Rus Dram Teatrının qastrolu sona çatır
S.Vurğun adına Azərbaycan
Dövlət Rus Dram Teatrı Rusiyada qastrol səfərindədir.
Kollektiv Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin
«Böyük qastrollar»
layihəsinə qoşularaq,
Smolensk, Pskov və Velikiye Luki
şəhərlərinə səfərə gedib.
Truppa milli dramaturgiyamızın
banisi Mirzə Fətəli Axundzadənin
«Müsyö Jordan və
dərviş Məstəli
şah» və müasir rus dramaturqu Pyotr Qladilinin «Afina axşamları» pyeslərinin
tamaşaları ilə
rusiyalı teatralların
qarşısında çıxış
edib. İzləyicilərin hərarətlə qarşıladıqları hər
iki səhnə əsərinə Xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski quruluş verib. Tamaşalarda əsas rollarda xalq artistləri
Səfa Məmmədhəsənov,
Məbud Məhərrəmov,
əməkdar artistlər
Natalya Şarovskaya, Yevgeniya
Nevmerjitskaya, Fuad Osmanov, aktyorlar Natəvan Hacıyeva, Murad Məmmədov, Oleq Əmirbəyov və başqaları çıxış edirlər.
Qeyd edək ki, teatrımızın tamaşa
oynadığı şəhərlərdə
kütləvi informasiya
vasitələri onlara
xeyli diqqət ayırıblar. Yerli mətbuat
və televiziya kanalları qastrol barədə yazılar dərc edib, süjetlər göstəriblər.
Teatrın sosial şəbəkələrdəki
hesablarında və rəsmi saytında yerləşdirilmiş görüntü
və şəkillər
də göstərir ki, Azərbaycanı təmsil edən rus teatrının çıxışları yerli
sənətsevərlər tərəfindən
maraqla qarşılanır.
Oktyabrın 31-də Smolensk şəhərində
başlanan səfər
Velikiye Luki şəhərində
davam edib. Hazırda kollektiv Pskov şəhərindədir.
Noyabrın 8-də truppa qastrol
turnesində sonuncu tamaşanı oynayaraq Bakıya qayıdacaq.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.3.