“Arşın mal alan” özbək dilində yeni
quruluşda təqdim olunub
Daşkənddəki Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası olub.
Premyera axşamında Daşkənddəki səfirliyimizin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tamaşaya teatrın rejissoru, Əməkdar incəsənət xadimi Əhəd Farmonov quruluş verib. Rolları Aman Yuldaşev, Dilarom Abdualimova, Nargiza Şaxobova, Musallam Dadajonova, Baxram Baltoev, Marifat Artikova və başqaları ifa ediblər.
“Arşın mal alan” operettası Daşkənddə ilk dəfə hələ 1919-cu ildə “Kolizey” teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə də səhnələşdirilib.
Musiqili komediya 1921-ci ildə Buxarada tamaşaya qoyulub. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsərə səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.
Üzeyir
Hacıbəylinin bu ölməz əsəri
100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur
tamaşa kimi səhnədən
düşmür, teatrlar
zaman-zaman bu əsərə
müraciət edirlər. Bir neçə
il əvvəl isə Daşkənddəki
Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb.
Mədəniyyət.- 2017.- 1
noyabr.- S.16.