O Nigarın qəlbindəki sevda ki var...

 

 

 

   Noyabrın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Koroğlu» dastanının motivləri əsasında hazırlanmış «Eşq-i Nigar» məhəbbət dastanı-tamaşasının premyerası keçirilib. Layihə Bakıdakı Yunus Əmrə İnstitutu ilə birgə ərsəyə gəlib.

   İlk nümayişdən əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov Yunus Əmrə İnstitutunun direktoru İbrahim İldırım tamaşaçıları salamlayıblar. İ.İldırım birgə layihənin iki qardaş ölkə arasında mədəni körpülərin daha da möhkəmlənməsinə bir töhfə olduğunu söyləyib. M.Həmidov isə ortaq türk mədəniyyətinin təbliği qarşılıqlı layihələrin gerçəkləşməsinin vacibliyini vurğulayıb, əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.

   Dastanın tamaşa versiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimovadır, səhnə əsərinin plastik həlli Ceyhun Dadaşova məxsusdur. Tamaşada aktyorlardan Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev Vahid Orucoğlu rol alıblar.

   «Koroğlu» dastanında bitkin süjet xətləri bol olsa da, “Eşq-i Nigartamaşası məşhur xalq qəhrəmanına hökmdar qızı Nigarın münasibəti üzərində qurulub. Bununla belə, quruluşçu rejissor dastandakı lirik məqamları qabartmaqdan çox, dastanın qəhrəmanlıq eposu olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkib. Tamaşa yeniyetmə gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq, sevgiyə sədaqət kimi duyğuları aşılamaq məqsədi daşıyır.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.5.