İstanbul kitab sərgisindəki Azərbaycan bölməsində təqdimatlar

 

 

   Xəbər verdiyimiz kimi, noyabrın 4-də açılan 36-cı İstanbul Beynəlxalq Kitab Sərgisində ölkəmiz də iştirak edir. TÜYAP sərgi mərkəzində keçirilən sərgiyə 30 ölkədən 700-dək nəşriyyat qatılıb.  

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan milli pavilyonumuzda nazirliyin nəşr etdirdiyi, eləcə də “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının kitabları yer alıb. Sərgi ziyarətçilərinin maraq göstərdiyi Azərbaycan pavilyonunda iki əlamətdar tədbir də keçirilib.

   * * *

   Noyabrın 4-də burada XVIII əsr Azərbaycan poeziyasının parlaq siması Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş mərasim təşkil edilib. Tədbirdə yubiley münasibətilə nazirlik tərəfindən nəşr olunmuşMolla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Molla Pənah Vaqif. Biblioqrafiya” və TÜRKSOY-un 12 dildə çap etdirdiyiDünya dillərində Molla Pənah Vaqif şeirləri” kitablarının təqdimatı olub.

   Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, azərbaycanlı və türkiyəli alimlər Mahirə Quliyeva, Gülşən Seyhan Alışık və Eral Alışık, Vaqif şeirlərinin Ukrayna dilinə tərcüməçisi İvan Pavliin çıxış ediblər.

   Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycanda Molla Pənah Vaqifin yaradıcılığına hər zaman böyük diqqət göstərilib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində Vaqifin məzarı üzərində məqbərə ucaldılıb. Ədəbi-mədəni irsə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması bunun bariz nümunəsidir.

   Çıxışçılar Molla Pənah Vaqifin yaradıcılıq üslubu, şeirlərinin məziyyəti, dilindəki rəvanlıq, eləcə də onun dövlət xadimi kimi fəaliyyətindən bəhs ediblər. Sonra Ləman Qarayeva və Cəfər Mustafayev Vaqifin şeirlərindən nümunələr söyləyiblər.

   Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev mərasimdə iştirak edib.

   * * *

   Noyabrın 5-də TÜYAP sərgi mərkəzindəki pavilyonumuzda türk dilinə tərcümə olunub qardaş ölkədə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib.

   Təqdimatda millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, tərcüməçi Yurdsevən Şən və başqaları çıxış ediblər.

   Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyədə yaşayan soydaşımız Sevinc Fıratın rəhbərlik etdiyi “Zəngin Yayınçılıq” nəşriyyatının birgə layihəsi üzrə 2016-cı ildə Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan yazıçı və şairlərin əsərləri Türkiyə türkcəsinə çevrilərək nəşr olunur və yayılır. İndiyədək 8 kitab işıq üzü görüb. Bu sıraya Mir Cəlalın “Bir gəncin manifesti”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Yusif Səmədoğlunun “Qətl günü”, İlyas Əfəndiyevin “Körpüsalanlar”, Fərman Kərimzadənin “Qarlı aşırım” əsərləri və Əbdürrəhim bəy Haqverdiyevin iki cilddən ibarət hekayələri daxildir.

   Hazırda yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayevin dahi Azərbaycan şairi haqqında yazdığı “Füzulinin poetik xüsusiyyətləri” adlı elmi əsəri türkcəyə çevrilir.

   Təqdimatda elm və mədəniyyət xadimləri, ədəbiyyatçılar, azərbaycanlı tələbələr, media təmsilçiləri iştirak ediblər.

   * * *

   Qeyd edək ki, 36-cı İstanbul Beynəlxalq Kitab Sərgisi noyabrın 12-dək davam edəcək. Sərginin builki fəxri qonaq ölkəsi Koreya Respublikasıdır.

 

Mədəniyyət.- 2017.- 8 noyabr.- S.5.