Türkiyə ilə turizm əlaqələrinin inkişafı üçün böyük imkanlar var

 

 

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ankarada turizm sammitində iştirak edib

  

   Noyabrın 1-də Ankarada Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 3-cü Milli Turizm Sammiti işə başlayıb. Sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunur. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak edib.

   Tədbirin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatında turizmin əhəmiyyəti və turizm sahəsində mövcud qlobal çağırışlar barədə danışıb.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir çərçivəsində türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb.

   Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış İşçi qrupun formatının genişləndirilərək turizm sənayesi və mədəniyyət üzrə ixtisaslaşmış assosiasiyaların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə komissiyasının yaradılması, turizmrekreasiya zonalarının yaradılması sahəsində əməkdaşlığın qurulması, eləcə də yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu üzrə turist mübadiləsinin təşkili məsələləri müzakirə olunub.

   Nazir Əbülfəs Qarayev Türkiyənin məhz Azərbaycanın İSESCO Baş Konfransına sədrliyi dövründə bu təşkilata üzv olma niyyətinin reallaşması istiqamətində müsbət addımlar atmasının təqdirəlayiq hal olduğunu qeyd edib.

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.3.