Payız ətirli nəğmələrin bahar ovqatlı müəllifi
Emin Sabitoğlu - 80
Aylar, illər ötür, nəsillər bir-birini əvəz edir, zövqlər dəyişir. Hər zaman sevilərək qəlblərdə yaşayan mahnılara münasibət isə dəyişmir. Yüzlərlə mahnının, onlarla teatr tamaşası və kinofilmin musiqi müəllifi, Xalq artisti, professor, Dövlət mükafatı laureatı Emin Sabitoğlunun nəğmələri kimi. İllər keçdikcə dəyərini itirməyən, kiçikdən böyüyə hər kəsin sevə-sevə dinlədiyi melodiyalar.
600-dən çox mahnının, 9 musiqili komediyanın müəllifi olan görkəmli bəstəkar musiqi dünyasına XX əsrin ədəbi aləminin “60-cılar”ı kimi daxil olmuşdu. Uşaqlıq dostu, Xalq yazıçısı Anarın dediyi kimi, hər şeydə bir cəsarət, hər nüansda bir yenilik, orijinallıq, yeni baxış gətirmişdi “60-cılar”: “Eminin qəlbləri fəth edən, könülləri riqqətə gətirən mahnılarında bu orijinallıq daha qabarıq şəkildə özünü büruzə verirdi. Bütün sadalananlar sadəcə yenilik, seçilmək xatirinə deyildi. Bu, Tanrının bəxş etdiyi istedadın və kövrək, musiqi ilə aşıb-daşan, sevgi dolu bir ürəyin notlara köçən pıçıltıları idi. Bu pıçıltılar bəzən lirik, bəzən coşğulu, bəzən isə daha da mübariz notlarla süzülüb gəlirdi. Emin Sabitoğlu bəstələrini dinlərkən musiqi ilə söz arasındakı həmrəyliyi elə ilk andan sezməmək mümkün deyil. Sözə önəm verən bəstəkarın mahnıları sanki sözlə notun həmahəng qanununu yaradıb. Öz rəngarəngliyi ilə mahnılar müəllifinin könül dünyasından xəbər verir. Yazdığı mahnı nədən bəhs edirsə etsin, dinləyicidə mövzunun canlı obrazını yaradırdı”.
Emin Sabitoğlu mahnı ilə bir tablo yaradırdı - sözlə notun birləşməsindən yaranan əsrarəngiz bir tablo. Onun musiqiləri sevgiləri, fəsilləri, görüş və vüsalı daha gözəl, daha obrazlı, poetik təsvir etmək qüdrətindədir. Bəstəkarın “Şükriyyə” (sözləri Əhməd Cavad), “Dağları duman alanda” (Rəsul Rza), “Payız gəldi” (Fikrət Qoca), “Uzaq yaşıl ada” (Vaqif Səmədoğlu) və bir-birindən gözəl digər mahnıları onun sağlığında olduğu kimi, indi də müğənnilərin repertuarında geniş yer tutur. Bu əsərlərin heç birində təkrarçılıq və monotonluq müşahidə edilmir. Emin Sabitoğlu yaradıcılığının, xüsusən də estrada janrında bəstələdiyi mahnıların hər biri klassik estrada nümunələrimizin bənzərsiz inciləridir.
Qanlı-qadalı illərin övladı
Emin Sabitoğlu (Mahmudov) 1937-ci ildə xəzan çağında - noyabrın 2-də Bakıda görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından musiqiyə həvəs göstərməsi valideynlərinin nəzərini cəlb edir və 7 yaşı olanda onu Bülbül adına Orta ixtisas musiqi məktəbində professor Kövkəb Səfərəliyevanın fortepiano sinfinə qoyurlar. Səkkizinci sinifdə oxuyarkən ilk musiqi əsərini yazan Emin 1954-cü ildə məktəbi müvəffəqiyyətlə bitirir. Həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Bəstəkarlıq fakültəsinə daxil olur. 2 il dahi bəstəkar Qara Qarayevin sinfində oxuyur, sonrakı 3 ildə isə təhsilini Moskva Dövlət Konservatoriyasında professor Yuri Şaporinin sinfində davam etdirir.
1961-ci ildə Bakıya dönən Emin Sabitoğlu ilk olaraq C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışır. Sonradan M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olur. Bəstəkar uzun illər Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərir. Dərs dediyi ilk illərdə Qara Qarayevin assistenti olur, daha sonra dosent və professor kimi fəaliyyətini davam etdirir.
Gün keçdi...
Emin Sabitoğlunun kino yaradıcılığı məhz konservatoriyada işə başladığı dövrə təsadüf edir. İlk olaraq bir sıra qısametrajlı, sənədli və mənzərə filmlərinə musiqilər yazır. Bir müddətdən sonra o, bu gün də maraqla seyr etdiyimiz ekran əsərlərinin musiqi müəllifi olur. Bu filmlərdə səslənən musiqilər ekran çərçivəsindən çıxaraq müstəqil mahnı ömrü yaşayaraq dillər əzbərinə çevrilib. İstər teatr tamaşalarına, istərsə də filmlərə yazdığı musiqilərində bədii əsərlərdə müəllif qayəsinin çatdırılmasında mühüm rol oynayır.
Təsadüfi deyil ki, tamaşaçılar bir çox filmləri məhz musiqiləri ilə tanıyır, o notlarla qəhrəmanı, onun yaşantılarını, hiss və həyəcanlarını duya bilirlər. Emin Sabitoğlu filmlərə musiqi yazanda ilk növbədə ssenari, süjet xətti, rejissor və ifaçı ilə yaxından tanış olur və qəlbinə yaxın mövzularda işləməyə üstünlük verirdi. Bu sırada “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “Onun bəlalı sevgisi”, “Bəyin oğurlanması”, “Təhminə” və digər filmlərə bəstələdiyi musiqilər elə mahnıları kimi hər zaman sevilərək dinlənilir. O, ümumilikdə, 22 tammetrajlı bədii filmə, 40-a yaxın qısametrajlı bədii və sənədli filmə musiqi yazıb. Emin Sabitoğlunun bütün kino musiqiləri dramaturq mədəniyyətini, intellektini, zəngin dünyagörüşünü, romantik dünyasını, bütünlükdə bədii əsərlərin səviyyəsini yüksək formada təqdim edir. Bu musiqilər filmlərdəki hadisələrə tamaşaçının daha çox ürəkdən təmas etməsinə, obrazlarla ünsiyyət qurmasına bir növ səbəbkar olur. Onun bəstələrinin müşayiət etdiyi kinolentlər bitdikdən sonra belə tamaşaçını öz emosional təsirində saxlayır. Təkcə H.Seyidbəylinin çəkdiyi “Bizim Cəbiş müəllim” filmini qeyd etmək bəs edir ki, bu hisləri tam olaraq anlaya biləsən.
Bəstəkar kinorejissorlardan Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqovla daha çox əməkdaşlıq edib, onların çəkdikləri filmlərə yaddaqalan musiqilər yazıb.
Nəğməli könül
Emin Sabitoğlu teatr sahəsində ilk olaraq özünü Sabit Rəhmanın librettosu əsasında səhnə həyatını tapmış “Hicran” komediyasına musiqi bəstələməklə sınayıb, sonrakı dövrlərdə isə “Nəğməli könül”, “Hələlik”, “Bir dəfə Bağdadda”, “Bankir adaxlı” və bu kimi musiqili əsərlərə həyat verib. Bəstəkar Azərbaycan Dövlət Musiqili Teatrı, Akademik Milli Dram Teatrı, eləcə də Naxçıvan, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran teatrlarında səhnələşdirilən M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, S.Vurğunun “Fərhad və Şirin”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, B.Vahabzadənin “Yağışdan sonra”, Anarın “Təhminə və Zaur”, “Şəhərin yay günləri” kimi bir sıra tamaşalara musiqilər yazıb. Bu musiqilər bədii mətnin təsir gücünü artırır, tamaşaçını səhnəyə bağlayır. Tamaşada hadisələri müxtəlif çalarlarla dilləndirən uvertüralar, aktyorların dialoqlarını müşayiət edən vokal musiqilər, monoloqları əvəzləyən ariyalar, hərəkət etüdlərini açıqlayan rəqslər vahid bəstəkar duyumu, istedadı ətrafında cəmlənib. Gərək o qədər mükəmməl bir qəlbə sahib olasan ki, bu duyğuları bütöv duyub, hiss edib tamaşaçıya ötürə biləsən. Görkəmli bəstəkarın istedad və yüksək musiqi duyumu bütün bunların öhdəsindən uğurla gəlməyə yetirdi.
Əsir payız küləyi...
Yenə payızdır. Bayırda həzin xəzan yeli əsir. Haradasa uzaqdan mahnı sədası gəlir - “Düşürsən yadıma...” Bu gün Emin Sabitoğlu musiqinin olduğu hər yerdə yaşayır. Onun ərsəyə gətirdiyi mahnılar Bakı küləyindən, Xəzərin sahilinə çırpılan ləpələrdən, eşq adlı buluddan süzülən yağış kimi hər kəsin qəlbinə bir ümid gətirir. Bəlkə də kimisinə göz yaşı...
Emin Sabitoğlu mahnılarından ibarət təşkil edilən konsertlərdə heç də az rast gəlməmişəm bu göz yaşlarına. Özü olmasa da, bu gün onun nəğmələri tamaşaçı ordusunu zallara doldura bilir, anşlaq yaradır.
O, bəstələri ilə dinləyicilərin, tamaşaçıların yaddaşında qalsa da, sənətkarın qızı, professor Ceyran Mahmudovanın qəlbində, xatirələrində tam başqa cür yaşayır. Xatirələrinin birində Ceyran xanım deyir: “Atam qapalı, öz daxili aləminə varmağa üstünlük verən adam idi. Sənəti ilə bağlı mütəmadi olaraq Azərbaycan Yazıçılar Birliyinə, Azərbaycan Bəstəkarlar İttifaqına, kinostudiyaya, teatrlara, səsyazma studiyalarına və digər bu kimi yerlərə getdiyindən, yaradıcı adamlarda olduğu kimi, onun da rejimini bilmək olmazdı. Şəxsi sualları sevməzdi, verilən sualları lakonik şəkildə cavablandırardı. Bunlarla yanaşı, o, bir anın içərisində yaddaqalan mahnılar yarada bilən bir sənət adamı idi. 1994-cü ildən ömrünün son günlərinədək İstanbul Texniki Universitetinin Xalq Musiqisi Konservatoriyasında fəaliyyət göstərməklə, tələbələrinə dünya musiqi örnəkləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərlərini tədris etmiş, onları notlar və disklər vasitəsilə milli musiqimizin ən yüksək bədii keyfiyyətlərə malik nümunələri ilə tanış etmişdir”.
Sənətkarın 2012-ci ildə 75 illik yubileyi münasibətilə Bəstəkarlar İttifaqında keçirilən anım tədbirində Xalq yazıçısı Anar xatirələrini bölüşərkən bildirdi ki, Emin Sabitoğlu mütaliəni çox sevərdi, teatr tamaşalarını və yeni kinofilmləri seyr etməkdən də zövq alardı. Xüsusilə də uşaqlıq dostları ilə tez-tez görüşər, həmin tamaşa və filmləri müzakirə etməyi xoşlayardı. Adətən belə görüşlərdə o, müxtəlif bəstəkarların, əsasən də çox sevdiyi Üzeyir Hacıbəylinin və müəllimi Qara Qarayevin əsərlərindən nümunələri ifa etməkdən böyük zövq alardı...
O, payızda doğuldu, elə payızda da bu dünyaya əlvida dedi. 2000-ci il noyabrın 18-də Bakıda vəfat edən sənətkar Fəxri xiyabanda dəfn olundu.
Unudulmaz bəstəkarın 80 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam onun xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiramın təzahürüdür.
Bu gün görkəmli bəstəkarın mənəvi ömrü çoxsaylı musiqi əsərlərində davam edir. Onun könül nəğmələri qəlblərin ehtiyacına çevrilib. Çünki insanın duyğuları həmişə dincliyə, rahatlığa möhtacdır. Emin Sabitoğlunun musiqiləri könüllərə məlhəm olmaq iqtidarındadır. Nə qədər ki, bu mahnılar səslənir, bəstəkarın yaradıcılığı bizlərə “Ayrılma məndən”, - deyir...
Lalə Azəri
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.11.