O tay-bu
tay - bütöv
şair
Özündən
bir əsr öncə ikiyə bölünmüş Vətənini
qəlbən birləşdirib
getmiş Söhrab Tahir...
Maraqlıdır, son vaxtlar dilimizdə
tez-tez və əsasən mənfi çalarda işlənən
“ikili” ifadəsi bu şairə şamillikdə aydan arı-sudan duru səslənir. Həm
onun doğum ünvanı olan Güney nakamlıqlı tərcümeyi-halı, həm
nisgil şeirlərinin
“vizit kartı” hesab edilən “İki bölünməkdən
elə qorxmuşam - Çöpü də ikiyə bölmərəm
daha” misraları ilə bağlı...
Ömrü uzunu qəlbində “balaca Yurd, böyük
Vətən həsrəti”
daşımış bu
şairin “vizit kartı” kimi obrazlaşdırdığım həmin misraları sanbalında “stolüstü”,
“qəlbiçi” bəndləri
də az deyil və elə
söhbətimi həmin
“ikili”liyi və hələ istisi soyumamış ölüm
faktını da ehtiva edən bir şeirilə davam etdirmək istəyirəm:
Öləndə
kəfənim ikiqat olsun;
Ruhum o taydadır, qəbrim bu tayda,
Dözümlü
xalqıma heykəl qoyulsun
Ortadan qurumuş bir
dəli çayda.
Tabutum üstündə oynasın
xəzan,
Bölünsün bir xalqın
şairi iki.
Ayrı bacıların göz yaşlarından
Mənə iki tayda bir qəbir tikin.
İkili yaşadım həyatımı
mən,
İkili səsimdə birləşdi
xalqım.
Qovdum ikiliyi öz ürəyimdən,
Böyük ürəyimdə birləşdi xalqım.
Bir gün xalqım üçün şairləşəndə
Şair torpağına quylanacağam.
Vətən birləşəndə, xalq
birləşəndə -
Mən də öz qəbrimdən boylanacağam...
Bu şair qəbirdən öncə
gözəl bir diyarda doğulub boylanmışdı -
Bu dünyaya...
1926-cı il mayın 27-də o tay Astaramızdakı bir sənətkar ailəsində “Tahiri Söhrab Əbülfəz
oğlu” ad-soyadında
doğulub - bizim “Söhrab Tahir” kimi tanıyıb-sevdiyimiz
bu şair. Doqquzuncu sinfədək, tez-tez öz şirin ləhcəsilə
səsləndirdiyi “Səadət”,
“Şahpur” məktəblərində
təhsil alıb, lakin ağır dolanışıq üzündən
“İran-İngilis neft
şirkəti”ndə işləməyə
məcbur olub. Bir azdan - Sovet Ordusu
İrana daxil olarkən xalq hərəkatına qoşulub,
çox fəallıq
göstərib və
1946-cı ildə Bakıya
təhsil almağa göndərilib. Burada Tibb
Məktəbində (stomatoloq
və feldşerlik) oxuyub. 1952-1957-ci illərdə ADU-nun Filologiya
fakültəsini bitirib.
1959-1961-ci illər M.Qorki
adına Ali Ədəbiyyat Kurslarının
(Moskva) müdavimi olub. 1962-1966-cı illərdə
“Azərbaycan” qəzeti
və jurnalı redaksiyalarında şöbə
müdiri, “Səhər”
ədəbi-tarixi jurnalında
baş redaktor müavini, daha sonra “Azərbaycan” jurnalının redaktoru, Azərbaycan Yazıçılar
Birliyi idarə heyətinin, “Literaturnı
Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatı
bədii şurasının,
Azərbaycan Ədəbiyyat
Fondu idarə heyətinin, SSRİ Ədəbiyyat
Fondu plenumunun üzvü olub. 1986-91-ci illərdə AYB Şeir şurasının
və Bədii ədəbiyyatı təbliğat
bürosu idarə heyətinin sədri təyin edilib, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı, inqilabi, ədəbi-ictimai
fəaliyyətinə görə
“21 Azər” (Təbrizdə)
və bir sıra başqa medallarla, 2010-cu ildə Rusiya Yazıçılar
İttifaqının qərarı
ilə beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
Azərbaycanın Xalq şairi,
ictimai xadim, alovlu publisist Söhrab Tahir Vətən qarşısında
xidmətlərinə görə
2006-cı ildə ölkə
Prezidentinin sərəncamı
ilə “Şöhrət”
ordeninə də layiq görülüb.
Uzun illər şəkər xəstəliyindən əziyyət
çəkən sənətkar
2016-cı il mayın 4-də - 90 yaşında
Bakıda vəfat edib.
Və...
bu
ölməz şair və nasirin 90 yaşda ikən şifahi-nəsri söhbətlərindən
fraqmentlər:
“Cavan
qalmağın bir sirri var ki,
gərək ürəyin
pak olsun, ən başlıcası
- heç kəsə,
heç nəyə paxıllıq etməyəsən.
Uşaqlıqdan o taydan gətirdiyim
pak, təmiz, xıltsız ürəklə
yaşaya-yaşaya gəlib
bu yaşa çatmışam. Şəxsən mənim belə cavan qalmağımın bir səbəbi də dost-tanışlarımdan
gördüyüm diqqət
və qayğıdır.
Yaşayışımdan, xalqımdan, dövlətimdən,
mənimçün yaradılan
şəraitdən çox
razıyam. Amma bir gen, nəsil faktoru da var. Mənim babam o tay Astarasının Nünəkəran kəndində
112 il yaşayıb...”
“Pişəvəri
hokuməti qurulandan sonra mən Təbrizdən bura (bir çox silahdaşlarımla birgə)
hərbi məktəbə
göndərildim. Lakin
hələ 1946-47-ci və
sonrakı illərdə
Azərbaycanı hansı
faciələr gözlədiyini
bilmirdik...”
“Mənim “Azərbaycan” poemamın maraqlı bir yazılma səbəbi
var. Deməli, Təbriz
Universitetindəki müəllimlərdən
Deyhəm adlı bir polkovnikin kiçik bir poemasında deyilirdi ki, Azərbaycan adında xalq yoxdur; - onlar İranın Səlcuqlar tərəfindən işğalı
zamanı fars qızları ilə Səlcuq əsgərlərinin
izdivacından əmələ
gəlmədirlər və
sair təhqirlər. Mən bundan çox əsəbləşdim və
elə o vaxtdan bu kimi düşünənlərə
cavab olaraq beynimdə indiki “Azərbaycan” poemamı toxumağa başladım.
1979-da İranda şah
rejimi devrildi, yeni hökumətlə Sovet hökumətinin münasibətlərinin “başıqarışıq”
çağında mənim
bu “Azərbaycan” poemam da qılınctək
sıyrılıb qınından
çıxdı...”
Bir neçə kəlmə də, bu şairin
yuxarıda “çox yaşamağın” rəhni
kimi vurğuladığı
-
Dostlarından -
Xalq şairi Sabir Rüstəmxanlı:
“Söhrab
Tahir həm nasir, həm də şair kimi bütöv Azərbaycanın min ildə
yetirdiyi ən nadir qələm sahiblərindən
biri idi. O,
1945-1946-cı ildə Azərbaycan
milli hökuməti tərəfindən Bakıya
göndərildi, amma
tale, zaman dəyişdi,
o milli hökumət yıxıldı və Söhrab ölkəsinə
qayıda bilmədi, Azərbaycanda qalıb, bütün taleyini Bakıya bağladı.
Bizim nəslin nümayəndələri
- hətta Məmməd
Araz (“əmi” də) ona “Əmi”
deyirdi. Mənsə
bunu vaxtilə ona və Balaş
Azəroğluna həsr
etdiyim poemamda yazılı da qeyd etmişdim:
Başında ağ saç gördüm,
Amandır, Söhrab əmi,
Belə vaxtsiz tələsmə saçları ağartmağa,
Ömürdən möhlət götür -
Arzulara çatmağa...
Söhrab Tahir gecə-gündüz işləyən qələm əhlilərindən idi; 19 roman, 50-dən artıq poema yazıb, yüzlərlə şeirin, 70 min misradan ibarət monimental “Ata” poemasının müəllifidir. Son görüşümüzdə ona deyəndə ki, sənin “Ata”n “Şahnamə”dən də böyükdür, gözlərində qəribə hisslər gördüm...
Cənub ədəbiyyatı və mövzusunun Azərbaycanda geniş yayılmasında, milli faciəmizin gənclər arasında təbliğ-tanıtım və dərkində misilsiz xidməti olan S.Tahir mənim gözümdə dünyanın azadlıq, milli istiqlal uğrunda mübarizə aparan ən nəhəng ədəbiyyatçıları sırasındadır. Biz çox yaxın dost idik; Bütöv Azərbaycanı dəfələrlə gəzib-dolaşdığım iki-üç adamdan, milli dərdlərimizi hər fürsətdə candan müzakirə edən qanlı tərəfdaşlarımdan idi Söhrab Tahir. Yazıçılar Birliyində 90 yaşını qeyd edərkən dedim, Əmi, ürəyindən nə keçir, dedi, ürəyimdəkilərdən biri də səni görmək idi, sən də gəldin. İstəyirəm ki, mənim yubiley tədbirimi sən özün aparasan...
Biz də - Anar müəllim və o nisgilli şairimizin başqa qələmdaşları yığıncaqda Söhrab Tahir sevgimizi ürəyimizdən dilimizə gətirdik, onun istedadlı ədəbiyyat-sənət zəhmətkeşliyindən, uzun və şərəfli bir ömür yaşamasından söz açdıq.
Təbii ki, orada - onunla üzbəüzlükdə demədiyimiz sözlər də oldu; həyat müvəqqəti, ölüm haqdır. Hər kəs gedəcək. Amma Söhrab Tahir kimi yaşayıb, yazıb-yaradandan sonrakı ölüm hər kəsə nəsib olan deyil. Onun həm ruhunda, həm də ölümündə bir qəhrəmanlıq dastanı var. Onun adı həmişə Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə bir yerdə yaşayacaq”.
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 26 may.-
S.15.