Görkəmli tarzənin yubileyinə həsr edilmiş konsert

 

 

   Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Xalq artisti Ramiz Quliyevin 70 illik yubileyinə həsr edilmiş “Səslən, tarım” adlı tədbir keçirilib.

   Mədəniyyət və Turizm Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

   Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov tarzənin yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən söz açıb. Bildirib ki, XX əsrin 60-cı illərində əsası qoyulan müasir tar ifaçılığı məktəbinin yaranması və təşəkkülü onun adı ilə bağlıdır. Virtuoz ifaçı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyev sənət fəaliyyəti ilə bərabər, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir. Onun Azərbaycan və xarici bəstəkarların tar ilə fortepiano üçün işləyib köçürdüyü çox dəyərli əsərləri çapdan çıxıb. Ramiz Quliyev bir sıra dərsliklərin, metodiki tövsiyələrin müəllifidir.

   Tədbir konsert proqramı ilə davam edib. Yubilyarın özü ilə yanaşı, respublikamızın tanınmış ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları səsləndirilib, həmçinin sənətkara həsr olunmuş şeirlər oxunub. İfaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblı müşayiət edib.

   Sonda yubilyar çıxış edərək ona göstərilən diqqət və qayğıya, Azərbaycan muğamının və tarının qorunması, dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2017.- 3 noyabr.- S.8.