“Müsyö Jordan və dərviş Məstəli şah” Şuşa
teatrının təqdimatında
Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası göstərildi.
Teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada Mirzə Ələkbər Sabirin bəhri-təvillərindən, Səməd Mənsurun “Rəngdir” və “Gülməlidir” qəzəllərindən istifadə olunub. Rolları Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov və Azad Məmmədov ifa edirdilər.
Məşhur əsərin növbəti səhnə yozumunda XIX əsrin ortalarında Qarabağ həyatı, məişət və cəmiyyətdə hökm sürən cəhalət, ətalət, gerilik yumoristik bir tərzdə tənqid olunur. Gənclər yeniliyə və müasir biliklər almağa dəvət olunur.
Tamaşanın quruluşu və aktyorların peşəkar oyunu, musiqi tərtibatı maraqla qarşılandı.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 15
noyabr.- S.5.