Nağara
ifaçılığından mahir tarzənliyə
Azərbaycan tar ifaçılığı sənətində adı hörmətlə yad olunan sənətkarlardan biri də Mirzə Fərəcdir. O, mahir ifası ilə dövrünün bir çox görkəmli xanəndələrini müşayiət edib, tar sənətinin gələcək nəsillərə ötürülməsində rol oynayıb.
Mirzə Fərəc Rza oğlu Rzayev 1847-ci ildə Bakıda dünyaya göz açıb. Erkən çağlardan valideynlərini itirir, dayısının himayəsində qalır. Onda musiqiyə həvəs erkən yaşlarından yaranmışdı. Mədrəsədə oxuduğu dövrdə hər dəfə qonşuluqdan musiqi səsi eşidəndə durub pəncərəyə qalxar, dərsi pozarmış. Nazənin adlı xalası qızı yaxşı nağara çalırmış, tez-tez şəhərin zəngin ailələrinin qız toylarına dəvət olunurmuş. Toya gedəndə Fərəci də özü ilə apararmış. Beləliklə, o da nağara çalmağı öyrənir, 14-15 yaşlarından toylarda ifa etməyə başlayır. Bu arada onda tar alətinə də həvəs yaranır. İlk dəfə tarzən kimi bakılı xanəndə Baladadaşla birlikdə məclisdə çıxış edir...
Şərq musiqisini dərindən öyrənmək məqsədilə İrana gedir və bir müddət orada yaşayır. Fars və ərəb dillərini mənimsəyir. Ərəb, yunan və fars alimlərinin musiqiyə dair əsərləri ilə yaxından tanış olur. Müasirləri arasında savadlı və dünyagörüşü yüksək olan bir musiqişünas kimi də tanınır.
Məşədi Məlik Mənsurovun musiqi məclisinin üzvü olan Fərəc məşhur sənətkarlardan tarzən Şirazlı Əlinin, tehranlı kaman ifaçısı Mirzə Səttar və şuşalı tarzən Mirzə Sadıqcanın ifalarını dinləyir, bu ecazkar sənətin sirlərini daha dərindən öyrənir.
1904-cü ildə yenidən İrana gedən musiqiçi Rəşt şəhərində xanın qonağı olur. Sarayda yerli musiqiçilərlə bakılı sənətçilərin yarışı keçirilir. Əvvəl iranlı sənətçilər çalıb-oxuyur. Sonra söz Mirzə Fərəcin dəstəsinə verilir. Müsabiqədə iranlı sənətçilər yorulduqlarını etiraf edib sarayı tərk edirlər. Mirzə Fərəcə qiymətli bəxşişlər verilir. Hədiyyələr arasında sədəflə bəzənmiş və üzərində şahlığın rəmzi olan zərif tar da olur.
Musiqişünas Firidun Şuşinski Mirzə Mənsurun xatirələrinə əsasən yazır ki, Mirzə Fərəc bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bilirdi. O, xanəndələrdən Seyid Mirbabayev, Cabbar Qaryağdıoğlu və Davud Səfiyarov ilə bir neçə il yaradıcı əməkdaşlıq əlaqələri qurub. 1900-1905-ci illərdə kamançaçı Məşədi Qulu ilə birlikdə C.Qaryağdıoğlunu müşayiət edib. Belə bir görkəmli muğam ustası ilə sənət dostluğu etmək Mirzə Fərəcə çox şey verir. Ölkədə kamil tarzən kimi şöhrət tapır. O, ixtiyar yaşında keçdiyi sənət yolunu yada salarkən C.Qaryağdıoğlunu xoş sözlərlə xatırlayır...
Mirzə Fərəc gənc tarzənlər nəslinin yetişməsinə də töhfə verib. Tələbələrinə yaxşı sənətkar olmağın sirlərindən danışarkən deyərmiş: “Kamil tarzən olmaq üçün nadir istedad, uzun, iti barmaqlar və mükəmməl biliyə malik olmaq hələ yetərli deyil. Muğamatı yaxşı bilmək üçün gərək heç olmasa, 5-10 il ustad xanəndə ilə çalıb-çağırasan. Əgər istəyirsiniz ustad tarzən olasınız, böyük xanəndələrlə oturub-durun”.
Bir müddət Keçəçioğlu Məhəmmədi müşayiət edən tarzənin 1907-ci ilin yanvarında Bakıda keçirilən ilk “Şərq gecəsi”ndə “Humayun” muğamını məharətlə ifa etməsi alqışlarla qarşılanır.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Mirzə Fərəc “Şərq konservatoriyası”nda (1920-1921), Ramana fəhlə klubunda (1923), Bakı Musiqi Texnikumunda (1924-1926) tar dərsi deyir. Onu da deyək ki, Mənsur Mənsurov, Paşa Əliyev kimi bir sıra görkəmli tarzənlər Mirzə Fərəcin yetirmələri olublar.
Sənətkar ifaçılıqda hər kəsin öz üslubunun, məxsusi yolunun olmasını məqbul hesab edirdi. Doğrudan da, özgəsini təkrarlamaqla sənətdə uğur qazanmaq mümkün deyil. Ancaq bu gözəl sənəti inkişaf etdirmək və zənginləşdirmək üçün mütləq sənin davamçın olmalıdır.
Tarzənin nəvəsi Ruqiyyə Rzayeva “Mirzə Fərəc haqqında xatirələrim” kitabında yazır: “Babamgilin qonşuluğunda maştağalı Ruqiyyəxanım adlı bir qadın yaşayırmış. Onun Səadət, Pəri, Güləndam adında üç qızı olub. Babam Güləndamla 1885-ci ildə ailə qurur... O, Güləndamı çox yaxşı saxlayır. Məlahətli səsi olduğu üçün ona muğam oxumağı öyrədir. Nənəm Seyid Əzimin qəzəllərini çox sevir. “Bayatı-Şiraz” muğamını özünəməxsus yanıqlı səslə oxuyur... Babam səfərlərdə tez-tez olduğundan nənəm təklik əlindən yorulur. Yanıqlı səslə bu sözləri oxuyarmış:
Saralanda heyvalardan sarıyam,
Qızaranda qızılgüldən alıyam,
Hamı bilir tarçalanın yarıyam
Yarı qürbətdə tək qalan canım...”
Məlum olduğu kimi, ötən əsrin 20-ci illərindən kommunist təbliğatı ilə ölkəmizdə tar əleyhinə kampaniya başlamışdı. Bu acınacaqlı vəziyyət digər incəsənət xadimləri kimi Mirzə Fərəci də ciddi narahat edir. Əlindən bir şey gəlməyən sənətkar özünə qapanır. Bütün günü qapını bağlayıb bu kampaniyaya etiraz əlaməti olaraq tar çalır... Görkəmli tarzən Mirzə Fərəc 1927-ci ildə dünyasını dəyişir.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 3
noyabr.- S.10.