Dünya şöhrətli vətənpərvər
musiqi xadimi
Daim ölkəmizin və dünyanın müxtəlif şəhərlərində, nüfuzlu səhnələrində, televiziya ekranlarında, radio efirində səslənən əsərlərinin sorağını eşidirik, festivallarda, tədbirlərdə, konsertlərdə, konfranslarda dərin məzmunlu fikirlərini dinləyirik. Və bütün bunlardan böyük qürur duyuruq. Xalqımızın belə bir sənətkarının müasiri, onun sənət nailiyyətlərinin canlı şahidi olduğumuza görə, ecazkar musiqisinin sehri ilə yaşadığımıza görə.
Müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınmış simalarından olan görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, Azərbaycanın Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə bu günlərdə yubileyini qeyd edir. Prezident İlham Əliyev yubilyar sənətkarı musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif etmişdir.
Bu dünyada hər bir sənətkarın öz amalı, öz məramı və məqsədi var. Firəngiz Əlizadə bəstəkar, pianoçu, dirijor, musiqişünas-alim, pedaqoq, ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. O, mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Bir sıra ölkələrdə “composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülmüşdür. Onun böyük mənəvi-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri müxtəlif millətlərdən olan insanların qəlbini fəth edərək, sözün əsl mənasında, dünya musiqi xəzinəsinin sərvətinə çevrilmişdir.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkar və pianoçu ixtisasları üzrə təhsil almış (1965-1974) F.Əlizadə zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin yetirməsi və onun ənənələrinin davamçısı kimi tanınmışdır. O, geniş maraq dairəsinə və orijinal dəst-xəttə, yüksək professional və intellektual səviyyəyə malik bəstəkardır. Daim yaradıcılıq axtarışlarında olan bəstəkarın əsərləri özünəməxsus üslub keyfiyyətləri, kompozisiya quruluşu və ifaçılıq tərkibinin rəngarəngliyi ilə diqqəti cəlb edir. Yaradıcılığında Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranan ecazkar sənət dünyasının təzahürləri özünü büruzə verir. Bu da Azərbaycan bəstəkarlıq məktəbinin Şərq-Qərb mədəniyyətinin vəhdətindən yarandığını bir daha sübut edir.
F.Əlizadə əsərlərində ümumbəşəri mövzulara toxunur, onları müasir dövrə uyğun təfsir etməklə, insanların diqqətini ən qlobal problemlərə yönəldə bilir. Onun üçün vətənin tərənnümü, müasirlərinin duyğularının təcəssümü ön planda durur. Bu baxımdan bəstəkarın filologiya elmləri doktoru, akademik Nərgiz Paşayevanın librettosu əsasında yazdığı “İntizar” operası yüksək bədii keyfiyyətlərə malik müasir bir əsər kimi təqdirəlayiqdir. F.Əlizadənin “Sənin adın Dənizdir” operası ABŞ-ın “Houston Grand Opera” teatrında tamaşaya qoyulub (2011). Onun musiqisi əsasında səhnələşdirilən 10 balet tamaşası dünyanın müxtəlif səhnələrində nümayiş olunur: “Boş beşik”, “Stadt-Graniza”, “Optical İdentity” baletləri bu qəbildəndir.
Bəstəkarın müxtəlif ifaçılıq tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Zikr”, “Abşeron”, “Dəniz”, “Dastan”, “Oyan”, “İmpuls” və s. əsərlərini, “İpək Yolu” konsertini, “Mərsiyə” violonçel və orkestr üçün konsertini, böyük simfonik orkestr üçün “İthaf” və s. əsərlərini göstərmək olar. Firəngiz xanımın əsərləri məşhur amerikalı skripka ifaçısı Hillari Hannın “Qremmi” mükafatına layiq görülmüş “Deutsche Grammofon” albomuna daxildir. Sonuncu əsərlərindən biri “Nasimi Passion” “Amsterdam Royal Concertgebouw” salonunda Niderland Kral simfonik orkestri, xoru və solistləri tərəfindən dirijor Martin Brabbisin (İngiltərə) rəhbərliyi ilə səsləndirilmiş və çox böyük uğur qazanmışdır.
Bəstəkarın əsərlərinin ifaçılıq coğrafiyası Şərqdən - Qərbə geniş bir məkanı əhatə edir. Onun əsərlərini Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri - “Kronos-Quartet”, “Collegium Novum”, “Continuum” və b. ifa ediblər. Bu ansambllara Alim Qasımov, Möhlət Müslümov, Fəxrəddin Dadaşov kimi Azərbaycanın görkəmli musiqiçilərinin adlarını da əlavə etmək istərdik. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli musiqilərin səslənməsindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz Qərb və Şərq musiqiçilərini bir ansamblda birləşdirməyi çox sevir, bu da qeyri-adi bir musiqi aləmini gözümüz qarşısında canlandırır.
Onun əsərlərinin xarici ölkələrdə keçirilən beynəlxalq musiqi festivalları və ifaçılıq müsabiqələrinin daimi proqramına daxil edilməsi, əsərlərinin ən yaxşı ifası üçün xüsusi mükafatın təsis olunması, xarici ölkələrdə əsərlərindən ibarət musiqi festivallarının keçirilməsi, dünyanın ən məşhur ifaçıları tərəfindən ona əsərlərin sifariş olunması, xarici nəşriyyatlar tərəfindən əsərlərinin nəşri F.Əlizadənin bəstəkar kimi nüfuzunun bariz sübutudur.
Firəngiz xanım həmçinin pianoçu kimi müasir bəstəkarların (A.Berq, P.Hindemit və b.) yaradıcılığının ölkəmizdə tanıdılmasında mühüm rol oynamış, Azərbaycan bəstəkarlarının bir sıra fortepiano əsərlərinin ilk ifaçısı olmuşdur. Çox zaman öz əsərlərinin təqdimatında da o, pianoçu və dirijor kimi çıxış edir.
Musiqişünaslıq sahəsində F.Əlizadənin “Qara Qarayev”, “Azərbaycan bəstəkarlarının orkestr üslubu” kitabları, elmi nəşrlərdə və dövri mətbuatda çoxsaylı məqalələri dəyərlidir. Onun pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyasında) ilə bağlı olmuş, burada çalışdığı dövrdə (1974-1992) onun təşəbbüsü ilə “Müasir musiqi üzrə seminarlar”, “Orkestr üslubları tarixi” kimi yeni fənlər yaradılmış və o, ilk dəfə olaraq, bu fənləri tədris etmişdir. Türkiyədə Mersin Opera və Balet Teatrı və Mersin Konservatoriyasında, Almaniyada Berlin İncəsənət Akademiyasının professoru olaraq çalışdığı zamanlarda da o, bəstəkar, pianoçu, dirijor və pedaqoq kimi səmərəli fəaliyyət göstərmişdir. Əsərlərinin ifası üçün dəvət olunduğu ABŞ, Fransa, İtaliya, İsveçrə və s. ölkələrdə onun ustad dərsləri böyük maraqla qarşılanır.
F.Əlizadə Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən “Muğam aləmi” beynəlxalq musiqi festivallarının bədii rəhbəri, “Üzeyir dünyası” layihələrinin baş redaktorudur və bu istiqamətlərdə onun həyata keçirdiyi işlər, konsert proqramlarının və elmi simpoziumların təşkili, nəşrlərin hazırlanması, ideya müəllifi və bədii rəhbəri olduğu böyük konsert proqramlarının tərtibatı yüksək təqdirə layiqdir.
Eyni zamanda “İpək Yolu” Beynəlxalq Musiqi Festivalını xüsusi qeyd etmək istərdim. Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi festivalı F.Əlizadənin yaradıcı təxəyyülünün məhsulu hesab etmək olar. Şərqlə-Qərb arasında “mədəniyyət körpüsü” missiyasını yerinə yetirən “İpək Yolu” festivalında dünyanın bir çox ölkələrindən gələn musiqiçilərin Azərbaycan musiqi xadimləri ilə görüşləri, konsert proqramları mədəniyyətlərarası dialoqun rəngarəng bir mənzərəsini əks etdirir.
Firəngiz Əlizadənin simasında biz vətənpərvər bir musiqi xadimini görürük. Bu, onun yaradıcılıq və ictimai fəaliyyətinin bütün sahələrində bariz surətdə təzahür edir. Görkəmli sənətkarımızı yubileyi münasibətilə təbrik edir, ona gənclik təravəti ilə aşılanmış bitib-tükənməz yaradıcılıq qüvvəsi, cansağlığı və musiqi mədəniyyətimizin tərəqqisi yolunda yeni nailiyyətlər arzulayıram.
Cəmilə Həsənova
sənətşünaslıq
üzrə elmlər doktoru, professor
Mədəniyyət.- 2017.- 26 may.-
S.12.