Nar festivalı
bölgədə turizmi
təşviq edir
Mədəniyyət
və Turizm Nazirliyinin, Göyçay
Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı,
“AzNar” QSC-nin maliyyə dəstəyi ilə 3-4 noyabr tarixində Göyçayda
XII Nar festivalı keçirilib.
Rəsmilərin, millət vəkillərinin,
xarici ölkələrin
diplomatlarının, beynəlxalq
təşkilatların və
diaspor nümayəndələrinin,
digər qonaqların,
xarici turistlərin qatıldığı ənənəvi
festival rəngarəngliyi və
tədbirlərin zənginliyi
ilə əvvəlkilərdən
xeyli fərqlənib.
Əvvəlcə qonaqlar və
ictimaiyyət nümayəndələri
ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül dəstələri
düzüblər. Festival
iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli
müəssisələrin istehsalı
olan nar şirələri paylanılıb.
Xanəndələrin ifasında
nara həsr
olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim
edilib. Tədbir iştirakçıları rayonun
30-dan çox kəndinin
sakinləri tərəfindən
nardan hazırlanan məhsulların sərgisi
ilə tanış
olublar.
Festivalın açılış mərasimində rayon İcra
Hakimiyyətinin başçısı
Mehdi Səlimzadə, mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov çıxış
ediblər. Qeyd olunub
ki, 12-ci dəfədir
təşkil edilən
bu məhsul bayramı Göyçayda
meyvəçiliyin və
turizmin inkişafı
baxımından əhəmiyyət
daşıyır. Həm yerli
əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına
səbəb olan Nar festivalı Azərbaycanın
dünyada təbliğinə
xidmət göstərir,
yerli və xarici media tərəfindən
geniş işıqlandırılır.
Müxtəlif ölkələrdən turistlər məxsusi olaraq bu tədbirə
qatılmaq üçün
bölgəyə gəlirlər.
Çıxışlarda narçılığın iqtisadi cəhətdən gəlirli sahə olduğu vurğulanıb,
narın insan sağlamlığı üçün
böyük əhəmiyyətindən
söz açılıb.
Qeyd edilib ki, bu il Göyçayın
nar bağlarında 50
min tona yaxın məhsul yetişdirilib. Məhsulun yarıdan çoxu Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrə
ixrac edilir.
Meydanda təşkil olunan
kitab sərgisi, nümayiş etdirilən əl işləri, sənət nümunələri
maraqla izlənilib, idmançıların, rəqs
və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları alqışlarla
qarşılanıb.
Festival çərçivəsində “AzNar” QSC-nin dəstəyi ilə yaradılan “Nar” abidəsinin
açılış mərasimi
olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib,
qaliblərə mükafatlar
təqdim olunub. Yerli və xarici qonaqların bir qrupunun “AzNar” zavoduna tanışlıq səfəri təşkil
edilib.
Bayram tədbirində qonaqlar nardan hazırlanan məhsulların, o cümlədən nardançanın, narşərabın, nar şirəsinin, nar mürəbbəsinin, həmçinin milli mətbəximizin nümunələrinin, müxtəlif şirniyyatların dadına baxıblar. Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib, bədii özfəaliyyət kollektivlərinin, aşıqların, musiqi məktəbi şagirdlərinin çıxışları alqışlarla qarşılanıb. Sonda incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.
Festivalın ikinci günü Heydər
Əliyev parkında nar və nar məhsullarının
satış-yarmarkaları təşkil olunub,
“Nar kuboku” uğrunda futbol
yarışı, “Ən böyük nar” müsabiqəsi keçirilib.
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.9.