Gülüş «Qonaqlığı». Gülə bildinizmi?

 

 

 

   Neçə gündən bəri R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının afişa lövhəsini bəzəyən «Qonaqlıq» baş tutdu. Noyabrın 10-da teatra yığışanlar əslində onları necə bir qonaqlığın gözlədiyindən xəbərsiz idilər. Yəni, müəllifin, iştirakçıların adları afişada var idi. Amma quruluşçu rejissorun adının göstərilməməsi tamaşaçını bir qədər çaşdırırdı.

   Çaşqınlıqlara tamaşa başlayınca aydınlıq gəldi. Məlum oldu ki, «Qonaqlıq» tanınmış yumorist Əhməd Orucoğlunun illər boyu qələmə aldığı monoloq və dialoqların bir-birinin ardınca düzülməsindən ibarət proqramdır (elə qonaqlıq üçün təsdiqlənmiş menyu da belə olur: yeməklər bir-birinin ardınca süfrəyə verilir).

   Monoloq və dialoqları tamaşaçılara çatdıran Xalq artisti Cəfər Namiq Kamalonun sənət dostları - Gənc Tamaşaçılar Teatrının aktrisaları Zemfira Əbdülsəmədova ilə Hüsniyyə Əhmədova idi. Kiçik səhnəciklərə keçidlər hər iki aktrisanın məşhur mahnıları proqramın ruhuna uyğun yeni mətnlə ifa etməsi ilə doldurulurdu.

   Əslində, vahid rejissor xətti olmayan «Qonaqlıq» yumoristik proqramını müəyyən qədər uğurlu layihə hesab etmək olar. Çünki bu gün istər televiziya ekranını, istərsə də böyük ekranı bürümüş kommersiya layihələrinin çoxu seyrçiləri güldürməyə hesablanıb. Məsələ ondadır ki, həm güldürənlər, həm də gülənlər satirayumorun hazırkı səviyyəsindən, hədəflərin düzgün seçilməməsindən, mövzuların təkrarlanmasından, janrın məişət çərçivəsini aşa bilməməsindən şikayətçidir. Amma «Qonaqlığ»ın afişasında adı yazılan dörd nəfərin - bir müəllif və üç iştirakçının belə şikayətlər etdiyinieşitdik, nə də oxuduq. Onlar, sadəcə, bacardıqlarını təqdim etdilər.

   Uzun illərdən bəri itirilmiş canlı gülüş axşamı ənənəsinin bərpa olunduğunu sana bilərik. Ola bilsin ki, ilk «Qonaqlıq»da menyu salona toplaşan hər kəsin ürəyincə olmadı. Hər halda yumor süslü, zarafat dolu tamaşa baş tutdu. Davamını gözləyirik.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.6.