Borcumu qaytarmaq üçün burdayam

 

 

 

   Dünya şöhrətli soydaşımız, məşhur pianoçu, professor Adilə Əliyeva Bakıdadır. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ustad dərsləri keçir. Heç belə bir fürsəti ötürmək olar? Təbii ki, yox.

   Adilə xanımın ustad dərsinin vaxtını öyrənib yolumuzu Bakı Musiqi Akademiyasından salırıq. Birinci mərtəbədəki kiçik zalın qapısını ehmalca açıb içəri keçirik. Qoşa royallardan birinin qarşısında Adilə xanım, o birinin qarşısında isə tələbə əyləşib. Adilə xanımı dərhal tanıyırıq, amma tələbənin adını bilmək üçün dərsin proqramına baxmaq lazımdır: 2-ci kurs tələbəsi Ceyhun Əzizov. Çaldığı əsər: F.Şopen - «Skertzo 2». Tələbə oğlan həyəcanını boğub çalır, Adilə xanım isə onu yarıda saxlayıb, əsərin həmin hissəsini daha dürüst çalmaq üçün məsləhət verirözüçalaraq nümunə göstərir. Amma, deyəsən, pianoçu-pedaqoq tələbədən istədiyini ala bilmir. Odur ki, bu yerdə həyati misalla müqayisə aparır:

   - Bax, bu yerdə elə bil ki, sevdiyin qızla söhbət edirsən. Sən onunla qışqıraraq, ya da tələsik danışmırsan ki?! Çalış ki, bu əsərin ifasında da həmin romantik hissləri öz çalğınla ifadə edəsən.

   Tələbə yenə həmin yerdən ifasına davam edir. Adilə xanım bironu saxlayır:

   - Yox, olmadı. Sən burada elə bil mahnı oxuyursan. Oxumaq lazım deyil, söhbət et.

   Deyəsən, ustad niyyətinə çatır. Tələbə məhz onun başa saldığı tərzdə çalğısına davam edir...

  

   ...Royala yaxınlaşan növbəti ifaçını gördükdə Adilə xanımın üzünə təbəssüm qonur. Gələcəyin pianoçusundan daha çox balerinasına oxşayan çiçək kimi bir qız. Həyəcandan titrəyən səsi ilə özünü təqdim edir:

   - G.Şaroyev adına məktəbin 5-ci sinif şagirdi Şirin Əmiraslanova.

   Şirin royalın qarşısında yerini rahatlayır. O, böyük müəllimin qarşısında F.Şubertin «Ekspromt» əsərini çalır. Qız çalmağa başlayınca salonda əyləşmiş fortepiano müəllimlərinin üzünün ifadəsi ciddiləşir. İncə qızcığazın ifası yaşından bilik səviyyəsindən xeyli üstün, biləkləri isə möhkəmdir. Nəhayət, «Ekspromt» bitir. Adam dərsdə olduğunu unudub əl çalmaq istəyir az qala.

  

   Adilə xanım ayağa qalxıb Şirinə yaxınlaşır:

   - Müəllimin sənin biləklərini, barmaqlarını düzgün işlətməyə alışdırdığı üçün ona təşəkkür düşür. Amma, Şirin, bax, sənə deyirəm. Şubertin bu əsəri xatirələr üstündə qurulub. Bəstəkar sanki öz başına gələnləri danışır. Çoxları bilmir ki, öz dövründə Şuberti heç ciddi bəstəkar hesab etməyiblər. O yazıq isə şöhrət tapana kimi fəhləliklə, kafedə işləməklə pul qazanmağa məcbur olub. Bax, bu əsərdə öz acı xatirələrini bölüşür. «Ekspromt»u çalarkən bir az qəmli notlara diqqət yetirmək lazımdır. Elə fikirləş ki, sənin dişin ağrıyır, ifanda da bu ağrını çatdırmağa çalış. Amma sənin ifanın ruhunda şənlik var. Elə bil sən deyirsən ki, mənim dişim ağrıyır, amma kefim kökdür. Belə olmur axı... Düz deyirəm?

  

   Şirin başını tərpədərək müəllimin sözünü təsdiqləyir. yenidən qaldığı yerdən davam edir...

  

   ...Saat 12-də bitməli olan ustad dərsi günortadan sonra da davam edir. Adilə xanım müxtəlif təhsil müəssisələrində təhsil alan gənc pianoçularla böyük həvəs səbrlə məşğul olur. Həmin pianoçular isə bu məşğələyə təkcə valideynləri, ya da tələbə yoldaşları ilə deyil, müəllimləri ilə gəliblər. İncəsənət gimnaziyasının 11-ci sinif şagirdi Əzizə Ələsgərlinin ixtisas müəllimi isə bütün ustad dərsini, şagirdinin çıxışını lentə alır. Deməli, Adilə xanımın qiymətli tövsiyələrindən, maraqlı müqayisələrindən başqa şagirdlərə pay düşəcək. gözəl!

  

   Dərsdən aralanıb akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bəbəlbəylinin fikirlərini öyrənirik:

   - Adiləni mən uşaqlıqdan tanıyıram, ona vunderkind deyirdilər. O hələ məktəbli ikən simfonik orkestrlə birlikdə çıxış edirdi. Adilə gözəl pianoçu olmaqla yanaşı, həm gözəl təşkilatçıdır. Hələ sovet dövründə «Azkonsert» kimi böyük təşkilatın partiya komitəsinin katibi idi. Sonradan onun pedaqoji qabiliyyəti üzə çıxdı. Bilirsiniz, bütün bu xüsusiyyətlər nadir hallarda bir insanda cəmləşir.

   - Fərhad müəllim, yadımdadır, Adilə Əliyeva, hazırda ABŞ-da yaşayan digər xanım pianoçu Validə Rəsulova qadın pianoçuların güclü bilək məsələsinə görə çalmaqdan çəkindiyi fortepiano ilə orkestr üçün əsərləri mükəmməl ifa edirdilər.

   - Elədir. Orkestrlə böyük konsertləri çalmaq fiziki baxımdan qadınlar üçün çətindir. Amma bu xanımlar həmin əsərlərin öhdəsindən gəlirdilər. Hətta o zaman Vasif Adıgözəlov bizim üçün «Dörd piano orkestr üçün konsert» bəstələmişdi. Həmin konserti mərhum Rafiq Quliyev, Adilə Əliyeva, Validə Rəsulova mən Heydər Əliyev Sarayında çalmışdıq.

  

   ...Ustad dərsi isə artıq başa çatıb. Adilə xanım qədər yorğun olsa da, fikirlərini bizimlə bölüşməyə razılaşır:

   - Bilirsiniz, bu məkan mənə çox doğmadır. Musiqinin təməlini burada öyrənmişəm. O vaxt Bülbül adına məktəb bu binada yerləşirdi. Məktəb aşağı mərtəbədə, konservatoriya isə yuxarı mərtəbələrdə idi. Biz bilirdik ki, vaxtsa yuxarı mərtəbələrdə təhsil alacağıq. Bilirsiniz, mənim öz doğma vətənimdə ödənişsiz ustad dərsi verməyim bir növ borcumu qaytarmağımdır. Biz əvvəlki nəsildən öyrəndiyimizi mütləq yeni nəslə ötürməliyik. Mən bir ifaçı kimi Bakıda, bu binada yetişmişəm, mən özümü kimlərəsə oxşatmışam, kimlərdənsə öyrənmişəm. Sizə bir sirr açım. Bu ustad dərslərimdə heç bir peşəkar ifaçının kimlərəsə demədiklərini paylaşıram. Bunu Azərbaycan övladlarına demək mənim borcumdur. Hətta Fransada bir astroloq mənə demişdi ki, həyatda mənim missiyam bildiklərimi öyrətməkdən ibarətdir. Üstəlik, mən gərək əməllərimlə adımı da doğruldam. Adilə ədalətli deməkdir.

   - Adilə xanım, siz Azərbaycan piano ifaçılıq məktəbinin üzdə olan bütün nümayəndələrini tanıyırsınız. Hətta bəziləri Fransada sizin tələbəniz olub. Bu gün isə pianoçu nəslini davam etdirəcək gənclərlə tanış oldunuz. Təəssüratınız necədir?

   - Təhsil Nazirliyi məni ustad dərsləri vermək üçün dəvət edəndə təklif verdim ki, qoy lap balacalar da gəlsinlər. Ümumi təəssüratım belədir ki, akademiyanın da, musiqi məktəblərinin tələbələri hamısı hazırlıqlıdır, ifa etdikləri əsərləri tam mənimsəyiblər. Kimin istedadı qədərdir, bunda işimiz yox! İstedadı Allah verir. Bizim işimiz öyrətməkdir. Hərdən deyirlər ki, çalmağı bacaran pianoçu konsertdə çıxış edir, bacarmayan da öyrədir. Başa düşmürəm, səhnə təcrübəsi olmayan öyrədə bilər? Mən təxminən 25 il öyrənəndən sonra dərs deməyə başlamışam. Dərsdə söylədiklərimi zərrə-zərrə toplamışam.

  

   Bu yerdə tanınmış ifaçı, Xalq artisti, BMA-nın prorektoru Yeganə Axundova söhbətə qoşulur:

   - Mən Adilə xanıma Bakı Musiqi Akademiyası adından təşəkkür edirəm ki, bizim tələbələrlə üç gün məşğul oldu. Adilə xanım tələbələrin çaldıqları bütün əsərləri şəxsən ifa edərək onlara yol göstərdi. Etiraf edim ki, nəinki fortepiano müəllimlərinin, hətta çox məşhur ifaçıların belə geniş repertuarı yoxdur. Tələbələr mənə deyirdilər ki, bəstəkarlar barədə kitablarda olmayan məlumatları, faktları Adilə xanımdan eşitdik. Bu isə onları daha çox oxumağa, öyrənməyə həvəsləndirir. Bir pedaqoq kimi onu deyə bilərəm ki, biz Moskva-Peterburq ifaçılıq məktəbinin əsasında dərs keçirik. Amma Adilə Əliyeva həm Avropa ifaçılıq məktəbini bildiyi üçün onun dərslərində yeniliklər çoxdur.

  

   ...Günün ikinci yarısında da ustad dərsləri davam edəcəkdi deyə, Adilə xanımı suallarımızla yormaq istəmədik. Maraqlananlara deyək ki, noyabrın 3-də saat 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Adilə xanımla görüş olacaq muzeyə gələnlər onun sehrli ifasını dinləyə biləcəklər.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.5.