Bakıda Serbiyanın müstəqillik mübarizəsini əks etdirən sərgi açılıb

 

 

   “Mədəni təşəbbüslər ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir

  

   Noyabrın 1-də Bakıdakı “Qalereya 1969” salonunda Serbiyanın azadlıq mübarizəsinə həsr olunmuşQolqofa və Serbiyanın 1914-1918-ci illər dirçəlişi” adlı sərgi açılıb.  

   Layihə Serbiya Müdafiə Nazirliyinin Belqrad Hərbi Muzeyi, Serbiyanın ölkəmizdəki səfirliyi və “Qalereya 1969”un təşkilatçılığı ilə reallaşıb.

   Sərgidə Serbiyanın Birinci Dünya müharibəsi zamanı müstəqillik uğrunda mübarizəsini əks etdirən rəsm əsərləri, o cümlədən serb əsgərinin geyim formaları nümayiş olunub.

   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Azərbaycanla Serbiya arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib.

   Diqqətə çatdırılıb ki, 2011-ci ildə Belqraddakı Taşmaydan parkı Azərbaycan hökumətinin dəstəyi ilə yenidən qurulub və abadlaşdırılıb. Parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri ucaldılıb. Həmçinin Serbiyanın Novi Sad şəhərində Dunay çayı üzərindəki sahil parkında dahi Azərbaycan bəstəkarının xatirəsinə ehtiram olaraqÜzeyir Hacıbəyli Memorialı” yaradılıb və burada bəstəkarın büstü qoyulub.

   Bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Bugünkü sərgi də iki ölkə arasında mədəni əlaqələrin yüksək olduğunun bariz nümunələrindən biridir”, - deyə nazir müavini vurğulayıb.

   Sonra ziyarətçilər sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.5.