Kaliforniyada Fikrət Əmirov və Niyazinin əsərləri səslənib
ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində “Sakramento Gənclər Simfoniyası” (“Sacramento Youth Symphony”) orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Niyazinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirilib ki, dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi “Sakramento Gənclər Simfoniyası” ABŞ-ın ən tanınmış simfonik orkestrlərindən hesab olunur.
Baş konsulluğun dəstəyi ilə keçirilən konsertə minədək tamaşaçı qatılıb. Konsertdən əvvəl çıxış edən baş konsul Nəsimi Ağayev qonaqları salamlayaraq Azərbaycan haqqında məlumat verib, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. Klassik musiqi irsimiz barədə danışan N.Ağayev Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu qeyd edib. Baş konsul konsertin ərsəyə gəlməsində göstərdiyi səylərə görə “Sakramento Gənclər Simfoniyası”nın direktoru Maykl Nyumana, musiqiçilərimizə, həmçinin Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarovaya təşəkkürünü bildirib.
Konsertdə orkestri azərbaycanlı gənc dirijor Mustafa Mehmandarov idarə edib. Gənc müğənni Mərziyyə Hüseynova
orkestrin müşayiəti
ilə Fikrət Əmirov və Niyazinin məşhur əsərlərini ifa edib. Tədbirdə Fikrət Əmirovun
həyat və yaradıcılığını əks etdirən videoçarx da nümayiş etdirilib.
Tamaşaçılar tərəfindən gurultulu və ayaq üstə alqışlanan konsert proqramı F.Əmirovun “Azərbaycan kapriççiosu”
ilə yekunlaşıb.
Konsertdən sonra qonaqlara
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət
Cəmiyyəti tərəfindən
milli mətbəximizin
təamları təqdim
olunub.
Mədəniyyət.- 2017.- 8
noyabr.- S.16.