şey öyrəndim. Uzun illər onun İnşaatçılar prospektindəki emalatxanasında xalça toxudum. Məni təhsil almağa qoymadı. Dedi ki, bilirəm, təhsil alandan sonra xalça toxumayacaqsan. Rəssam çoxdur, bizə yaxşı toxucu gərəkdir. Onun məşhur ”Əsrlərin nəğməsi” xalçasını da mən toxumuşam. Burada insan və heyvan təsvirləri çoxdur. 1989-cu ildə bu əsəri beynəlxalq sərgiyə aparmışdılar”.
Xalçaçının toxuduğu ən böyük əsərlərdən biri də rəssam Fəxrəddin Əlinin 20 Yanvar hadisələrinə həsr etdiyi “Şəhidlər” xalçasıdır. Xalça həmin hadisələrin birinci ildönümü münasibətilə hazırlanıb.
L.Kərimovun vəfatından sonra Ə.Musayeva “Lətif” şirkətində çalışmağa başlayıb. Burada da çoxlu xalçalar toxuyub. 1996-cı ildə onun həyatında daha bir dönüş baş verir. Məşhur xalçaçı, Xalq rəssamı Kamil Əliyev onu işləmək üçün rəhbərlik etdiyi “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinə dəvət edir. Tam 20 il - istehsalat birliyinin əsasında "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılanadək burada çalışır.
Ə.Musayeva son 20 ili yaradıcılığının ən məhsuldar və yaddaqalan dönəmi adlandırır. Bu müddətdə o, Azərbaycan xalçaçılığının ən gözəl örnəklərinin yaradılmasında böyük işlər görüb. Müsahibim etiraf edir ki, toxuduğu xalçaların say-hesabını bilmir.
Deyir
ki, xalça toxumaq kollektiv işidir. Burada hərənin öz işi var. Bəs Ədibə xanımı başqa toxuculardan fərqləndirən başlıca
özəlliyi, bacarığı
nədir? Onun ən böyük
istedadı portret xalçalarda insan üzünü olduğu kimi, dəqiq və incə şəkildə toxuya bilməsidir. Buna görə
də 40 illik fəaliyyəti dönəmində
demək olar, daha çox bu işi yerinə
yetirib: “İnsan üzünün dəqiq verilməsi çox çətindir. Həm Lətif Kərimov, həm də Kamil Əliyev bu işi mənə
tapşırardılar. Başqa toxucuların
da zəhmətləri
çox olurdu. Ancaq onlar əsərin başqa yerlərini toxuyurdular. İnsan üzünün dəqiq oxşadılması
çox vaxt aparır”.
Xalçaçı Ə.Musayevanın doğrudan da bacarıqlı portret ustası adlandıra bilərik. O, dünyanın
məşhur siyasi xadimlərinin portretini toxuyub. Həmin portretlər rəsmi
səfərlər zamanı
sahiblərinə təqdim
olunub. O, ABŞ-ın
keçmiş prezidenti
və xanımı Bil və Hillari
Klintonlar, Barak Obama, Səudiyyə
Ərəbistanının keçmiş
kralı Əbdül Əziz, Fransanın keçmiş prezidentləri
Jak Şirak, Nikola Sarkozi, Rusiya prezidentləri Boris Yeltsin, Vladimir Putin, Dmitri Medvedyev, Ukraynanın keçmiş prezidenti Lionid Kuçma, Türkiyə prezidentləri
Əhməd Necdət
Sezər, Rəcəb
Tayyib Ərdoğan, Gürcüstan prezidenti Mixeil Saakaşvili, eləcə də başqa dövlət və hökumət başçılarının xalça
portretlərini uğurla
yaradıb.
Ədibə xanım bir neçə il
fransız qobelen ustası Mirey Lipedlə əməkdaşlıq
edib, ona Azərbaycan xalçasının
sirlərini öyrədib.
Bu əməkdaşlıq nəticəsində 2001-ci ildə
Ə.Musayevaya Fransaya sərbəst gedib-gəlmək
üçün üçillik
viza verilib. Xalçaçı xanım orada
da fransızların diqqətini çəkib,
xalça sənəti
ilə bağlı ustad dərsləri keçib.
Ömrünün
40 ilini xalçaçılığa
vermiş usta hazırda işləməsə
də, həyatının
mənasını yenə
xalçalarda, naxışlarda
görür.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 24 may.-
S.12.