Paytaxtımızda IV Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir

 

 

 

   Azərbaycan paytaxtı dördüncü dəfə Beynəlxalq turizm filmləri festivalına ev sahibliyi edir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

   Noyabrın 15-də Nizami Kino Mərkəzində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (BBTFF) başlanması münasibətilə mətbuat konfransı keçirildi.

   Mətbuat konfransında festivalın münsiflər heyətinin rəhbəri Can Saracoğlu, “Salnamə” studiyasının direktoru Nazim HüseynovTurizm Filmləri Festivalları Beynəlxalq Komitəsinin (CIFFT) direktoru Aleksandr Kammel iştirak edirdi.

   Nazim Hüseynov bildirdi ki, festivala film qəbulu oktyabrın 1-də başa çatıb. Bu müddətdə festivalın seçim komissiyasına 70 ölkədən 424 film təqdim edilib. Komissiya filmlər arasında seçim apararaq müsabiqə proqramını müəyyən edib və 40 ölkədən 84 film müsabiqəyə qəbul olunub.

   Azərbaycan festivalda “ölkə, region, şəhər” kateqoriyasında “Azərbaycan. Ecazkar diyar”, “Bakı. Əsrlərin aynasında”, “Azərbaycanın ruhu” və “Vulkanın nəfəsi” filmləri ilə təmsil olunur.

   Turizm Filmləri Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel qeyd etdi ki, festival müxtəlif ölkələrdən rejissorların bir araya gətirilməsi və təcrübə mübadiləsi üçün mühüm imkanlar açır. Festivalın artıq ənənəyə çevrilməsi də Azərbaycanın həm turizm potensialının tanıdılması, həm də kino sənayesinin inkişafına öz töhfələrini verir: “Bakıda keçirilən Beynəlxalq Turizm Filmləri Festivalına böyük maraq var. Bunu festivala qatılmaq üçün təqdim olunan filmlərin sayı da sübut edir. Film şöləni bu il üçün Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin dəstəyi ilə təşkil olunan sonuncu festivaldır. Bundan sonra il ərzində turizm filmləri festivallarında uğur qazanan ilin ən yaxşı turizm filmləri VyanadaQran primükafatının təqdim olunması üçünFestivallar festivalı”nda da yarışacaqlar”.

   Aleksandr Kammel belə tədbirlərin ölkələrin xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğuladı.

   Münsiflər heyətinin rəhbəri Can Saracoğlu festivalın Azərbaycanın turizm potensialının daha geniş coğrafiyada tanıdılmasına təkan verəcəyini dedi. Qeyd etdi ki, turizm filmləri festivalı dünyanın 18 ölkəsində keçirilir: “Qardaş Azərbaycanın da belə bir festivala ev sahibliyi etməsi bizim üçün çox sevindirici haldır. Festivalda biri-birindən maraqlı filmləri görə biləcəyik. Düşünürəm ki, gələcəkdə bu festivalın əhatəsi genişlənəcək, təqdim olunan filmlərin keyfiyyəti daha da yüksələcək”.

   Mətbuat konfransının iştirakçıları jurnalistlərin suallarını cavablandıraraq festivalın böyük perspektivləri olduğunu vurğuladılar. Bildirildi ki, festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Türkiyədən Can Saracoğlu, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir. Təqdim olunan filmlərin bədiiliyi, rejissor işiturizm baxımından informasiyalılığı qiymətləndiriləcək.

   Festivala 5 kateqoriya üzrə (ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri və TV məhsulları) filmlər təqdim olunub. Hər kateqoriya üzrə ilk üç yeri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüşbürünc medallara, diplompul mükafatlarına layiq görüləcək. Festivalın ən yaxşı filminə isə “Qran pri” təqdim olunacaq. Yerli filmlər eyni zamanda milli mükafat uğrunda da mübarizə aparırlar.

   Qeyd edək ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festival çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, müzakirələr, film müəllifləri və turizm mütəxəssisləri ilə görüşlər də keçirilir. Tədbirə xarici ölkələrdən 20-dək qonaq dəvət olunub.

   * * *

   Noyabrın 16-da Nizami Kino Mərkəzində festivalın beynəlxalq münsiflər heyətinin üzvləri və qonaqları üçün çay süfrəsi təşkil olunub. Tədbirdə ölkəmizdə çayın yaranma tarixi, Azərbaycan xalqının məişətində və mədəniyyətində önəmli yeri, adət-ənənələrimizin ayrılmaz tərkib hissəsinə çevrilməsi və s. haqqında qonaqlara məlumat verilib, incəsənət nümayəndələrinin iştirakı ilə bədii proqram nümayiş etdirilib.

   IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri noyabrın 17-də axşam keçiriləcək mərasimdə elan olunacaq.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.8.