Ölkəmizin turizm imkanları Bəhreyn Krallığında təqdim edilib

 

   İran Körfəzi ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axınının daha da artırılması çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilir. Bəhreyn Krallığında təşkil olunan növbəti təqdimatda nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

   Tədbirdə “Gulf Air” şirkətinin direktoru Valed Abdul Hameed Əl-Əlavi, Azərbaycanın İran Körfəzi ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri, 50-dən çox turizm şirkəti və mehmanxananın rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

   Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm sahəsinin son illər sürətlə inkişaf etdiyini, ölkəyə gələn turistlərin sayının artdığını, respublikamızın xüsusən ərəb ölkələrinin turistləri üçün cəlbedici olduğunu deyib.

   Bildirilib ki, Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar nəticəsində Körfəz ölkələrindən Azərbaycana gələn turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq edilərək hava limanlarında viza almaq imkanı yaradılıb. Eyni zamanda ASAN Viza sistemi vasitəsilə 3 gün müddətində elektron qaydada vizaların əldə olunması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, turistlərin rahat və təhlükəsiz səfərlərinin təşkil olunması müvafiq normativ-hüquqi bazanın yenilənməsinin məntiqi nəticəsidir.

   Nazir çıxışında ölkəmizin Bəhreyndən daha çox turist qəbul etməkdə maraqlı olduğunu deyib. Vurğulanıb ki, bu ölkədən turist sayının artırılması üçün hər cür imkanlar var, bununla bağlı təbliğat işləri genişlənəcək. Əbülfəs Qarayev təqdimatda iştirak edən turizm sənayesi nümayəndələrini bu əməkdaşlıqda aktiv fəaliyyətə dəvət edib. Diqqətə çatdırılıb ki, Bəhreyn turistlərinin səfərləri üçün mədəni, dini, sağlamlıq, dağ-xizək, şopinq, ovs. turizm növlərinin Azərbaycanda mövcud olması bu əlaqələrin daha da inkişaf etməsi üçün imkanlar yaradır.

   Daha sonra Azərbaycanın İran Körfəzi regionu üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri ölkəmizin təqdimatını keçirib, Azərbaycanı turizm ölkəsi kimi cəlbedici edən imkanlardan, o cümlədən iqlimin əlverişliliyi, insanların qonaqpərvərliyi, İslam dininə uyğun olaraq halal turizm imkanlarından bəhs edib.

   Qeyd olunub ki, son illər Körfəz ölkələri ilə sıx fəaliyyət nəticəsində Azərbaycana birbaşa uçuşlar həyata keçirən ərəb ölkələri hava yolu şirkətlərinin sayı artıb. Eyni zamanda həm kütləvi informasiya, həm də digər təbliğat vasitələrində yeniinkişafda olan turizm destinasiyası kimi Azərbaycana marağın olduğu vurğulanıb.

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.4.