Şəkərli həyat heç
də həmişə şirin olmur
Bir neçə gündür ki, İçərişəhərdəki "Art Tower" rəsm qalereyasında türkiyəli heykəltəraş Sevincinin "Şəkərsiz" ("Sugar Free") adlı sərgisi nümayiş olunur.
Sərgi Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına, Türkiyə Respublikasının elan edilməsinin 94-cü ildönümünə həsr edilib.
İnsanları, xüsusilə də böyüyən nəsli hədsiz şəkər qəbulundan uzaqlaşmağa çağıran, maarifləndirici xarakterli sərgi həm heykəltəraşın sosial çağırışı, həm də təqdim etdiyi kiçik həcmli nümunələrinin materialları ilə diqqəti çəkir. Rəssamın qeyri-adi "desertləri" hamımızın alışdığı ənənəvi "şirin zəhər" desertlərindən fərqlənməsi ilə insan təxəyyülünü heyran edir.
Jurnalistlərin suallarına cavab verən Sevinci xanım deyir ki, bu gün şəkər - "uşaqlar üçün əsl alkoqol" sayılır, çünki insan orqanizmi alkoqol kimi şəkərə də psixoloji baxımdan tez öyrəşir: "Uşaqlarınızın kulinariya-yeyinti sənayesinin qurbanına çevrilməsinə imkan verməyin. Mən öz əsərlərimlə şəkərsiz keçinməyin yollarını göstərməyə çalışıram. Məqsədim şəkər ilə savaşı udmaqdır. Bu yaradıcı mübarizədə hiperrealizm, pop-art və abstraksionizmdən istifadə edirəm".
Sərgi noyabrın 12-dək davam edəcək.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.11.