Trubadur”: səhnədə coşan ehtiraslar, salonda tutulan nəfəslər

 

 

   Bir opera tamaşasına dəfələrlə gələn seyrçi ona tamaşa etməkdən daha çox dinləməyə gəlir. Çünki mövzu məlum, bəstəkarın yazdığı musiqinin çərçivələri bəlli geniş improvizələr - imkansız. Lakin səs, ifa elə bir nəsnədir ki, hər tamaşada fərqli səslənir, orkestr hər dirijorun idarəsi ilə başqa tərzdə çıxış edir. Əgər tamaşada eşitmədiyiniz vokalçılar çıxış edirlərsə, hətta indiyədək eşitdiyiniz vokalçılar yeni partiya ifa edirsə, deməli, siz premyeradasınız.

   Bu dəfə elə dediyimiz kimi oldu. Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası dahi bəstəkarın yaradıcılığı ilə ünsiyyət klassik musiqinin ilahi səslənişindən zövq almaq baxımından bütün gözləntiləri doğrultdu.

   Bəri başdan deyək ki, dünya klassik operasının bir çox nümunələri teatrın repertuarında olduğu halda, "Trubadur" çoxdan idi ki, oynanılmırdı. Opera əsəri üçün ənənəvi olan iki süjet xəttinin birləşdiyi - sevgi üçbucağı intiqam niyyəti üzərində qurulmuş "Trubadur" vokal partiyalar baxımından çox maraqlı, ariyalarda yuxarı notların aşağı notlara iti keçidi ilə şərtlənən, müəyyən qədər sərt ifa tələb edən çox sanballı musiqi əsəridir. Operanın librettosu isə elə qurulub ki, vokalçılar həm ovqatı, həm məkanı tez-tez dəyişən şəkillər boyu daha uzun çətin ariyalar ifa etməklə yanaşı, həm aktyorluq qabiliyyəti nümayiş etdirməlidirlər.

   Operada titul partiyasını ifa etmək üçün dəvət edilmiş beynəlxalq müsabiqələr laureatı, Özbəkistanın Xalq artisti Ramiz Usmanov qısa müddət ərzində bizim sənət xiridarlarının sevimlisinə çevrilib. Bu ilin fevralında Bakıda "Bohema" operasında Rudolfun partiyasını uğurla oxumuş lirik tenor bu dəfə trubadur Manrikonun mükəmməl ifası ilə tamaşaçılara böyük zövq bəxş etdi. 2010-cu ildə Bakıda Bülbül adına beynəlxalq müsabiqədə "Ən yaxşı tenor" kimi mükafat alan Usmanov bizim teatrda cəmi ikinci dəfə çıxış etsə , bu səhnənin, orkestrin ifasının ona qədər doğma olduğunu gözəl ifası, digər solistlər - Xalq artisti Əvəz Abdullayev, Əməkdar artist Afaq Abbasova, gənc vokalçı Nina Makarova ilə tam qarşılıqlı anlaşma dolu oyunu ilə sübuta yetirdi. Hətta hersoqinya Leonoranın bağında xanımın digər aşiqi - qraf Di Luna ilə qarşılaşarkən qılınc döyüşündə elə məharət göstərdi ki, tamaşaçı özünü bir anlıq "Hamlet" faciəsində Hamlet ilə Laertin savaşını izləyirmiş kimi seyr etdi.

   Son teatr mövsümlərində Almaniyada çalışan Xalq artisti Əvəz Abdullayev həm xarizması, həm təbiətin əksər baritonlara bəxş etmədiyi qulağayatımlı, yuxarı notlarda da korşalmayan mülayim səsi ilə anşlaq keçən "Trubadur" izləyicilərinə əsl zövq yaşatdı. Düşməni trubadur Manrikonu savaşda öldürdüyünü zənn edən qrafın Leonora ilə xoşbəxt gələcəyin eşqilə dolu "ne per l'aura ancora, suona l'usato carme. In tempo io giungo!” (“Burda kimsə yoxdur: mahnı oxuyan var, ibadət başlayıb”) ariyasındakı həzinliyi böyük məharət sevgi ilə ifası dünyanın ən böyük opera səhnələrinə layiq bir çıxış idi.

   Hazırda Azərbaycan vokal sənətinin ən güclü sopranolarından sayılan Əməkdar artist Afaq Abbasova bütün partiyalarına əsl aktrisa münasibət bəsləməyi ilə, obrazların hər birini fərqləndirə biləcək baxış, jestlər tapmaqla seçilir. Sevgilisini ölümdən qurtarmaq naminə yalan danışmağa, hətta qrafla nişanlanmağa razılaşan gözəl Leonora rəfiqəsi İnes ilə sirrini bölüşərkən, qaranlıq bağda qrafı trubadura bənzədərkən, əlacsız sevgidən bezib rahibə olmağa qərar verərkən, zindanda Manrikonu qaçmağa sövq edərkən, üzüyündə gizlətdiyi zəhəri içərkən səsini eyni dərəcədə idarə edə bildi. Afaq xanım çətin Leonora partiyasının öhdəsindən məharətlə gəldi.

   Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının gənc solistlərindən olan, metso-soprano Nina Makarova bu dəfə Manrikonun doğma anası bildiyi analığı Asuçena partiyasını ifa edirdi. Anasının, qrafın körpə oğlu əvəzinə səhvən oda atıb yandırdığı oğlunun intiqamını Manrikonun öhdəsinə yıxan Asuçena səs obraz baxımından kifayət qədər qəliz obrazdır. Əgər tamaşadan əvvəl N.Makarova mükəmməl qrim etsəydi, təcrübəli operasevərlər belə, bu partiyanı cavan solistin oxuduğuna inanmazdılar. Onun düzgün nizamlanmış səsi, partiya üzərində mükəmməl çalışması, orkestri, tərəfdaşlarını eşitmə qabiliyyəti, teatra mükəmməl Asuçena ifaçısı qazandırdı.

   Teatrın digər solisti, gənc soprano Səbinə Əhmədova (İnes) kiçik partiyalarla debüt etməkdədir. Onu bir neçə tamaşada izlədiyimiz üçün inamla deyə bilərik ki, Səbinənin ilk çıxışlarındakı çəkingənlik, səhnə qorxusu tamaşadan-tamaşaya azalmaqdadır. Onun İnesi kifayət qədər inamlı təsir bağışlayırdı.

   "Trubadur"un uğurlu, yaddaqalan tamaşa olmasında gənc dirijor, Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi orkestrin çıxışı, dirijorun orkestr ilə vokalçılar, xor arasında qurduğu sinxron səslənişin rolu şəksizdir. Məhz tamaşanın bütün iştirakçılarının ilhamlı çıxışı dünya opera səhnəsinə layiq səhnə əsərinin ərsəyə gəlməsinə nədən oldu.

   ...Bəzən tamaşada kimsə daha çox yaxşılığa doğru seçilir, nəsə axsayır. Ötən şənbə axşamı "Trubadur" isə mükəmməl, eyni tempdə davam edən, birnəfəsə oynanılan eyni ruhla dinlənilən, baxılan tamaşa kimi teatrın tarixinə uğurlu səhifə yazdı.

  

   Gülcahan

 

Mədəniyyət.- 2017.- 31 may.- S.6.