Sənət üçün
yaşanan ömür
Aktyor, rejissor
İsmayıl Əfəndiyevin vəfatından 50 il ötür
Ötən əsrin ortalarında Azərbaycan teatr və kino sənətində şöhrət tapan insanlardan biri də Əməkdar incəsənət xadimi İsmayıl Əfəndiyev olub. O, ilk peşəkar kino aktyorlarımızdan biri kimi Səbuhi (1941), Arşın mal alan (1945), Fətəli xan (1947), O olmasın, bu olsun (1955) və s. filmlərdə çəkilib.
İsmayıl Mahmud oğlu Əfəndiyev 10 avqust 1910-cu ildə Göyçayda dünyaya göz açıb, sənətlə ilk tanışlığı da oradakı özfəaliyyət teatrında olur. Bir müddət sonra Bakıda Pedaqoji Texnikumda təhsil alsa da, teatr fikrindən çıxmır. Tələbə ikən rejissor İsmayıl Hidayətzadə ilə tanış olur. Onun rəhbərlik etdiyi dram dərnəyinə yazılır. 1929-cu ildə təhsilini başa vurur. Bir neçə il pedaqoji fəaliyyətlə məşğul olur. 1932-ci ildə Bakı Türk İşçi Teatrına dəvət olunur. Bir ildən sonra teatr Gəncə şəhərinə köçür. Təzə-təzə öyrəşdiyi kollektivdən ayrılmamaq üçün o da teatrla birgə Gəncəyə gedir. 1939-cu ilə kimi bu şəhərdə aktyorluq fəaliyyəti ilə məşğul olur. Teatrın səhnəsində S.Vurğunun Vaqif , H.Cavidin Şeyx Sənan, M.F.Axundzadənin Hacı Qara, C.Cabbarlının Sevil və s. pyeslərdə müxtəlif səpkili obrazlarda çıxış edir.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə sənətkarın kino fəaliyyətini geniş tədqiq edib. O yazır ki, A.M.Şərifzadə 1935-ci ildə Məhəbbət oyunu kinokomediyasına quruluş verir və gənc aktyorun ifalarını bəyəndiyi üçün Səttar roluna İsmayıl Əfəndiyevi dəvət edir. Film o qədər də uğurlu alınmasa da, İ.Əfəndiyevin maraqlı oyunu diqqət çəkir. Ona görə də 1940-cı ildə gənc rejissorlar Hüseyn Seyidzadə və Niyazi Bədəlov yazıçı Ənvər Məmmədxanlının ssenarisi əsasında Ayna adlı bədii filmi çəkərkən onu unutmurlar. Filmdə sadə bir xalçaçı qızın həyat yolundan bəhs olunur. Xalçaçı Ayna roluna Leyla Bədirbəyli, rəssam roluna isə İsmayıl Əfəndiyev çəkilir. Ancaq müəyyən səbəblər üzündən Ayna filminin çəkilişləri yarımçıq qalır. II Dünya müharibəsi zamanı həmin materiallar əsasında Sovqat adlı qısametrajlı bədii film çəkilir. Film 1942-ci ildə ekranlarda, hətta ön cəbhədə də göstərilir.
İ.Əfəndiyevin müxtəlif səpkili Bəxtiyar, Qara daşlar, Qızmar günəş altında, Əmək və qızılgül kimi kinoəsərlərində oynadığı rollar ona böyük uğur qazandırır. Aktyor ustalığı Arşın mal alan, Fətəli xan və O olmasın, bu olsun kimi filmlərdə yaratdığı maraqlı və yaddaqalan obrazlarda diqqətlə izlənir.
Arşın mal alan musiqili kinokomediyasında İ.Əfəndiyevin yaratdığı Süleyman obrazı kinosevərlər tərəfindən sevilir, aktyora böyük şöhrəti məhz bu obraz qazandırır.
Fətəli xan tarixi-bioqrafik filmində İsmayıl Əfəndiyev Əmir Həmzəni oynayır. O, Fətəli xanın bacısı Xədicəni istəyir. Bu sevgi qarşılıqlı olur. Fətəli xan isə Bakı xanını öz tərəfinə çəkmək məqsədilə bacısı Xədicəni ona ərə verir. Bunu eşidən Əmir Həmzə Fətəli xandan intiqam alacağına and içir...
O olmasın, bu olsun musiqili kinokomediyasında İ.Əfəndiyev Həsənqulu bəy obrazını yaradır. O, ötən əsrin əvvəlindəki quru bəylərin nümayəndəsidir. Tamaşaçı bu personajlara baxarkən ürəkdən gülür, amma heç də mənfi münasibət bəsləmir.
İ.Əfəndiyevin
teatr və kino sahəsində
fəaliyyəti yüksək qiymətləndirilir. Ona 1943-cü ildə Əməkdar incəsənət
xadimi adı verilir. O,
aktyorluqla yanaşı, həm də teatr və kino rejissoru olub. II Dünya müharibəsi illərində mədəniyyət
işçiləri tərkibində Cənubi Azərbaycana gedib. Təbrizdə Arşın mal alan , O olmasın, bu olsun, Eşq
və intiqam, Anamın kitabı və s. əsərləri tamaşaya
qoyub. Arazın o
tayında tammetrajlı sənədli filmi
üçün xeyli
çəkilişlər edilir. Filmdə
1945-1946-cı illərdə Güney Azərbaycanda
baş verən hadisələr əksini
tapıb. Tanınmış sənətkar daha sonra Bir ailə
kinoalmanaxında rejissor
assistenti, Bəxtiyar
filmində 2-ci rejissor
olub. Eləcə də sənədli
və elmi-kütləvi
filmlərdə rejissor
kimi çalışıb.
İ.Əfəndiyev 1958-ci ildə həmkarı
Şüa Şeyxovla
birgə yazıçı
Qılman Musayevin ssenarisi üzrə Kölgələr sürünür
macəra filminə quruluş verib. Arxeoloqların həyatından bəhs
edən filmdə geoloq Kərimin obrazını yaradıb.
O həmçinin 200-ə qədər xarici filmin Azərbaycan dilinə dublyajında iştirak edib. Çoxşaxəli yaradıcılığa malik İ.Əfəndiyevdən bizə filmlərindən, yaratdığı obrazlardan başqa, Su haqqında nağıl, Arzu, Axtaran tapar pyesləri və bir neçə ədəbi ssenarisi də yadigar qalıb. Görkəmli sənətkar 30 may 1967-ci ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2017.- 26 may.- S.11.