“Çıraqqala” tarix-memarlıq qoruğuna yürüş
təşkil olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ölkəmizdə aktiv turizmin təbliğ olunması məqsədilə yeni layihənin icrasına başlayıb. Layihə ölkəmizdə ekoturizmin dəstəklənməsi, təbii gözəlliklərin tanıdılması, tarix və mədəniyyət abidələrinin təbliği və gənclərin bu marşrutlara cəlb olunmasını hədəfləyir.
“Gənclər arasında aktiv turizmə böyük maraq var”
Noyabrın 10-da ilk olaraq Şabran rayonu ərazisindəki “Çıraqqala” tarixi-memarlıq qoruğuna yürüş təşkil olundu. Yürüşdə ekoturizm üzrə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri və bu turizm növünün həvəskarları iştirak edirdi.
Layihə barədə məlumat verən Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov bildirdi ki, məqsəd aktiv turizmin təşviqi, gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, tarixi abidələrimizin təbliğidir: “Son illər ölkəmizdə turizm sənayesinin müxtəlif növləri inkişaf etməkdədir. Gənclər arasında da aktiv turizmə böyük maraq var. Buna görə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də bu turizm növü ilə məşğul olan şirkətlər ilə bu layihəni gerçəkləşdirdik”.
Məlumat verildi ki, layihə çərçivəsində ölkəmizdəki qoruqlarda turizmin müxtəlif növlərinin (piyada, dağçılıq, atçılıq və s.) inkişafı, yeni turizm marşrutlarının təşkili, turlara dair məlumat kitabçalarının hazırlanması, marşrutlar üzrə istiqamət göstəriciləri və məlumat lövhələrinin quraşdırılması planlaşdırılır.
Faiq Qürbətov diqqətə çatdırdı ki, ilk səfərin gerçəkləşdirildiyi Çıraqqalaya qalxan yolun üzərində məlumat lövhələri və yolgöstərici nişanlar qoyulub. Bu da tarixi abidəni görmək istəyən yerli və xarici turistlərin rahat, təhlükəsiz şəkildə yürüş etmələrinə yardımçı olacaq. Layihə üzrə belə yürüşlərin davamlı təşkil olunması nəzərdə tutulub.
Yürüş zamanı “Çıraqqala” tarix-memarlıq qoruğunun direktoru Cavid Xudaverdiyev məkan və tarixi abidə haqqında iştirakçılara geniş məlumat verdi.
Dar cığırlar,
dumanlı hava, sıldırım qayalar...
Havanın çiskinli, dumanlı
olmasına baxmayaraq ekoturizm həvəskarları
dəniz səviyyəsindən
1232 metr yüksəklikdə
yerləşən Çıraqqalaya
yürüş etmək
fikrindən daşınmadılar.
Ekoturistlər qalaya qalxan dar cığırlı yolun üzərində 11 istiqamət göstərici
dirəkləri quraşdırdılar.
Cığırların sıx meşə
ilə əhatə olunması səbəbilə
ziyarətçilərin yürüşü
daha asanlıqla keçmələri üçün
ağaclara da xüsusi rənglərlə
işarələr vuruldu.
Qalaya qalxan cığırın
ümumi uzunluğu
2890 metr, başlanğıc
hündürlüyü isə
dəniz səviyyəsindən
640 metr yüksəklikdədir.
Layihə çərçivəsində
tarix-memarlıq qoruğunun
girişində qalaya aparan yol cığırlarının
xəritəsi, hündürlük,
yolun uzunluğu, qalanın kənarında isə bu tarixi
məkan haqqında məlumat lövhələri
qoyulub.
Bizimlə birgə bu zirvəyə qalxan Sirxan Məmmədov ekoturizm sahəsində fəaliyyət göstərən
turizm şirkətlərindən
birində çalışır.
O deyir ki, hər ay bir neçə dəfə turistləri bu məkana gətirir. Həm yerli, həm də xarici turistlərə bələdçilik etdiyini
deyən həmsöhbətim
qoruğun turizm baxımından əhəmiyyətli
olduğunu bildirir: “Bu
cığırlarla qalaya
qalxmaq çətinlik
dərəcəsinə görə
sadədir. Meşənin içərisindən keçən bu marşrutu ilin dörd fəslində qalxmaq olar. Özünü sağlam
hiss edən hər bir şəxs rahatlıqla bu marşrutla qalaya qalxa bilər”.
Biz yürüşə
hazırlaşarkən ABŞ-ın ölkəmizdəki
səfirliyinin əməkdaşı
Karter Vilbur da ailəsi ilə birlikdə qalanı ziyarətə gəlmişdi. İstiqamətimiz eyni olduğu üçün birlikdə
yolçuluq etdik.
Yolboyu Karter Vilburdan ölkəmiz haqqında fikirlərini öyrənməyə
çalışdıq. O və həyat yoldaşı Sara Azərbaycan
dilini də öyrənə biliblər,
ölkəmizlə müəyyən
qədər tanış
olublar. Səfirlik əməkdaşı deyir
ki, Azərbaycanın çox gözəl təbiəti, mədəniyyəti
və tarixi abidələri var: “Azərbaycanın turizm potensialı zəngindir. Ölkənizdə bir çox
tarixi yerlərdə olmuşam. Çıraqqala haqqında da
çox eşitmişdim.
Bu gün də
həyat yoldaşım
və oğlumla buranı görməyə
gəldik. Çox maraqlı
məkandır. Buraya qalxmaq
elə də çətin deyil. Düşünürəm ki, biz bura yenə gələcəyik”.
Bir neçə saatlıq
davam edən yürüş maraqlı
anlarla yadda qaldı. Odur ki, hava şəraitindən asılı
olmayaq ekstrim həvəskarları Çıraqqalaya
yürüş etməyə
tələsə bilərlər.
Qeyd edək ki, Çıraqqala Böyük
İpək Yolu üzərində Gilgilçay
müdafiə divarının
ən yüksək nöqtəsi olaraq V-VI əsrlərdə tikilib.
Hündürlüyü 100-120 metr olan
sıldırım qayanın
üzərində ucalan
baş qüllədən
bir tərəfdən
Dərbənd, digər
tərəfdən Beşbarmaq
səddinəcən dəniz
sahili boyu ərazini nəzarətdə
saxlamaq mümkün olub. 17 bürcdən
ibarət qala əsasən yerli daşlardan və bişmiş kərpicdən
inşa edilib. Divarların hündürlüyü 8-10 metr,
qalınlığı isə
3-4 metrdir.
Azərbaycanın
tarixi irsinin və xalqımızın
memarlıq ənənələrinin
mühüm nümunələrindən
olan abidələr kompleksinin gələcək
nəsillər üçün
saxlanılmasının, bərpasının
və mühafizəsinin
təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də Prezident Heydər Əliyev tərəfindən
xüsusi sərəncam
imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
2006-cı il 27 sentyabr tarixli sərəncamı ilə
abidələr kompleksinin
ərazisi “Çıraqqala”
tarix-memarlıq qoruğu
elan edilib.
F.Hüseynov
Mədəniyyət.- 2017.- 15
noyabr.- S.9.