Ömrün qəhrəmanınkı qədər
uzun olsun!
...Nəhayət ki, gözlədiyimiz oldu. Bilirdik ki, əməliyyatı uğurlu keçib. Bilirdik ki, əməliyyatdan sonrakı uyğunlaşma prosesinin də çətinliklərini geridə qoyub.
Həkimlər onun normal həyata qayıtmağa, səhnəyə çıxmağa hazır olduğuna qərar veriblər.
Amma yenə də intizarla gözləyirdik. Gözləyirdik
ki, A.Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrının aparıcı
aktyoru Rəhim Rəhimov öz ifası ilə, məhz onun iştirakı üçün
səhnələşdirilən tamaşalarda çıxışı
ilə pərəstişkarlarını
nə zaman sevindirəcək?
Teatrın rəhbərliyi böyrək
köçürməsi əməliyyatının
uğurundan sonra aktyorla ilk görüş
üçün elə
Rəhim Rəhimovun doğum gününü seçmişdilər. Beləcə, mayın 24-də Rəhim ötənilki mövsümün
milli teatr məkanında ən uğurlu tamaşalarından
biri - "Zəng"
monotamaşası ilə
səhnəyə çıxdı.
Salona toplaşan aktyorlar, sənət adamları, kütləvi informasiya vasitələrinin
nümayəndələri sözsüzlüyü
ilə çox söz deyən, uzun ömür yaşamış qoca müharibə veteranının
tənhalığını yenə də nəfəs dərmədən
izlədilər....
* * *
Teatrın baş rejissoru
Qurban Məsimovun ssenarisini yazıb quruluş verdiyi "Zəng" tamaşası
ömrünün ahıl
çağında həyat
yoldaşını itirmiş,
övladlarından ayrı
yaşayan Qocanın həyat hekayətidir.
Kimdir bu Qoca? Biz onu tanıyırıq?
Küçədə, nəqliyyatda
çətinliklə hərəkət
edən, mağazadan daha çox aptekə baş çəkən, parkda skamyada tək əyləşib gözlərini
məchul nöqtəyə
zilləyərək keçmişini
həmin məchulluqda
arayan, üstündə
qadın sığalı
olmayan, bəzən səliqəsiz görkəminə
görə ilk baxışda
hətta bomj, dilənçi zənn edə biləcəyimiz qocalardan biridir o. Bir suyu məşhur
"Əsgər atası"
filminin qəhrəmanı
Georgi Maxaraşviliyə
çəkən bu Qoca da müharibə
veteranıdır. Amma indi
onu nə şərəflə, orden-medalla
çıxdığı savaşların qələbə
ruhlu xatirəsi yaşatmağa qabildir, nə əziz xanımı ilə birgə keçirdiyi günlərin şirinliyini
yada salması, nə də balalarının oynatdığı,
bir gün nəvələrinə də
göstərəcək deyə
yadigar saxladığı
uşaq oyuncaqlarının
zamana tabe olmayan görkəmi.
Onu sevindirə biləcək bir zəng lazımdır.
Telefon zəngi! Qocanın öləzimiş
həyat eşqini diksindirib oyadacaq bir zəng! Tamaşaçı seyr boyunca Qocanın xatirəsinə uyğun olaraq dəyişən fon musiqisinin
"köməyilə" bu həsrətin qəhrəmanı hansı
qərara aparacağını
duyur. Onu da duyur ki,
zəng gecikə, Qoca isə tələsə
bilər...
"Zəng"
tamaşası teatrın
öz seyrçisinə
nəsihət əvəzi
ismarışıdır: valideynlərinizi,
ahıl yaşlı doğmalarınızı, qonşularınızı
tək qoymayın. Onların sizinlə ünsiyyətə
ehtiyacı var. İçindəki
mərhəmət hissi
ölməmiş tamaşaçı
yaşından asılı
olmayaraq, "Zəng"in
sonunda mütləq kövrəlir. Mayın 24-də növbəti nümayiş
də istisna olmadı. Yenə də kövrəldik.
Amma bu dəfə
kövrəlməyə iki
səbəb oldu: tamaşanın ruhundan doğan aktyor oyunu, bir də...
aktyorun etirafı.
Salonun ayaq üstə ehtiramını bildirdiyi aktyor alqışları öz etirafı ilə kəsdi: "Hamınıza minnətdaram.
Xəstəliyim müddətində məni dəstəkləyən
dostlara, doğma teatrıma, həkimlərimə,
müxtəlif teatrlarda
çalışan həmkarlarıma,
Mədəniyyət və
Turizm Nazirliyinə minnətdaram. Lakin bir
nəfər var ki, ona xüsusi
minnətdaram. Özü adının
çəkilməyini istəməsə
də, mən bunu deməliyəm. Bu gün həyatda
olduğum üçün,
səhnəyə çıxa
bildiyim üçün
mənə donorluq edib böyrəyindən keçən, canından
can verən o insanı,
qardaşımın həyat
yoldaşı Pərvanə
xanımı sizin tanımağınızı istəyirəm!"
... Sürəkli alqışlar indi
də geniş qəlbi, böyük cəsarəti ilə aktyor Rəhim Rəhimovun həyata qayıtmasına səbəb
olan cavan xanıma, iki uşaq anası olan Pərvanəyə ünvanlanır.
* * *
...Tamaşadan sonra "Mədəniyyət"
qəzetinin kollektivi və oxucuları adından Rəhim Rəhimovu təbrik edirik.
- Şükürlər
olsun ki, çox yaxşıyam.
Böyrək köçürülməsi ağır əməliyyatdır,
bərpa prosesi də asan ötmür,
ilk on günü bir qədər ağır keçirdim. Yenə də
Allaha şükür
ki, o günlər arxada qaldı. İndən belə həyatımı,
hərəkətlərimi həkimimlə
məsləhətləşirəm.
Həkim
icazə verdiyi üçün səhnədəyəm,
hətta festivallarda iştirak edə bilərəm. Bundan sonra
öz həyatıma çox diqqət yetirməliyəm. Mənim bu
gün həyatda olmağım Heydər Əliyev Fondunun maddi dəstəyi, Mədəniyyət və
Turizm Nazirliyinin, teatrlardakı dostların mənəvi dəstəyi,
məni səhnədən
sevənlərin duaları
sayəsindədir. Doğma kollektivim
isə hər zaman mənim yanımda olub. Hətta sonradan bildim ki, direktorumuz
Rəşad Əhmədzadə
kimsəyə bir söz demədən mənə donor olmaq üçün müayinədən
keçib! Bu qədər
sevginin qarşısında
mənim edə biləcəyim yalnız özümü qorumaq, sənətimi davam etdirmək, balaca-böyük
bütün tamaşaçılarım
üçün yeni-yeni
rollar oynamaq ola bilər!
* * *
Köhnə dostum Rəhim Rəhimova doğum günü və ağır xəstəlikdən
sonra səhnəyə
qayıdışı münasibətilə
belə alqış etdim: "Səni görüm ən azı oynadığın
Qoca qədər ömür sürəsən,
amma ömrün qocalığında heç
vaxt tək qalmayasan!”
Tamaşadan sonra teatrda hökm
sürən bayram ovqatını, Rəhimi təbrik etmək istəyən qohumların,
dostların bolluğunu,
atasına gətirilmiş
hədiyyələri, gülləri
aktyorun qrim otağında xüsusi canfəşanlıqla yerbəyer
edən iki oğlunu, foyedə səbirlə mərasimin sonunu gözləyən ailə üzvlərini görüncə, əmin
oldum ki, Rəhimi heç vaxt oynadığı Qocanın aqibəti gözləməyəcək! Qoy Qoca məni bağışlasın,
amma qocalığın
təməlini elə
Rəhim kimi cavanlığında qoymaq
gərəkdir.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 26 may.-
S.7.