Milli rəqs sənətinin ulduzu
Xalq artisti Xumar
Zülfüqarovanın 90 illiyi ilə
bağlı tədbir keçirildi
Noyabrın 15-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində milli rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 90 illiyi ilə bağlı tədbir keçirildi.
Tədbiri muzeyin direktoru Sevinc Mikayılova açaraq sənətkarın ömür yolundan danışdı. Bildirdi ki, milli rəqs ənənələrinin qorunması, təbliği və gənclərə professional şəkildə öyrədilməsində Xumar Zülfüqarovanın böyük xidmətləri olub.
Qeyd olundu ki, Xumar xanım 15 noyabr 1927-ci ildə Bakıda teatr və kino aktyoru Rza Əfqanlının ailəsində dünyaya göz açıb. 1945-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət qastrol və konsert birliyinin ilk baş baletmeysteri olub.
Sənətkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurub, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. Onun “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında parlaq çıxışları maraqla qarşılanıb. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənəti nümunələrini yüksək səviyyədə təbliğ edib.
Xumar xanımın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 2009-cu il 14 dekabr tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. Xumar Zülfüqarova 3 iyul 2017-ci ildə vəfat edib.
Rəqqasə, xoreoqraf-baletmeyster, Xalq artisti Roza Cəlilova çıxış edərək bildirdi ki, Xumar Zülfüqarova öz sənətində Azərbaycan milli ruhunu yaşatmaqla yanaşı, gənclərin də bu sahədə yetişməsinə böyük əmək sərf edib. 1950-ci ildən Bakı Xoreoqrafiya Məktəbində (indiki Bakı Xoreoqrafiya Akademiyası) pedaqoji fəaliyyət göstərən sənətkar 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraflar yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu məhz onun yetirmələridir.
Görkəmli rəqqasənin yetirmələrindən Tofiq Eynullayev, Afaq Hüseynova çıxış edərək unudulmaz müəllimləri haqda xoş sözlər söylədilər. Qeyd etdilər ki, Xumar Zülfüqarova müəllim kimi tələbələrinə qarşı çox tələbkar, həm də qayğıkeş idi. Sənətin sirlərini tələbələrinə öyrətməkdən yorulmazdı.
X.Zülfüqarovanın nəvəsi Anar Zülfüqarov tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin təşəkkürünü bildirdi.
Sonda Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin “Buta” rəqs qrupunun ifasında milli rəqs nümunələri təqdim olundu.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 17
noyabr.- S.6.