Saylarımızın mifikliyi haqqında nə bilirik?

 

 

 

   Hər bir ənənəvi mədəniyyət üçün xarakterik olan saylar var. Onların hansı saylar olması həmin mədəniyyətin bazasını təşkil edən mifoloji dünya modeli ilə bağlıdır. Mifologiyada saylar dünyanı qavrayışın mühüm vasitəsi kimi çıxış edir.

   Filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı bu sahədə araşdırmaların müəllifidir. Alim deyir ki, mifologiyada saylar dünyanın yalnız kəmiyyət baxımından qavranma vasitəsi deyil: “Say insanın dünyanı anlamasında faydalandığı gərəkli abstrakt anlayışlardan biridir. Qədimlərdə saylar keyfiyyətcə müxtəlifcinsli düşünülür, onların fövqəltəbii gücə malikliyi müəyyən vasitələrlə təsdiqlənir, bəzilərinə tam üstünlük verilirdi. Bu mənada dünya xalqlarının hər birini fərqləndirib əsas, vacib saydığı saylar mövcuddur”.

   Alimin fikrincə, mifik dünya modeli iki hissəyə bölünür - gerçək dünya və xariqüladə dünya. Dünya şaquli xətt üzrə ən azı üç hissəyə, üfüqi xətt ilə mərkəzi dayaq nöqtəsi qatılmaqla dörd yönə ayrılır: şərq, qərb, şimal, cənub. Dünyanın əsas ölçülərinin cəmi yeddidir: 4 (yer üzünün dörd istiqaməti) + 1 (mərkəz) + 1 (yuxarı) + 1 (aşağı). «Yeddi» sayının geniş yayılmasının səbəbini dünyanın quruluşunun parametrləri ilə bağlayırlar.

   Sayların müqəddəsliyini Azərbaycanda ilk araşdıran böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlidir. O, yazılarında 3, 7, 9, 40 rəqəmlərinin kökü məsələsinə toxunub və «Məlikməmməd» nağılından danışanda onların sakrallığına ayrıca diqqət yetirib. Padşahın üç oğlunun dünyaya gəlməsi, quyuda üç mağarada üç divin yanlarında üç qız saxlaması, Məlikməmmədin divlərlə 40 gün, 40 gecə güləşməsi, Zümrüd quşunun 40 şaqqa ət, 40 tuluq su götürməsi, 40 gün, 40 gecə toy olması epizodlarını mifoloji düşüncənin məhsulu sayıb. Y.V.Çəmənzəminliyə görə, yeddi sayı o səbəbə müqəddəsdir ki, onda insanın yaşaması üçün qaçılmaz olan və Zərdüşt fəlsəfəsində yerə məxsus dörd (torpaq, su, hava, od) və göyə məxsus üç (günəş, ay, ulduz) ən əsas ünsür birləşib (4+3=7).

   R.Qafarlı: “Zərdüştlükdə və qam təsəvvürlərində hər rəqəmin öz xarakteri olduğu göstərilirdi: Bir - «Avesta»da «ruh və canlılıq» anlamında işlənir, yazın gəlişi ilə bağlanır. İki - ədaləti, üç - bütövlüyü, dörd - ucalığı, yüksəkliyi, beş - ölümsüzlüyü, əbədiliyi, altı - hakimiyyəti, yeddi - evliliyi, səkkiz - saflığı, duruluğu, doqquz - odu, on - uğurlu əməli, on bir - xeyirli düşüncələri, on iki - müqəddəsliyi, on üç - dünyanın sonunu bildirirdi”.

   Müqəddəs sayların geniş yayılmış yozumlarını Azərbaycan türklərinin mifoloji görüşləri əsasında ümumiləşdirəndə maraqlı mənzərə yaranır.

   Bir - sakral başlanğıcı ifadə edir. Təkallahlı dinlərə aid mifik dünya modellərində bir qayda olaraq vahidlik tamlıq, kamillik anlamında götürülür.

   İki - dual kosmoqonik başlanğıcdır. Burada xeyirlə şər, işıqla qaranlıq, yaxşı ilə pis qoşalaşır dünyanın əkslikləri doğulur.

   Üç - dünyanın şaquli struktur modelidir. Yazıçı-alim Y.V.Çəmənzəminli «Duvaqqapma» adətindən danışanda deyir ki, azərbaycanlılar gəlin köçürəndə gəlinin üzünə lampa, yaxud şam işığı, güzgü tutur, başına şirni, noğul, pul səpirlər. Qədimlərdə lampa əvəzinə şam, şirni məcməyisi yerinə duvaq işlədirdilər. Bu adətdə üç amilin iştirak etdiyinə nəzər salan Y.V.Çəmənzəminli belə bir şərh verir ki, Şam Zərdüştün nuruna, ocaq bina salmağa işarədir. Xalılar taxt gəlinin ev olub yaşamasının, şirni irəlidə dadlı xoşbəxt vaxt keçirməsinin, duvaq bərəkətin rəmzidir.

   Mifoloq R.Qafarlının sözlərinə görə, dörd - dünyanın üfüqi struktur modelidir. Mifologiyada durğun bütövlüyü rəmzləşdirən üçdən fərqli olaraq dörd hərəkətli tamlığın obrazıdır. Bu, dünyanın yaranmasında iştirak edən dörd ünsürlə əlaqədardır. Başlanğıcda gələn üç ünsürlə - su, od, torpaqla hər şey yaransa da, cansız, hərəkətsiz idi. Yalnız dördüncü ünsürün - havanın (ruhun) qatılması ilə dünyada həyatın əsası qoyulur, canlılıq yaranır, zaman irəli gedir.

   Beş - dünyanın zaman modelidir. El arasında tez-tez işlənən “beş gün” ifadəsində vaxtın qısalığına, azlığına işarə olunur.

   Altı - dünyanın üfüqişaquli modeli sayılır. Oğuz türklərinin təsəvvüründə iki üçlüyün vəhdətini bildirir. Birinci üçlüklə kosmos (Gün, AyUlduz), ikinci üçlüklə isə Yeronun orbiti (Dağ, Dəniz və Göy) yaranıb. Dünyanın yerdə qalan elementləri altıdan törəyib.

   R.Qafarlının fikrincə, yeddi - dünyanın vəhdətinin struktur modelidir: “Maraqlıdır ki, iki əsas rəqəmin - üçdördün toplanmasından yeddi alınır və onunla bütün kainatın yeddiqatlı modeli qurulur: ona görə də mifoloji strukturlarda bu rəqəm səyyarələrin, planetlərin payına düşür. «Yeddi» rəqəminin sakrallaşmasına qədim türk-runik abidələrində, klassik Azərbaycan şairlərinin yaradıcılığında, nağıl və eposlarda təsadüf edilir. Göytürk imperiyası dövründə türklər arasında «yeddi» rəqəmi göylə yerin birliyini bildirirdi”.

   Doqquz - dünyanın bütövlük modeli sayılırdı.

   On iki - əcdadlarımızın əqidəsində tamlaşmanı, bütövləşməni bildirirdi. İnsan dünyaya gələndən sonra on iki ili başa vururdusa, yetkinləşdiyi zənn olunurdu.

   Qırx - dünyanın ritual modelidir. R.Qafarlı: “Harada 40 varsa, orada dünya modelinin bir qatından o birinə keçidi nəzərdə tutan ritual var: “40 günlük toy, 40 günlük yas, 40 günlük zahılıq müddəti və s. «Qırx düyməli paltar», «qırx otaq», «qırx dəvəli yük» deyəndə ilk baxışda sakrallıq hiss olunmur. Lakin düymələr açılıb sona çatan kimi yenidən bağlananda bu rəqəmin arxasında sirli aləm gizləndiyi üzə çıxır”.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 15 noyabr.- S.15.