İntizar” operası müəllifin yubileyi münasibətilə nümayiş olunub

 

 

 

   Mayın 24-də Dövlət Akademik OperaBalet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə “İntizar” operası nümayiş olunub. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

   Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları Xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əkrəm Poladov, İnarə Babayeva, Fərid Əliyev, İlham Nəzərov, Səbinə Vahabzadə, Fəridə Məmmədova və aparıcı solist Tural Ağasıyev canlandırıb. Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

   İntizar” operası ilk dəfə (“Qarabağnamə” adı ilə) 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xalq artisti Cənnət Səlimovanın quruluşundadünya şöhrətli dirijor Arkadi Şteynluxtun idarəsi ilə nümayiş olunub.

   2009-cu ildə əsər Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş beynəlxalq festival günlərində Heydər Əliyev Sarayının səhnəsində tanınmış dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin konsert ifasında səsləndirilib.

   Növbəti il opera Heydər Əliyev Fondunun təşəbbüsü və Nərgiz Paşayevanın prodüser layihəsi əsasında hazırlanaraq, Heydər Əliyev Sarayında göstərilib. Bu dəfə operanın quruluşçu rejissoru MoskvaHelikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertman, quruluşçu rəssamı Hartmut Şorqhofer, dirijoru Vladimir Ponkin, xoreoqrafı Edvald Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova olub.

   Əsər 2014-cü ildə OperaBalet Teatrının səhnəsində bu dəfə teatrın baş rejissoru Hafiz Quliyevin quruluşunda yenidən səhnəyə qoyulub.

   Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan opera sənəti ənənəsini layiqincə davam etdirən Firəngiz Əlizadənin “İntizar” operasında XX əsrin əvvəlində yaşanan hadisələr, Azərbaycan xalqının ağrı-acıları, xeyirlə-şərin mübarizəsi, yadellilərin azərbaycanlı ailələrini amansızcasına qətlə yetirməsi əsas mövzu kimi götürülüb. Əsərin başlıca motivi xalqımızın Qarabağ dərdidir.

 

Mədəniyyət.-2017.- 26 may.- S.6.